HadisəGündəm

Məhkəmə Hafiz Babalının həbs müddətini sentyabrın 20-nə qədər uzadıb

İyulun 9-da Bakının Xətai Rayon Məhkəməsi istintaqın “Abzas Media-nın işi” üzrə həbs olunmuş araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətinin 2 ay 7 gün – sentyabrın 20-nə qədər uzadılması haqqında təqdimatını təmin edib, bu barədə Turan-a onun vəkili Rəsul Cəfərov bildirib.

İclasda müdafiə tərəfi Babalının həbsdə saxlanılmasının əsassız olduğunu bildirib və qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında əks vəsatət təqdim edib.

Jurnalist özü qaçaqmalçılıq ittihamlarını təkzib edib, ona qarşı cinayət işini jurnalistika ilə əlaqələndirib və məhkəmənin diqqətini səhhətindəki problemlərə çəkib.g

Babalı gözdən üçüncü qrup əlildir. Bundan başqa, o, aşağı ətrafların venalarının varikoz genişlənməsindən əziyyət çəkir.

Bununla belə, məhkəmə müdafiə tərəfin vəsatətlərini təmin etməyib və jurnalistin həbs müddətini uzadıb.

Cəfərov qeyd edib ki, müdafiə tərəfi elə bu gün məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

* 2023-cü ilin noyabr və 2024-cü ilin yanvar ayında Abzas Media ilə əlaqəsi olan altı jurnalist və mətbuat işçisi “qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” ittihamı ilə həbs olunub.

Aprel ayında bu iş üzrə meclis.info saytının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də həbs olunub. Sonradan onların işləri ayrıca icraata ayrılıb.

İyunun 1-də Abzas Media-nın işi üzrə iqtisadçı Fərid Mehralızadə də həbs olunub.

Həbs olunanlar özlərini təqsirli bilmirlər. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb. Beynəlxalq təşkilatlar həbs olunan şəxsləri azad etməyə çağırıb.

Bənzər yazılar

Back to top button