Dünya

Türkiyədə növbəti çevriliş cəhdi: Onun arxasında kim dayanır?

“Dövlət çevrilişinə cəhd məsələsi bu səviyyədə müzakirəyə çıxarılıbsa, deməli real təhlükə mövcuddur”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Türkiyədə dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanın xəbərdarlığını şərh edərkən deyib.

Arif Əliyev vurğulayıb ki, dövlət çevriliş cəhdi ilə bağlı müzakirələr son günlər qonşu ölkələrin bir çoxunda aktuallaşıb:

“Gürcüstanda, Ermənistanda da dövlət çevrilişinə cəhdlə bağlı narahatlıq var.Türkiyədə də həmçinin yenidən bu söhbət aktuallaşıb. Belə durum isə bütövlükdə regionda vəziyyətin son dərəcədə gərginləşməsinin göstəricisidir. Bu halda heç nəyi istisna etmək mümkün deyil. Türkiyə hökuməti hər hay-küyə gedən, şaiyələrə uyan dövlət deyil”.

Təhlilçi bəyan edib ki, dövlət çevrilişi məsələsi bu səviyyədə müzakirəyə çıxarılıbsa, deməli real təhlükə mövcuddur:

“Eyni zamanda, Türkiyə və Cənubi Qafqazın çəkisinin artması, müəyyən layihələrdə onların yerinin görünməsi belə təhlükəli məqamları da aktuallaşdırır. Türkiyənin istər Yaxın Şərqdəki proseslərə, istər Ukrayna və Rusiyaya, istərs də Cənubi Qafqaza təsir məsələsində rolu kifayət qədər böyükdür. Bütün bunlar təhlükələr, risklər olmadan həyata keçirilə bilməz. Düşünürəm ki, məsələ Ərdoğan səviyyəsinə qalxıbsa, dövlət çevrilişi təhlükəsi şou deyil, real təhlükələrədn xəbər verir”.

Türkiyə üçün belə təhlükələrin haradan qaynaqlandığına gəlincə, həmsöhbətimizə görə, münasibət və ziddiyyətlərin həddən artıq kəskinləşməsi fonunda gələn təhlükələr çoxsaylı müxtəlif istiqamətlərdən ola bilər:

“Həmişə, hər şeydə müəyyən daxili qüvvələrin müəyyən maraqları və həmin maraqlar ətrafında birləşən, ona təsir göstərən xarici qüvvələr də olur. Çevriliş təhlükəsinin haradan gəldiyini konkret çözməyə başlasaq görərik ki, Türkiyədə daxili vəziyyətin qarışmasına çalışanlar çoxdur. Ona görə də Türkiyədə çevriliş etməkdə kim maraqlı ola bilər deyil, kim olmaya bilər sualını vermək daha düzgün olardı”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı xəbərdarlıq alıb və ondan dərhal sonra kəşfiyyat və ədliyyə rəhbərləri ilə təcili toplantı keçirib. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, gözlənilən çevrilişlə bağlı Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Ərdoğana xəbərdarlıq edib. Qəzetin yazdığına görə, artıq Ankara Polis İdarəsindən olan polislərin kütləvi şəkildə işdən çıxarılmasına başlanılıb. Daha əvvəl də cinayətkar təşkilatla əlaqədə olmaq ittihamı ilə Ankara Təhlükəsizlik Müdirliyində polis məmurları işdən çıxarılıb və saxlanılıb. Onların evlərində axtarış aparılıb.

Ərdoğan dövlət çevrilişi hazırlamaqda ittiham olunan hüquq-mühafizə orqanları əməkdaşlarının istintaqını şərh edib. Onun sözlərinə görə, hakimiyyət iddia edilən sui-qəsdin arxasında kimin dayandığını yaxşı bilir. Ərdoğan bu mövzunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fraksiyasının iclasında qaldırıb. “Biz “kuklabazı” və bu tamaşanın ssenarisini yazanı çox yaxşı tanıyırıq” deyən prezident heç bir təfərrüat açıqlamayıb. O, söz verib ki, qanundan kənara çıxan hər kəsdən hesab tələb olacaq.

Xatırladaq ki, 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd olub. Bu zaman 248 nəfər öldürülüb, 2,7 mindən çox insan yaralanıb. Bundan sonra ölkədə 50 minə yaxın insan həbs edilib. 2018-ci ildə Ərdoğan ölkədə çevrilişlər dövrünün başa çatdığını elan edib.

Bənzər yazılar

Back to top button