Hadisə

Cavanşir Əvəzov ağır cinayətlərdə təqsirli bilindi – Şərti cəza aldı

Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Əvvəlcə deyək ki, eks-idarə rəisi xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə, külli miqdarda dələduzluqda, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, rəsmi sənədləri saxtalaşdırmaqda və başqa cinayətlərin törədilməsində ittiham olunub. Onun barəsində ilkin və məhkəmə istintaqı dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

İttihama görə, Cavanşir Əvəzov qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən yararlanıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrinin rəsmi sənədlərini saxtalaşdırıb başqa-başqa adamların adına rəsmiləşdirib. O, qanunsuz əldə etdiyi gəlirin həqiqi mənbəyini gizlətmək məqsədilə qazandığı pulları leqallaşdırıb.

Sabiq rəis ona verilmiş ittihamları qəbul etməyib. O, özünü təqsirli bilmədiyini deyib.

Bu iş üzrə məhkəmə istintaqı 1 ildən çox davam edib.

Fəhmin Hümbətovun sədrlik etdiyi məhkəmə heyəti işi hərtərəfli araşdırdıqdan sonra C.Əvəzovun verilmiş ittihamlara münasibətdə təqsirli olduğu qənaətinə gəlib.

Hökmə əsasən, Cavanşir Əvəzova 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə müttəhimin cəzanı real çəkməsini məqsədəuyğun hesab etməyib. Əvəzova münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Bənzər yazılar

Back to top button