Siyasət

“Hikmət Hacıyevin ABŞ səfəri strateji xarakter daşıyır” – Politoloq

“Hikmət Hacıyevin səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək, ticari-iqtisadi, təhlükəsizlik, siyasi-diplomatik istiqamətlərdə genişlənməsinə xidmət edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin ABŞ-a səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, zaman-zaman Vaşinqtonla Bakı arasında müxtəlif məsələlərə münasibətdə fərqli fikirlər yaransa da, ABŞ və Azərbaycan münasibətləri strateji xarakter daşıyır:

“İqtisadi-ticari münasibətlərdən tutmuş, təhlükəsizlik, diplomatik-siyasi münasibətlərə qədər əhatəli strateji əməkdaşlıq mövcuddur. Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin ABŞ-a səfərilə bağlı həm ölkəmizin bu ölkədəki səfirliyinin yadığı rəsmi məlumat, həm də dövlət katibi müavininin özünün X yaydığı məlumatlara istinad etsək görərik ki, tərəflər ikitərəfli, dövlətlərarası münasibətlərin, strateji xarakter daşıyan sahələrdəki münasibətlərin aydınlaşdırılması və inkişaf etdirilməsi kimi məsələlər müzakirə olunub. Habelə, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi istiqamətdə də danışıqların olduğu qənaətindəyəm. COP29-la bağlı ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıq Bakının həmin tədbirə ev sahibliyi edəcəyilə bağlı rəsmi məlumatlar dərc edildiyi andan başlayıb”.

Taleh Əliyevin sözlərinə görə, ABŞ-Azərbaycan münasibətləri strateji xarakter daşıdığından Hikmət Hacıyevin səfəri iki ölkə arasındakı əlaqələrin daha çox inkişafına təkan verəcək:

“Bu səfər həmçinin, qarşılıqlı münasibətlərin ticari-iqtisadi, təhlükəsizlik, siyasi-diplomatik istiqamətlərdə genişlənməsinə xidmət edəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir. Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.

Bənzər yazılar

Back to top button