İqtisadiyyat

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana 502 milyon 621 min dollar dəyərində 27 min 838 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Yeniavaz.com-un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 55 dollar (30 min 694 manat) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 14 min 508 dollar (24 min 664 manat) olub.

Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% və ya 3 min 547 dollar (6 min 30 manat) artıb.

Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 2 min 17 ədəd azalıb.
İdxal olunan avtomobillərin ümumi sayı azalsa da, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı artıb. Belə ki, ötən ilin ilk 4 ayında xaricdən 4 min 474 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 4 ayında 5 min 111 ədəd hibrid avtomobil gətirilib.

İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 31 min 651 dollar (53 min 807 manat) olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 19 min 672 dollar (33 min 443 manat) olub. Son bir ildə ölkəyə idxal olunan hibrid avtomobillərin orta gömrük dəyəri 61% və ya 11 min 979 dollar (20 min 364 manat) artıb.

Bənzər yazılar

Back to top button