Dünya

KTMT-nin Baş katibi: “Ermənistanın təşkilatda qalıb-qalmaması onun suveren hüququdur”

İmanqali Tasmaqambetov Yerevanın bütün öhdəliklərinin qüvvədə qaldığını deyir

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqidir və Yerevanın da bütün öhdəlikləri qüvvədə qalır.

Bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iyunun 21-də Qazaxıstanda keçiriləcək iclasda iştirak etməyəcəyinə dair xəbəri şərh edərkən deyib.

Onun sözlərinə görə, təşkilatda qalmaq və ya çıxmaq Yerevanın suveren hüququdur.

O həmçinin əlavə edib ki, KTMT-nin maliyyələşdirilməsindən imtina məsələsi barədə sual Ermənistana ünvanlanmalıdır.

İmanqali Tasmaqambetov ümid edib ki, Yerevan KTMT-yə üzvlüklə bağlı vəziyyəti hələ də aydınlaşdıracaq və təşkilata üzv olmaq və ya olmamaq barədə rəsmi qərar qəbul edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın KTMT-dan çıxması prosedurunun üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında müzakirə olunmadığını bildirib: “Çünki müvafiq müraciət daxil olmayıb”.

Ermənistanın KTMT-dən çıxmasının mümkün nəticələri ilə bağlı sualı cavablandıran Sergey Lavrov qeyd edib ki, müxtəlif fikir yürütmək diplomatiya ənənələrində yoxdur: “Bəli, bu gün görüşdə erməni nazir yox idi. Ona görə də Ermənistandan heç bir sənəd, heç bir məmur olmamış bir şeyin nəticələrini müzakirə etməyi zəruri edəcək addım da yox idi”.

Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı “dondurulub”.

Ermənistan bundan əvvəl dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib.

Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.

Mayın 8-də isə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarında nəzərdə tutulmuş fəaliyyətini maliyyələşdirməyəcəyini açıqlamışdı.

Bənzər yazılar

Back to top button