Siyasət

“Prezidentin Türkiyə səfəri müttəfiqlik münasibətlərinə növbəti işarədir” – Deputat

“Prezident İlham Əliyevin qardaş ölkəyə səfəri Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakterinə, müttəfiqlik münasibətlərinə növbəti işarədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə gerçəkləşən işgüzar səfərini şərh edərkən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfərini səciyələndirən cəhətlərdən biri odur ki, həmin səfər Bakı ilə Ankara arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin imzalandığı 15 iyun tarixi ərəfəsində baş tutub:

”Bu həm də Azərbaycan Türkiyə münasibətlərinin xüsusi xarakterinə, müttəfiqlik münasibətlərinə növbəti işarədir. Azərbaycan – Türkiyə münasibətləri çox təsirli amil, habelə, dünyanın digər dövlətləri arasında səmimi dostluq, qardaşlıq, qarşılıqlı maraqlara cavab verən əməkdaşlığın qurulmasında örnək rolunda çıxış etməkdədir. Bakı ilə Ankara dünyadakı müvafiq istiqamətdə vəziyyətə təsir edən strateji əhəmiyyətli layihələr həyata keçirib. Bunlar Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars, TANAP, TAP kimi layihələrdir. Həmin layihələrin əhəmiyyəti Cənubi Qafqazın hüdudlarını çoxdan aşıb. Ərdoğanla İlham Əliyev arasında görüşdə müzakirə olunan əsas məsələlərdən biri də məhz Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inkişaf etdirilməsi olub. Yəni Orta Dəhlizin formalaşdırılması Bakı və Ankaranın maraqlarına cavab verir. Azərbaycan şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərinin keçdiyi ölkədir. Ölkəmiz bu layihələrdə mərkəzçi mövqe tutur”.

Deputatın fikrincə, Azərbaycanın malik olduğu unikal nəqliyyat loqistika imkanları əməkdaşlıq üçün ölkəmizin cəlbediciliyini daha da artırır:

“Azərbaycan və Türkiyə müdafiə, təhlükəsizlik, nəqliyyat-loqistika, iqtisadiyyatın digər sahələri üzrə daha yaxından əməkdaşlıq etmək və inkişaf etdirmək iradəsini ortaya qoymaqdadırlar. Prezident İlham Əliyevin bu səfəri növbəti dəfə göstərdi ki, iki qardaş ölkə arasında əməkdaşlığın inkişafı ən ali səviyyədə nəzarətdə saxlanılır. Azərbaycan Prezidenti Türkiyəyə bu günə qədər 1 dövlət, 5 rəsmi və 34 işgüzar səfər edib. Ərdoğan isə Azərbaycanda 1 dövlət, 5 rəsmi və 8 işgüzar səfərdə olub. Bu da onun göstəricisidir ki, Azərbaycan və Türkiyə münasibətlərinin inkişafının əsas hərəkətverici qüvvəsi rolunda iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri çıxış edir”.

Qeyd edək ki, iyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib. Burada onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Bakı-Tiflis-Qars dəmir yolunun imkanlarının genişləndirilməsinin, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulandı.

Bənzər yazılar

Back to top button