Siyasət

Yekun sülh sazişi nə vaxt imzalana bilər? – Sabiq nazirin şərhi

“Artıq Paşinyan da sülhün əldə edilməsi yolunda beynəlxalq qanunlara əsaslanan addımlar atmaq istəyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbayan Prezidenti İlham Əliyevin Latviya Seyminin sədri Dayqa Mierina ilə görüşdə regionda sülh üçün tarixi imkanların yarandığı barədə səsləndirdiyi fikri şərh edərkən deyib:.

“Dövlət başçısı danışıqların hər bir incə detalını bilir. Bu yaxınlarda Ermənistanda revanşistlər müəyyən hərəkətə keçsələr də onlara ciddi, geniş dəstək verilmədi. Bu da onu göstərir ki, artıq Paşinyan da beynəlxalq qanunlara uyğun addımları atmaq üçün hansısa imkanlar qazanıb. Bu onun üçün bir növ sınaq idi. Görünür ki, Ermənistan ictimaiyyəti Paşinyana bu və ya digər şəkildə mandat verib. Hər halda belə təssürat yaranır”, deyə sabiq nazir qeyd edib.

Tofiq Zülfüqarov bildirib ki, Azərbaycanın mövqeyi çox sadə və bəllidir:

”Məqsədimiz beynəlxalq qanunlara uyğun sülhün əldə edilməsidir. Dövlət başçısının vəziyyətə bu cür qiymət verməsi hamımızı sevindirir. Çünki münaqişənin bitməsini ən çox istəyən Azərbaycandır. Münaqişəni isə Ermənistan başlayıb. Bu mənada Prezidentin açıqlaması ümidverici bəyanatdır”.

Lakin həmsöhbətimiz bununla yanaşı bildirib ki, Ermənistanı, onun xüsusiyyətlərini, siyasi elitasının xüsusiyyətlərini də yaddan çıxarmaq olmaz:

“Ona görə də məsələyə skeptik yanaşmağa hələ də müəyyən əsaslar var”.

Bu əsasda sabiq baş diplomatın fikrincə, Azərbaycanda keçiriləcək COP29 tədbirinə qədər tərəflər arasında çərçivə sazişi imzalana bilər:

“Çərçivə sazişi mümkündür. Amma yekun sülh sazişinə hələ çox var”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanların yarandığını bəyan edib. Dövlət başçısı Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə toxunaraq, onun hər hansı nəticəyə hasil olmadığını, o zaman ərazilərin işğalının davam etdiyini vurğuladı. Hazırda isə sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanların olduğunu deyən Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də ikitərəfli proses çərçivəsində müsbət razılaşmaların əldə olunduğunu qeyd edib.

Bənzər yazılar

Back to top button