Dünya

ABŞ-dakı prezident seçkisinə hansı dövlətlər müdaxilə edəcək?

ABŞ-da bu ilin noyabr ayında keçiriləcək prezident seçkisində rəqiblər bəllidir. Bu Ağ Evin hazırki sahibi Cozef Bayden və keçmiş prezident Donald Trampdır. Ancaq hər ikisiylə bağlı müəyyən sualla da mövcuddur. Cozef Baydenin yaşı və xəstəliyi ona prezident yarışmasında əngəl ola bilər. Ona görə belə ehtimallar da səslənir ki, Cozef Bayden mübarizədən geri çəkilərək partiyadaşlardan birinə üstünlük verə bilər. Donald Trampla bağlı isə müəmma bundan ibarətdir ki, ona qarşı müxtəlif məhkəmə çəkişmələrə var və araşdırmalar yekunlaşmayıb.

Namizədlərlə bağlı müzakirələrlə yanaşı Vaşinqtondakı dairələri bir sual da narahat edir: Kənar dövlətlər prezident seçkisinə yenə müdaxilə edəcəklərmi? Donald Trampla Hillari Klinton yarışanda Rusiyadakı dairələrin namizədlərdən birinə qarşı kiberhücumlar təşkil etdiyi və saxta ünvanlardan dezinformasiyalar yaydığı iddia edildi. Bir qrup ekspert məhz bu hücumların nəticəsi olaraq Hillari Klintonun Donald Trampa məğlub olduğunu bildirdilər. Hazırda Rusiya ilə yanaşı İran və Çinin də adı çəkilir.

Amerikanın Milli Kəşfiyyat rəhbəri Avril Haynes bir müddət əvvəl ABŞ Senatında keçirdiyi görüşdə Rusiya, Çin və İranın 2024-cü ilin noyabrında ölkədə keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışacağını bildirib. “Rusiya, Çin və İranın qeyri-hökumət təşkilatları da daxil olmaqla, ABŞ-da prezident seçkilərinə təsir etməyə çalışan xarici aktorların sayı artmaqdadır”, – deyə, Avril Haynes sözlərinə əlavə edib.

ABŞ dövlət katibi Entoni Blinken də hesab edir ki, Rusiya və Çin Amerikada prezident seçkisində müdaxiləyə hazırlaşır. Blinkenin bir müddət əvvəl Çinə səfəri və Pekindəki görüşləri onun mövqeyini dəyişməsinə səbəb olmadı. Blinken Pekinə səfərinin nəticələri barədə “CNN” televiziya kanalına müsahibə verərkən, Çinin seçkilərə müdaxilə cəhdləri barədə faktlara malik olduğunu səsləndirib. Halbuki, Çin lideri Si Cinpin ötən ilin noyabrında Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinin San-Fransiskoda keçirilən görüşündə ABŞ prezidenti Cozef Baydeni inandırmağa çalışmışdı ki, Pekin Amerikadakı seçkilərə müdaxilə etməyəcək. Əslində seçkiyə müdaxilə Çin üçün heç nəyi dəyişməyəcək. Donald Tramp vaxtilə Çinə qarşı sərt iqtisadi qaydaların tətbiqini təmin etmişdi. Bayden prezidentliyi dövründə Trampın bu siyasəti davam etdirib, Çin məhsullarına vergiləri artırıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button