Hadisə

Azərbaycanda 300-ə yaxın fəhlə xəbərdarlıq tətili keçirdi

Bu gün səhər Ələt-Astara avtomobil yolunun inşasını həyata keçirən “EVRASCON” şirkətinin 300 nəfərə yaxın işçisi şirkətin Salyan rayonunun Çuxanlı kəndindəki düşərgəsinin həyətinə toplaşaraq işə çıxmaqdan imtina ediblər.

Aksiya iştirakçılarının virtualaz.org saytına bildirdiklərinə görə, onlar artıq 5-ci aydır (işə başladıqları vaxtdan-red.) gördükləri işin müqabilində əmək haqlarını ala bilmədikləri üçün işi dayandıraraq xəbərdarlıq tətili etməyə məcbur olublar.

Bir qədər sonra yolçəkənlərlə görüşən “EVRASCON” rəhbərliyinin nümayəndəsi bu gün axşama kimi onların əmək haqqı borclarının ödəniləcəyini bildirib. Bundan sonra aksiya dayandırılaraq iş bərpa olunub.

Qeyd edək ki, “EVRASCON” şirkətində 1000 nəfərdən artıq işçi çalşır.

Virtualaz.org saytı hələ ötən il “EVRASCON” şirkətinin böhran keçirdiyi haqda yazmışdı. Bu firma Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir, adını dəyişib.

Hələ ötən ilin əvvəlində “EVRASCON” ASC-nin 232,7 milyon manat kreditor borcu olub. Bunun 67,5 milyonu banklardan cəlb edilib.

Şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda da, məsələn, Rusiya, Qazaxıstan, Özbəkistan və sair kimi ölkələrdə infrastruktur obyektlərinin inşası ilə məşğuldur. Şirkət 2013-cü ildə adını dəyişərək “Avro-Asiya İnşaat Korporasiyası” – “EVRASCON” ASC olub.

“EVRASCON” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir.

Virtualaz.org

Bənzər yazılar

Back to top button