İqtisadiyyat

Azərbaycan pomidoru alır da, satır da – Qiymət isə həmişə bahadır

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Türkmənistandan 304.9 min ABŞ dolları dəyərində 548 ton pomidor alıb. 2023-cü ilin ilk dörd ayı ərzində Türkmənistandan Azərbaycana 109.5 ton pomidor gətirilmişdi. Bu isə o deməkdir ki, Türkmənistandan pomidor idxalı beş dəfə artıb. Bu il də, ötən ildəki kimi, bu pomidorun 1 kiloqramının orta gömrük dəyəri 56 sent (95 qəpik) olub.

2023-cü ilin yanvar-oktyabrında Azərbaycan Türkiyədən də pomidor alışını 419 dəfə artırmışdı.

Azərbaycan özü pomidor ixracatçısıdır. Bu məhsul ölkənin qeyri-neft ixracatında əsas rol oynayır.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, 2024-cü ilin ilk beş ayı ərzində Azərbaycandan 108 milyon 587 min ABŞ dolları dəyərində 86 min 67 ton pomidor ixrac edilib. Ötən ilin eyni dövründə Azərbaycandan xaricə 91 milyon 472 min dollar dəyərində 78 min 76 ton pomidor göndərilmişdi. Yəni, pomidor ixracı həm miqdar, həm də dəyər ifadəsi ilə artıb.

Qiymətə gəlincə, bu il pomidorun baha olduğu bildirilir. May və iyunda qiymət 3-5 manat arası dəyişirdi. Ötən ilin bu vaxtı pomidor 2.50-3 manata satılırdı.

Maraqlıdır ki, pomidorun ixrac qiyməti ölkənin daxili bazarlarında olan qiymətindən ucuzdur. DSK-nın məlumatına görə, 1 kiloqram pomidorun orta ixrac qiyməti 2024-cü ilin üç ayında 2.38 manat olub.

Kənd Təsərrüfatı Nazirliyindən Turana bildirilib ki, Azərbaycanda açıq və qapalı sahələrdə, ümumilikdə 18 min hektarda pomidor becərilir. İldə 800 min tondan artıq məhsul götürülür.

Qurumun məlumatına görə, son illər ölkədə pomidorun istehsalı dəfələrlə artıb: “Nazirlik pay torpaqlarında qurulan istixanalara, sənədi olanlara, məhsulunu bəyan edənlərə – qapalı və açıq şəraitdə yetişdirməsindən asılı olmayaraq, – pomidorun hektarına görə 280 manat subsidiya ödəyir”.

Qiymət məsələsinə gəlincə, nazirlik bunu deyir: “Qiymətləri bazar tənzimləyir. Bu bizim səlahiyyətimiz dairəsində deyil”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda ildə 860 min ton – adambaşına 86 kiloqram pomidor istehsal olunur: “Bu, Dövlət Statistika Komitəsinin məlumatıdır və çox yüksək göstəricidir. Adambaşına düşən 20 kiloqram – 200 min ton ixrac edilir”.

Ekspertin sözlərinə görə, qalan 660 min ton əhali üçün kifayət etməli, idxala ehtiyac olmamalı və qiymət də indikindən iki dəfə aşağı olmalıdır: “Qonşu Gürcüstanda əhali bizdən üç dəfə az pomidor istehlak edir, amma iki dəfə ucuz qiymətə alır”.

V.Məhərrəmov statistik məlumatların həqiqəti əks etdirmədiyini vurğulayır: “Digər tərəfdən, ölkədə son vaxtlar çoxsaylı istixanalar istifadəyə verilib. Əksəriyyətində də pomidor istehsal edilir. Amma bir çox hallarda biz görürük ki, sahibkarlar istehsal etdikləri məhsulu bazara çıxara bilmirlər. Bu səbəbdən də pomidor istehsalından imtina edirlər. Statistika bunu nəzərə almır və avtomatik olaraq hər il artım göstərilir”.

İqtisadçının fikrincə, ölkədə pomidorun istehsalında və idxalında monopoliya var: “Rusiyaya ucuz qiymətə pomidor idxal edənlər daxili bazara girə bilmirlər. Burada oliqarxlar bir şəbəkə yaradıblar, özləri həm pomidor istehsal edirlər, həm də bazara sahibdirlər. İdxal da onların əlindədir. Bakı bazarlarında qiymətin baha olması monopoliya ilə bağlıdır”.

Bənzər yazılar

Back to top button