İqtisadiyyat

Bakıda taksi probleminin həlli: dayanıqlı inkişafın və iqtisadi sabitliyin yol xəritəsi

Əhalinin çox olduğu paytaxt Bakıda taksi sənayesi həm şəhərin nəqliyyat şəbəkəsinin mühüm hissəsidir, həm də mühüm məşğulluq mənbəyidir. İnformasiya Texnologiyaları və Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda şəhərdə 28 000 taksi sürücüsü çalışır.

Lakin Azərbaycanda yeni qaydaların qüvvəyə minməsilə əlaqədar taksi sənayesi mühüm dəyişikliklərə məruz qalır ki, bu da yollarda taksilərin sayının azalmasına səbəb olur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, taksimotor daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bundan sonra müvafiq icazələrə malik olmalıdırlar. Buraya sürücülük məktəbini bitirməyə dair şəhadətnamə və 15 yaşdan yuxarı olmayan nəqliyyat vasitələri üçün qeydiyyat kartı daxildir. 2024-cü il 1 iyuldan sonra yalnız səkkiz yaşdan kiçik avtomobillər qeydiyyatdan keçə biləcəklər.

Avtomobillərin əksəriyyəti 8-15 ildən çox öncə konveyerdən çıxdığı üçün onların sürücülərinin gələcək rifahı təhlükə altındadır. Bu problemin həlli iş yerlərinin saxlanmasını təmin edən, nəqliyyat vasitələrindən istifadə standartlarını yüksəldən, xidmətin keyfiyyətini artıran və ekoloji davamlılığı təşviq edən kompleks yanaşma tələb edir.

Perspektivli həllərdən biri elektrik və hibrid nəqliyyat vasitələrinə keçid ola bilər. Həddindən artıq avtomobil istehsalı (ildə 17 milyona yaxın) ilə üzləşən Çin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin etibarlı mənbəyini təklif edir. Çindən elektrik və hibrid taksilər idxal etməklə Bakı öz taksimotor parkını modernləşdirə bilər, eyni zamanda iki problemi – ətraf mühitin çirklənməsi və iqtisadi gərginliyi həll edə bilər.

Bu keçidi taksi sürücüləri üçün mümkün etməkdən ötrü avtomobilləri səkkiz ilədək müddətə 5% – dən çox olmayan illik faiz dərəcəsilə lizinqə satmaq. Çinin 400 kilometrdən çox gediş ehtiyatına malik elektromobilinin Bakıya çatdırılması 35 000 manat həcmində qiymətləndirilir. Hazırda Bakıda taksi sürücüləri öz nəqliyyat vasitələrini adətən gündə 25 manata icarəyə götürürlər. İldə 7500 manat ödəmək üçün altıgünlük iş həftəsində sürücü kifayət qədər qazana bilər. Beləliklə, məqbul maliyyə planı olduğu təqdirdə sürücülər altı- səkkiz il ərzində öz nəqliyyat vasitələrinin xərcinin yerini tamamilə doldura bilərdi ki, bu da onlara maliyyə yükünün olmamasına zəmanət verərdi.

Belə yanaşmanın bir çox üstünlüyü var:

1. Məşğulluq zəmanəti: Müasir nəqliyyat vasitələrinin alınması üçün əlverişli maliyyələşdirmə variantları təqdim etməklə, taksi sürücüləri işsiz qalmaq qorxusu olmadan pul qazanmağa davam edə bilərlər.

2. Avtoparkın modernləşdirilməsi: Yeni elektrik və hibrid taksilərin tətbiqi Bakı taksomotor parkını yeniləyəcək ki, bu da sərnişinlərə xidmətin keyfiyyətinin və etibarlılığın yüksəldilməsinə gətirib çıxaracaq.

3. Ekoloji üstünlüklər: Elektromobillər sıfır tullantı səviyyəsini təmin edir ki, bu da şəhərdə havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldır. Bu, iqlim dəyişikliyilə mübarizə və şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması üçün qlobal səylərə uyğundur.

4. İqtisadi faydalar: Dövlət nəqliyyat vasitələrinin satışından və idxalından faydalana bilər, elektromobillər üçün istismar xərclərinin azaldılması (yanacaqla müqayisədə daha ucuz elektrik enerjisi) vətəndaşlar üçün taksi tariflərinin azalmasına səbəb ola bilər.

5. İctimai rahatlıq: Sərnişinlər daha rahat və müasir taksi xidmətlərindən istifadə edə biləcəklər ki, bu da şəhər nəqliyyatından ümumi məmnuniyyəti artıracaq.

Bu həllin tətbiqi hökumətin, maliyyə institutlarının və özəl sektorun koordinasiyalı səylərini tələb edir. Elektromobillər üçün subsidiyalar və stimullar, bankların dəstəkləyici kredit strukturları və Çinin avtomobil istehsalçıları ilə əməkdaşlıq bu istiqamətdə vacib addımlardır.

Bundan əlavə, bu model Bakı ilə məhdudlaşmır. Ölkə boyunca taksi sənayesinin modernləşdirilməsi üçün miqyaslana bilən həll təqdim edərək bunu bütün Azərbaycana şamil etmək olar. Bakı bu addımları ataraq mühüm taksi problemini həll edə biləcək, sürücülərin işə cəlb olunmasına, ətraf mühitin qorunmasına zəmanət verəcək, şəhər sakinləri isə daha keyfiyyətli nəqliyyat xidmətlərindən istifadə edə biləcəklər.

Mehman Əliyev
ASTNA mərkəzinin rəhbəri

Bənzər yazılar

Back to top button