Siyasət

Milli Məclisin “lal deputatları”: Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI

Azərbaycanda yaxın vaxtlarda baş tutması gözlənilən növbədənkənar parlament seçkiləri son günlərin ən aktual mövzularından birinə çevrilib. 2020-ci ilin fevralından işə başlayan və 2-3 ay sonra fəaliyyətini başa vuracaq Milli Məclisin fəaliyyətinə münasibət birmənalı deyil.

Ona görə ki, hazırkı parlamentdə iclaslarda danışmayan, aparılan müzakirələrdə ağzına su alıb oturan, passivlik nümayiş etdirən xeyli sayda deputat təmsil olunur. Necə deyərlər, ya zəlzələdən, ya vəlvələdən, mandat qazanıb, Milli Məclisdə təmsil olunan bu deputatlar taleyüklü, milləti narahat edən ciddi məsələlərdə əksər hallarda susmağa üstünlük verirlər. Bu siyahıya illərdir parlamentdə kök salmış köhnə simalarla yanaşı, ilk dəfə bu postda təmsil olunan xeyli gənc deputatı da aid edə bilərik.

Parlamentdəki günləri susmaqla keçən gənc nəslin nümayəndələrinin bir çoxunun fəaliyyəti onlardan gözlənilənin əksinə, çox passiv və sönük oldu. Bu gün belə millət vəkillərini yəqin ki, seçildikləri dairələrdə yaşayan seçicilərin belə əksəriyyəti tanımır. Əslində isə deputat mandatı alan şəxslər təkcə öz dairəsinin yox, bütün cəmiyyətin tanıdığı, bildiyi və güvəndiyi insanlar olmalıdır. Lakin təəssüf ki, Azərbaycanda bir çox deputatlar nəinki mandatı alarkən, sonrakı illərdə də cəmiyyət və seçiciləri tərəfindən tanınmır, çünki illərlə danışmır, heç bir taleyüklü məsələdə ortaya mövqe qoymur, cəmiyyətin rəğbətini qazanmağa cəhd etmirlər.

Ədalət naminə deməliyik ki, Milli Məclisin hazırkı tərkibində ictimai müzakirələrdə fəal iştirak edən deputatlar da az deyil. Belələrinə misal olaraq azı 20 deputatın adını çəkmək olar. Amma bu kifayət deyil.

Qeyd edək ki, Milli Məclisin VI çağırışı üzrə 2020-2023-cü illərdə yaz, payız və növbədənkar sessiyalar üzrə ümumlikdə 157 plenar iclas keçirilib. Bu 4 illik periodda parlament iclaslarında bir dəfə də olsun çıxış etməyən, hətta bu iclaslara qatılmağı lazım bilməyən, mətbuatdan və cəmiyyətdən özünü təcrid edən xeyli sayda deputatımız var. Xalq onları daha yaxından tanısın deyə, medianın monitorinqi əsasında Milli Məclisin VI çağırışında ən az çıxış edən deputatların bir qisminin siyahısını təqdim edirik:

Səbinə Xasayeva

31 yaşlı S.Xasayeva Milli Məclisin ən gənc üzvüdür. Parlamentdə ilk dəfə təmsil olunan S.Xasayeva deputatlığı dövründə aktivliyi ilə seçilməyib. O, 2020-2023-cü illər ərzində ümumilikdə 9 dəfə çıxış edib. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən seçilən Xasayeva Milli Məclisin 2023-cü ildəki iclaslarında cəmi 3 dəfə danışıb.

Cəbi Quliyev

C.Quliyev də Milli Məclisdə ilk dəfə təmsil olunan deputatlar sırasındadır. O, son 4 il ərzində cəmi 4 dəfə çıxış edib. C. Quliyev 2020 və 2023-cü illərdə Milli Məclisdə bir dəfə də olsun danışmayıb. 7 saylı Ordubad-Culfa seçki dairəsini təmsil edir.

Könül Nurullayeva

Bu gənc xanım da Milli Məclisin yeni simalarındandır. 24 saylı Nizami birinci seçki dairəsini təmsil edən Nurullayeva 2023-cü ildə Milli Məclisdə cəmi 1 dəfə çıxış edib.

Anar Məmmədov

Milli Məclisdə ilk dəfə təmsil olunan A. Məmmədov da çox danışmağı sevməyən deputatlardandır. O, 2023-cü ildə cəmi 1 dəfə çıxış edib. Məmmədov 96 saylı Goranboy-Naftalan seçki dairəsini təmsil edir.

Emin Hacıyev

İlk dəfə deputat mandatı qazanan E. Hacıyev 43 saylı Sumqayıt üçüncü seçki dairəsini təmsil edir. O, 2023-cü ildə Milli Məclisdə cəmi 1 dəfə çıxış edib.

Ülviyyə Həmzəyeva

Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan Həmzəyeva son 4 ildə ümumilikdə 2 dəfə çıxış edib. Ü. Həmzəyeva 2023-cü ildə parlament iclaslarında bir dəfə də olsun danışmayıb. O, 6 saylı Culfa-Babək seçki dairəsini təmsil edir.

Jalə Əhmədova

İlk dəfə deputat seçilən bu xanım da Milli Məclisin ən passiv üzvlərindən biridir. O, son 4 ildə cəmi 3 dəfə çıxış edib. J. Əhmədova da yuxarıda adları çəkilən bir çox həmkarları kimi 2023-cü ildə keçirilən iclasların heç birində danışmayıb. 59 saylı Salyan seçki dairəsini təmsil edir.

Müşfiq Cəfərov

Milli Məclisdə ilk dəfə təmsil olunan M.Cəfərov 2023-cü ildə cəmi bir dəfə çıxış edib. O, 39 saylı Kəpəz (Gəncə) seçki dairəsindən deputat seçilib.

Tural Gəncəliyev

T. Gəncəliyev də Milli Məclisin yeni üzvlərindəndir. O, 2023-cü ildə cəmi 2 dəfə çıxış edib. 122 saylı Xankəndi seçki dairəsini təmsil edir.

Əliabbas Salahzadə

Milli Məclisə ilk dəfə seçilən Ə. Salahzadə isə son 4 ildə ümumilikdə 2 dəfə çıxış edib. O, 27 saylı Sabunçu ikinci seçki dairəsini təmsil edir.

Sevinc Fətəliyeva

Milli Məclisin IV,V, VI çağırışlarının deputat olan bu xanım son 4 ildə cəmi 4 dəfə çıxış edib. O, 30 saylı Suraxanı birinci seçki dairəsinin deputatıdır.

Ramin Məmmədov

Milli Məclisə ilk dəfə seçilən və bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildiyi üçün deputat mandatından məhrum edilən R. Məmmədov son 4 il ərzində cəmi 8 dəfə çıxış edib. 2023-cü ildə Milli Məclisin heç bir iclasında danışmayan Məmmədov, 64 saylı Sabirabad ikinci seçki dairəsini təmsil edirdi.

Tamam Cəfərova

Milli Məclisdə ilk dəfə təmsil olunan bu xanım da yuxarıdakı həmkarları kimi passiv fəaliyyəti ilə seçilir. O, son 4 ildə Milli Məclisdə cəmi 6 dəfə çıxış edib. Cəfərova 85 saylı Şamaxı seçki dairəsini təmsil edir.

Müşfiq Məmmədli

M. Məmmədli son 4 ildə Milli Məclisin cəmi 6 iclasında danışıb. 2023-cü ildə bir dəfə çıxış edən Məmmədli, 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edir.

Rüfət Quliyev

Milli Məclisin III,IV,V,VI çağırışlarının deputatı olan R. Quliyev 2023-cü ildə cəmi 3 dəfə çıxış edib. O, Lənkəran seçki dairəsini təmsil edir.

Asim Mollazadə

Milli Məclisin II, III, IV,V, VI çağırışlarının deputatı olam A. Mollazadə 2023-cü ildəki iclasların heç birində çıxış etməyib. O, 22 saylı Nəsimi ikinci seçki dairəsini təmsil edir.

Pərvin Kərimzadə

Milli Məclisin V, VI çağırışlarının deputatı olan Kərimzadə son 4 ildə cəmi 3 dəfə çıxış edib. O da Milli Məclisin 2023-cü il iclaslarında danışmayıb. P. Kərimzadə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsini təmsil edir.

Ramil Həsən

Milli Məclisdə ilk dəfə təmsil olunan R. Həsən 2022 və 2023-cü illərdə keçirilən iclasların heç birində çıxış etməyib. O, 91 saylı Ucar seçki dairəsindən deputat seçilib.

Məşhur Məmmədov

Milli Məclisin yeni simalarından olan M. Məmmədov adının əksinə, parlamentdə “məşhurlaşa” bilməyib. O, 2023-cü ildə Milli Məclisdə cəmi iki dəfə çıxış edib. 70 saylı Masallı seçki dairəsini təmsil edir.

Kamilə Əliyeva

Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan K. Əliyeva 2023-cü ildə cəmi 3 dəfə çıxış edib. O, 111 saylı Zaqatala – Balakən seçki dairəsini təmsil edir.

Nəsib Məhəməliyev

Milli Məclisdə ilk dəfə təmsil olunan N. Məhəmməliyev son 4 ildə cəmi 1 dəfə çıxış edib. O, 2023-cü ildəki iclasların heç birində danışmayıb. 109 saylı Balakən seçki dairəsini təmsil edir.

Fatma Yıldırım

Bu xanım da Milli Məclisə ilk dəfə seçilənlər sırasındadır. O, 2023-cü ildəki heç bir iclasda çıxış etməyib. 93 saylı Bərdə şəhər seçki dairəsini təmsil edir.

Elman Məmmədov

Milli Məclisin II,III,IV,V,VI çağırışlarının deputatı olan E. Məmmədov son 4 ildə cəmi 2 dəfə çıxış edib. O, 124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsini təmsil edir.

Cavanşir Feyziyev

Milli Məclisin IV, V, VI çağırışlarının deputatı C. Feyziyev son 4 ildə ümumilikdə 5 dəfə çıxış edib. O, 2023-cü il iclaslarının heç birində danışmayıb. 115 saylı Şəki kənd ikinci seçki dairəsini təmsil edir.

Ağalar Vəliyev

Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan A. Vəliyev indiyə qədər heç bir iclasda çıxış etməyib. O, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsini təmsil edir.

Cavanşir Paşazadə

Milli Məclisin III,IV,V,VI çağırışlarının deputatı olan C. Paşazadə 2023-cü ildəki heç bir iclasda çıxış etməyib, 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edir.

Aqil Məmmədov

Milli Məclisdə ilk dəfə təmsil olunan A. Məmmədov 2023-cü ildə 2, ümumilikdə isə 6 dəfə çıxış edib. O, 123 saylı Kəlbəcər seçki dairəsini təmsil edir.

Aqiyə Naxçıvanlı

Milli Məclsiin IV,V,VI çağırışlarının deputatı olan A. Naxçıvanlı 2023-cü ildə cəmi iki dəfə çıxış edib. O, 117 saylı Oğuz seçki dairəsini təmsil edir.

Rasim Musabəyov

Milli Məclisin V,VI çağırışlarının deputatı olan R. Musabəyov sonuncu dəfə 2020-ci ildə çıxış edib. O, 18 saylı Nərimanov-Nizami seçki dairəsini təmsil edir.

İqbal Məmmədov

Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan İ.Məmmədov 2023-cü ildə bir dəfə də olsun çıxış etməyib. O, 78 saylı Lerik seçki dairəsini təmsil edir.

Malik Həsənov

Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan M.Həsənov son 4 ildə cəmi 5 dəfə çıxış edib. O, 67 saylı Cəlilabad şəhər seçki dairəsini təmsil edir.

Afət Həsənova

Milli Məclisdə ilk dəfə təmsil olunan A. Həsənova son 4 ildə cəmi 7 dəfə çıxış edib. O, 32 saylı Suraxanı üçüncü seçki dairəsini təmsil edir.

Rafael Hüseynov

Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan R. Hüseynov 2023-cü ildə cəmi 1 dəfə, ümumilikdə 6 dəfə çıxış edib. O, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsini təmsil edir.

Ülviyyə Ağayeva

Milli Məclisin V, VI çağırışlarının deputatı olan Ü. Ağayeva bugünədək heç bir iclasda çıxış etməyib. O, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsini təmsil edir.

Anar İsgəndərov

Milli Məclisdə ilk dəfə təmsil olunan A. İsgəndərov 2023-cü ildə cəmi 1 dəfə çıxış edib. 71 saylı Masallı kənd seçki dairəsini təmsil edir.

Eldar Quliyev

Milli Məclisin II, III,IV,V,VI çağırışlarının deputatı olan E. Quliyev 2023-cü ildəki iclasların heç birində çıxış etməyib. O, 28 saylı Sabunçu üçüncü seçki dairəsini təmsil edir.

Anatoliy Rafailov

Milli Məclisdə ilk dəfə təmsil olunan A. Rafailov indiyədək heç biri iclasda çıxış etməyib. 53 saylı Quba-Qusar seçki dairəsini təmsil edir.

Vasif Talıbov

1 saylı Şərur-Sədərək seçki dairəsini təmsil edən Vasif Talıbov 1995-ci ildən, yəni 30 ilə yaxındır ki, Milli Məclisin deputatıdır. Milli Məslisin I, II, III, IV, V, VI çağırışları üzrə deputat mandatı qazanan Talıbov, artıq xeyli müddətdir ki, Milli Məclisin iclaslarına qatılmır. Həmkarları vaxtilə Talıbovun tutduğu post səbəbindən işlərinin çox olduğunu, ona görə də tez-tez Naxçıvandan paytaxta gəlib-gedə bilmədiyini əsas gətirərək, onun müdafiəsinə qalxırdılar. Lakin maraqlıdır ki, 2022-ci ilin dekabrında Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verən Talıbov, işlərinin “azalmasına” baxmayaraq, son iki ildə Milli Məclisin heç bir iclasına qatılmayıb. O, ölkə parlamentinin iclasına sonuncu dəfə 2020-ci ilin əvvəlində, V çağırış Milli Məclisin açılış sessiyasına qatılıb, sonuncu dəfə parlamentdə 2005-ci ildə çıxış edib.

Mixail Zabelin

Talıbov kimi Mixail Zabelin də danışmağı çox sevmir. 1995-ci ildən Milli Məclisin bütün çağırışlarında deputat adını qazanmağı bacaran Zabelin, son 4 ildə bir dəfə də olsun çıxış etməyib. O, 34 saylı Xətai ikinci seçki dairəsini təmsil edir.

Oqtay Əsədov

Keçmiş spiker də bir çox həmkarları kimi 1995-ci ildən Milli Məclis üzvüdür. Maraqlıdır ki, spiker vəzifəsindən uzaqlaşdırılan Əsədov bundan sonra Milli Məclisdən gen gəzməyə başlayıb. 45 saylı Abşeron seçki dairəsindən deputat seçilən Əsədov deputat kürsüsündə əyləşdiyi son 4 il ərzində bir dəfə də olsun Milli Məclisdə çıxış etməyib.

Bəxtiyar Sadıqov

B. Sadıqov da 1995-ci ildən deputat mandatı daşıyır. O, sonuncu dəfə 2021-ci ildə Milli Məclisdə çıxış edib. Sadıqov 119 saylı Ağdam seçki dairəsindən deputat seçilib.

Ziyad Səmədzadə

Z. Səmədzadə Mlilli Məclisin III, IV, V, VI çağırışlarının deputatı olub. O, son 4 il ərzində cəmi 5 dəfə çıxış edib. Z. Səmədzadə 23 saylı Nəsimi-Səbail seçki dairəsini təmsil edir.

Nizami Cəfərov

N. Cəfərov Milli Məclisin II, III, IV, V, VI çağırışları üzrə deputat adını qazanıb. Cəfərov da son 4 ildə cəmi 5 dəfə çıxış edib. O, 108 saylı Ağstafa seçki dairəsini təmsil edir.

Sabir Hacıyev

S. Hacıyev Milli Məclisin III, IV, V, VI çağırışlarının deputatı olub. Son 4 ildə cəmi 1 dəfə – 2022-ci ildə çıxış edib. 88 saylı Göyçay seçki dairəsindən deputat seçilib.

Eldar İbrahimov

1995-ci ildən deputatdır. 4 saylı Naxçıvan şəhər seçki dairəsini təmsil edən İbrahimov, Millli Məclisdə son 4 ildə 10 dəfə çıxış edib.

Sevil Mikayılova

Milli Məclisdə ilk dəfə təmsil olunan S. Mikayılovanın debütü digər həmkarlarının performasından o qədər də fərqlənməyib. O, 2023-cü il Milli Məclis iclaslarında 1 dəfə çıxış edib. S. Mikayılova 57 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib.

İsa Həbibbəyli

Milli Məclisin III ,IV, V, VI çağırışları üzrə deputat seçilən Həbibbəyli isə 2 saylı Şərur seçki dairəsini təmsil edir. O, Milli Məclisdə 2023-cü ildə cəmi 2 dəfə çıxış edib.

Məzahir Əfəndiyev

M.Əfəndiyev də son 4 ildə ciddi nə iləsə yadda qalmayıb. O, 2023-cü ildə cəmi 3 dəfə çıxış edib. Əfəndiyev 89 saylı Göyçay-Ağdaş seçki dairəsini təmsil edir.

Parlament sözü italyancadan götürülüb. Mənası “danışmaq”, “müzakirə etmək” deməkdir. Deməli parlament üzvünün – deputatın əsas işi danışmaqdan ibarətdir. Lakin nə işdirsə, bizim deputatlar danışmağı, müzakirə etməyi yox, susmağı üstün tuturlar. Görünür, kimsə bizim deputatların əksəriyyətini əmin edib ki, “danışmaq gümüşdürsə, susmaq qızıldır”…

“AzPolitika.info”

Bənzər yazılar

Back to top button