ManşetSiyasət

Ərdoğan və Əliyev Qəzzədəki vəziyyəti müzakirə ediblər

İyunun 10-da Ankarada Türkiyə və Azərbaycan prezidentlərinin – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin görüşündə müzakirə mövzularından biri Qəzzədəki vəziyyət olub.

Türkiyə Prezident Administrasiyasının məlumatında deyilir ki, tərəflər “İsrail ordusunun Qəzzə sektorunda törətdiyi kütləvi qətlləri müzakirə ediblər”.

Ərdoğan qeyd edib ki, “İsrailin Fələstin ərazilərində, xüsusən Qəzzə bölgəsində törətdiyi soyqırım təkcə regional təhlükəsizlik üçün deyil, həm də qlobal təhlükəsizlik üçün təhdid təşkil edir”.

Türkiyənin dövlət başçısı qeyd edib ki, “Yaxın Şərqdə möhkəm tənzimləməyə gedən yol paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasından keçir”. Onun sözlərinə görə, “beynəlxalq ictimaiyyət bu məqsədə nail olmaq üçün İsrailə təzyiq göstərməlidir”.

Tərəflər həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərinin gedişatı ilə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan Ankarada Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması prosesinin izlənildiyini vurğulayıb.

O, Azərbaycan Milli Məclisinin (parlamentinin) Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə Parlamentlərarası Dostluq Qrupunun yaradılması haqqında qərarından məmnunluğunu ifadə edib. Türkiyə lideri həmçinin qeyd edib ki, ŞKTR prezidenti Ersin Tatarın Türk Dövlətləri Təşkilatının iyulda Azərbyacanın Şuşa şəhərində keçiriləcək sammitinə dəvət olunmasının Kipr probleminin tənzimlənməsinə töhfə verəcəyini qeyd edib.

Türkiyə prezidenti Bakıda keçiriləcək COP-29-a dəvət üçün azərbaycanlı həmkarına təşəkkür edib. O, Türkiyənin foruma hazırlıq prosesində Azərbaycana hərtərəfli dəstək göstərəcəyinə təminat verib.

Öz növbəsində, Azərbaycan tərəfin məlumatında qeyd edilir ki, Əliyev və Ərdoğan iki ölkə arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edilib, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulanıb.

Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button