Digər

Broyler şirkətləri arasında 10 milyonluq borc müqaviləsi imzalanacaq

Ölkənin 2 aparıcı broyler şirkəti – “Cəlilabad Broyler” ASC (VÖEN – 8300060391) və “Azerbaijan Poultry Company” MMC (VÖEN – 7400292661) arasında 10 milyon manatlıq borc müqaviləsi imzalanacaq…

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Cəlilabad Broyler” ASC-dən verilib.

Bildirilir ki, borc müqaviləsinin təsdiq olunması üçün iyul ayının 22-si tarixində “Cəlilabad Broyler” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Ümumi yığıncaqda borc müqaviləsinin təsdiqindən başqa aşağıdakı məsələlər də gündəliyə salınıb:

1. “Cəlilabad Broyler” ASC-nin Müşahidə Şurasının formalaşdırılması, sədr və üzvlərin təyin edilməsi;
2. Nizamnamənin qanunvericiliyə uyğunlaşdırılması ilə yeni redaksiyada təsdiqi;
3. “Azerbaijan Poultry Company” MMC ilə bağlanacaq yetişdirmə sahələrinin və yem zavodunun icarəsi müqaviləsinin bəyənilməsi və təsdiq olunması;
5. “Cəlilabad Broyler” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı qərarın qəbul edilməsi.

Məlumat üçün bildirək ki, “Cəlilabad Broyler” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 849 min 238 manat olan ASC-nin qanuni təmsilçisi Gülmuradov Elvin Eynur oğludur. “Cəlilabad Broyler” ASC 2023-cü ili 172 min manat zərərlə başa vurub.

“Azerbaijan Poultry Company” MMC isə 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 73 milyon 55 min 200 manat olan MMC-nin qanuni təmsilçisi Hacıyev Pərviz Yaqub oğludur. “Azerbaijan Poultry Company” MMC-nin əsas fəaliyyəti “Mərcan” brendi altında toyuq əti istehsal etməkdir. MMC ölkənin aparıcı şirkətlərindən biri olan “Lu-Mun Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.

2017-ci ildən fəaliyyət göstərən “Lu-Mun Holdinq” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir.

“Lu-Mun Holdinq”in balıq istehsalı sahəsində “Azerbaijan Fish Farm” MMC, quşçuluq sahəsində “Azerbaijan Poultry Company” MMC, ekoloji təmiz məhsullar sahəsində “Azerbaijan Organic Company” MMC və qızılgüllər istehsalı sahəsində “Azerbaijan Flowers Company” MMC kimi törəmə müəssisələri mövcuddur.

“Lu-Mun Holdinq” ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni hüquqi ünvanda – Neftçilər prospekti 153-də yerləşir.

Onu da qeyd edək ki, “Mərcan” brendi “Azerbaijan Poultry Company” MMC-dən əvvvəl “Ucar Aqro” MMC adlı şirkətə məxsus olub. Bu şirkət sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərinə bağlı olan “Garant Holding”in tərkibində fəaliyyəyt göstərib.

Bənzər yazılar

Back to top button