İqtisadiyyat

Mərkəzi Bank ölkəyə milyonlarla yeni 1 qəpik gətirib – Mayası 2,5 qəpiyə bərabərdir?

Mərkəzi Bank tərəfindən yenilənən 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Yeniavaz.com xəbər verir ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycanın Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.

Qeyd olunur ki, yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Məlumat üçün bildirək ki, 1 qəpiyin çəkisi 2,8 qrama bərabərdir. Diametri 16,25 mm olan 1 qəpiyin tərkibi mislə örtülmüş poladdan ibarətdir.

Onu da bildirək ki, 1 qəpiyin hansı ölkədə hazırlandığı və Azərbaycana nə vaxt gətirildiyi barədə Mərkəzi Bankdan məlumat verilmir. Lakin, açıqlanan digər rəsmi məlumatlar göstərir ki, bu ilin fevral ayında Azərbaycana Türkiyədən ölkə daxilində mübadilə vasitəsi kimi istifadə edilən 89 min 317,2 kiloqram pul vahidləri – sikkələr (Gömrük kodu 711890) gətirilib. Ölkəyə gətirilən sikkələrin gömrük dəyəri 499,01 min dollar olub. Bu isə o deməkdir ki, Türkiyədən gətirilən sikkənin 1 qramının orta gömrük dəyəri 0,9 qəpik olub.

Qeyd edək ki, Türkiyədən gətirilən sikkənin nominal dəyəri barədə məlumat verilmir. Lakin, ötən ilin məlumatları ilə müqayisə etdiyimiz zaman belə görünür ki, bu il Türkiyədən gətirilən sikkənin nominal dəyəri 1 qəpik olub.
Belə ki, ötən il Türkiyədən gətirilən 17 min 945 kiloqram sikkə üçün 1 milyon 263 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 7 sent və ya mövcud məzənnə ilə 12 qəpik olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən ildən fərqli olaraq bu il Türkiyədən gətirilən sikkənin gömrük dəyəri 12 dəfə aşağı olub.

Bu isə onu deməyə əsas verir ki, bu il Türkiyədən gətirilən sikkələr aşağı nominallı metal pul olub.

Qeyd etdiyimiz kimi, 1 qəpik dəyərindəki metal pulun çəkisi 2,8 qram, ölkəyə daxil olan sikkənin 1 qramının orta gömrük dəyəri isə 0,9 qəpik olub.

Bu isə o deməkdir ki, 1 qəpiyin ölkəyə gətiriləmə xərci (gömrük dəyəri) təxminən 2,5 qəpiyə bərabər olub.

Xatırladaq ki, Azərbaycanda dövriyyədə olan sikkələrin sifarişçisi Mərkəzi Bankdır. Mərkəzi Bank sikkələrin maya dəyərinin nə qədər olduğunu açıqlamır. Yazıda qeyd olunan qiymətlər Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsinin açıqladığı idxal göstəricilərinə istinadən hesablanıb və sikkələrin orta gömrük dəyərini göstərir.

Bənzər yazılar

Back to top button