HadisəGündəm

Qulaqkəsmə hadisəsindən çıxarılacaq dərs: Hər təhtəlşüurda bir Qaçaq Quşdan yatır!

Naxçıvanda qulaqkəsmə hadisəsi ictimai rəydə xeyli müzakirələrə səbəb oldu. Bir çoxları Azərbaycanda belə bir hadisənin baş verməsinə inana bilmir. Halbuki, hadisənin motivinə və başvermə məkanına nəzər salsaq, bu, o qədər də qeyri-adi hadisə kimi görünməz.

Hadisənin motivinin namus məsələsi olduğunu diqqətinizə çatdırmaqla kifayətlənir və bəlli səbəblərdən çox dərinə getmək istəmirəm. Bu yazıda daha çox hadisənin başvermə məkanı barədə danışmaq istəyirəm.

Hadisə Şahbuzun Keçili kəndində baş verib. Daha doğrusu, həm qulağı kəsilən, həm də qulaq kəsən bu kənddəndir. Dəniz səviyyəsindən 3000 m hündürlükdə buludlardan nəm çəkən Keçili kəndi Zəngəzur silsiləsinin yamacında yerləşir. Qısası, ətrafı dağlarla çevrələnib. Həyat şərtləri və dağların təbii istehkamları bu kəndin insanlarının xarakterindən də yan keçməyib. Keçililər mərd, qoçaq olduqları qədər də sərtdirlər. Relyefin bu kəndə qazandırdığı xüsusiyyətlər sovet hakimiyyəti illərində Keçilini qaçaq yuvasına çevirib. Bir çoxlarımızın rəvayətlərini eşitdiyimiz Qaçaq Nəbi kimi qəhrəmanlar bu kənddən çox keçib, dağlarına sığınıb.

Keçililər sovet hakimiyyətinə və erməni daşnaklarına qarşı uzun illərlə davam edən döyüşləri ilə ad çıxarıblar. Mübaliğəsiz demək olar ki, bu kənddə sovet hakimiyyəti 40-ci illərdə qurulub. Səbəbi isə çox sadədir. Qars müqaviləsindən sonra Naxçıvanın erməniləşdirilməsi fikrindən sözdə vaz keçən rus imperiyası əslində altdan-altdan öz siyasətini yürütməyə davam edirdi. NKVD əməkdaşı Orbelyan vasitəsilə Naxçıvana kütləvi şəkildə ermənilərin köçürülməsinə başlamışdılar. Erməni əsilli Orbelyanın bu siyasətinə qarşı ən böyük dirəniş isə Keçilidə gedirdi.

Şəkildə: Naxçıvanda sovet hakimiyyətinə qarşı vuruşan və “Keçili bandası” adı ilə tanınan qaçaq dəstəsi. (Naxçıvan, 1930)

Keçililərin erməni məsələsinə bu qədər həssas yanaşmasının əsas səbəbi, fikrimcə, erməni generalı Andronik Ozanyana qarşı mübarizədə qazandıqları təcrübələrdən irəli gəlirdi. Tarixi mənbələrə görə, Andronik ilk dəfə Naxçıvanla Sisyan arasında yerləşən Qızılboğaz adlı yerdə Keçilili Dəli Təhməzin dəstəsi ilə toqquşub, xeyli itki verərək geri çəkilib. Həmin döyüşdə ermənilərin silah yüklü üç atını ələ keçirən Dəli Təhməz bu silahları sonradan oğlu Quşdanın ixtiyarına verir. Keçililərin sovet hakimiyyəti illərində ermənilərə və rus imperializminə qarşı ən böyük mübarizəsini də sonradan Qaçaq ləqəbini alan Quşdan aparıb.

Qaçaq Quşdan 30-cu illərin ikinci yarısına qədər Şahbuz dağlarında erməni daşnaklarına qarşı vuruşaraq tək özünün deyil, elinin-obasının namusunu qoruyub. Sovet hakimiyyəti Qaçaq Quşdanın bu dirənişinin qisasını keçililərdən alsa da, onlara amansız divan tutsa da, kənd camaatı öz qəhrəman oğullarının arxasından çəkilməyib, onu satmayıb. Baxmayaraq ki, keçililərə çox baha başa gəlib: zorla yurd-yuvalarından köçürülüblər, boşalan ərazilərə erməni ailələrini gətirilib. Amma heç bir repressiya bu kəndi ram edə bilməyib.

Tarixi mənbələrə görə, Keçilidə o illərdə 6 tayfa yaşayırdı. Hacılı tayfası – 40 ailəni, Əşkaflı tayfası – 30 ailəni, Sofulu tayfası – 20 ailəni, Alməmmədli tayfası – 30 ailəni, Zeynalxanlı tayfası – 17 ailəni, Qızıllı tayfası – 12 ailəni birləşdirirdi. Bu tayfaların hamısı Qaçaq Quşdanın dəstəsinə öz say seçmə oğullarını göndərməkdən çəkinməyib. Təbii ki, Naxçıvanın digər kəndlərindən və rayonlarından da Quşdanın dəstəsinə xeyli sayda könüllülər qoşulub. Bu könüllülər arasında Nəhəcir kənd igidlərinin adı xüsusilə qeyd olunur. Sirab, Ərazin, Əbrəqunus kəndləri də Qaçaq Quşdanın əsas sosial bazası kimi tarixi bəlgələrə düşüb. Naxçıvanın müxtəlif kəndlərinin gəncləri bu dirənişə qoşulsalar da, rus arxiv sənədlərində sözügedən hərəkat “Keçili dəstəsi” kimi keçir. Bu da ondan xəbər verir ki, rus imperializminə və erməni işğalçılarına qarşı döyüşən dəstənin əsas lokomotivini Keçili kəndinin sakinləri təşkil edib.

21 yaşında mübarizəyə atılan Quşdan 7 il sərasər Keçilini çevrələyən dağlarda yaşayıb. Hökumətin xəbərdarlıqları, hədə-qorxuları onu yolundan, əqidəsindən döndərə bilməyib. Ancaq 1932-ci ildə evinə, ailəsilə gizli görüşə gəldiyi gün Quşdanın kənddə olduğunu hökumət orqanlarına çatdırılıb. Sovet qoşunları dan üzü təzəcə söküləndə onun evini mühasirəyə alıblar. İşğalçıların silahı yerə qoymaq, təslim olmaq təklifini rədd edən 28 yaşlı Quşdan düşmənlə qeyri-bərabər döyüşə girib, sonuncu gülləsini isə başına sıxaraq, özünə qəsd edib. Yəni ölümünün belə, düşmən əliylə reallaşdırılmasına imkan verməyib.

Bəli, “canişin” rejiminin harınlatdığı məmurdan öz qisasını dədə-baba qaydası ilə alan (hüquq işləmirsə, bu artıq vətəndaşın günahı deyil) Keçili sakini məhz bu kənddə doğulub. Törətdiyi qanlı hadisə təqdir ediləsi olmasa belə, o, dədə-baba qaydasına baş vurmaqla sübut etdi ki, hər bir Keçili sakininin təhtəlşüurunda bir Qaçaq Quşdan ruhu yaşayır. Dövlət də bunları nəzərə almalı və qulaqkəsmə hadisəsinə adi bir məişət zəminli cinayət faktı kimi baxmamalıdır. Əks halda, ədalətə güvənini itirən məmləkətimizi yaxşı tale gözləməyə, neçə “kişi” qulaqsız, neçə ailə ərsiz və atasız qala bilər?

Heydər Oğuz,

Ovqat.com

Bənzər yazılar

Back to top button