Bizim seçimSiyasət

AZƏRBAYCAN ALMANLARI – 200: DEPORTASİYA, QAÇQINLIQ, KÖÇKÜNLÜK, ƏSİRLİK, SÜRGÜNLÜK…

200 İLİN 6 GÜNÜ ALMANLARLA

QONAQLARI VALEH EDƏN HƏYAT REALLIQLARI, GÖRÜNƏN HƏQİQƏTLƏR

Bəşəriyyətin bəlasına çevrilən dini münaqişələr, amansız müharibələr, fərqi yoxdur, istər kiçik və biçarə, istərsə də böyük və hegemon hesab edilən dünya xalqlarına olmazın müsibətlər yaşadıb. Müharibə dəhşəti yaşayan dövlətlərin aldıqları ağrılı yaralar sağalsa da, insanlığa vurulan yaralar əsrlərdir sağalmaz olaraq qalır. Dəhşət ondadır ki, bu xalqların saysız-hesabsız oğul-qızları qəribə tale ilə üzləşib, dədə-baba yurdlarından didərgin salınıb, sürgünlər görüb, qürbət yaşayıblar. Doğma-yaxınlarını itirən, qəlblərində çarəsi bulunmayan bir kədərlə yaşayan bu insanların çoxu artıq genefond, milli kök, milli-dini mənsubiyyət anlamlarını belə yadırğayıblar.

Uzun zamandır Avropaya liderlik edən, üç trilyon yarım dollarlıq daxili məhsullu maliyyə-iqtisadi nəhəngindən biri olmaqla, dünyaya meydan oxuyan Alman dövləti, onun dəqiqliyi, yüksək intellektual səviyyəsi ilə daha çox seçilən alman xalqı belə bu bəlanın ağrılı fəsadlarından yan keçə bilməyib.

Almanlar da, azərbaycanlılar kimi, eyni tale yaşayıb. Onların doğma yurd-yuvalarından didərgin salınma səbəbləri içərisində də, müharibələr, sosial-iqtisadi və dini münaqişələr xüsusi rol oynayıb. Bütün bunlardan yorulan alman xalqı XVIII əsrin sonlarından başlayaraq, başqa diyarlara üz tutublar. Deportasiyalar, qaçqınlıq, köçkünlük, əsirlik, sürgünlük həyatı onları da məşəqqətlərə düçar edib.

Rəzalətlərdən bezənlərin müqəddəs ərazi kimi seçdikləri Azərbaycan torpaqlarına köçü isə, 200 il bundan əvvələ, yəni 1819-cu ilə təsadüf edib…

QARANLIQ HƏQİQƏTLƏRƏ İŞIQ SALAN “QIZIL KİTAB”

 

 

…Maraqlı cəhətlərdən biri budur ki, bu həqiqətlər də, sovetlər dönəminin qayda-qanunlarına uyğun olaraq, uzun zaman qovluqlarda gizli saxlanıb, arxivlərdən aşkara çıxarılmasına imkan verilməyib.

Gizlədilən həqiqətlərin tədqiqi sahəsində təcrübəli tədqiqatçı, tanınmış ictimai-siyasi xadim Məmməd Əlizadə vaxtilə Azərbaycan torpaqlarına köç etmiş və sürgün olunmuş alman nəsil və tayfalarının həyat reallıqlarını araşdıraraq, maraqlı və önəmli faktlar, sənədlər əldə edib: Üzə çıxarılan həqiqətlər içərisində nələr yoxdur?!.

Peşəkar tədqiqatçı, bu dəfə də, belə həqiqətləri sübuta ehtiyacı olmayan fakt və sənədlərə istinadən yeni yanaşma tərzində tədqiq edərək, nəfis tərtibatlı kitab şəklində dərc etdirib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan, 14 bölmədən ibarət “Keçmişin qızıl səhifələri” adlı bu əsərdə hər şey əhatəli şəkildə öz əksini tapdığından, kitabdakılar hər yerdə, hətta Almaniyada belə böyük rezonans doğurub. Gərgin keçən bu tarixi mərhələdə oxşar keşməkeşli günlərini yaşayan azərbaycan və alman xalqlarına ciddi töhfə olan bu əsərə həmin ölkədə maraq getdikcə daha da artıb. Yazılan bu əsər hər iki xalqın tale körpüsü olduğundan, almanlar da, bu kitabı oz ölkələrində doğma dillərində böyük tirajla dərc etdiriblər.

Əsərdə göstərilən araşdırma və faktlar öz maraq göstəriciləri qədər düşündürücü olduğundan, kitabın alman əsilli redaktorları Fransisko və Malte Heldemanlar, Almaniya kansleri Angela Merkelin respublikamıza rəsmi səfəri öncəsi Bakıya gələrək, Məmməd Əlizadə ilə görüşüb və soydaşlarının Azərbaycanda məskən salmalarından keçən 200 ilin 6 gününü müəlliflə birgə yaşayıblar.

“Kitabın yazılmasında təşəbbüs, bütövlükdə Almaniyanın investisiyası ilə yaradılan, fəaliyyətə başladığı gündən geniş və səmərəli fəaliyyət göstərən “Akstafa Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Rəsul Orucova və Anar Orucova məxsusdur. Onlarla xeyli məsləhətləşmələrdən sonra, mən əsər üzərində daha ciddi şəkildə işlədim və bu kitabı Azərbaycan dilində “Təhsil” nəşriyyatında nəfis şəkildə çap etdirdik. “Keçmişin qızıl səhifələri”ni alman dilinə tərcümə etdirib, Fransisko və Malte Heldemanların redaktələri ilə, Almaniyada da çapdan çıxarmağa nail olduq.

Rəsul Orucovun dəvətini böyük məmnuniyyətlə qəbul edən alman redaktorlar sentyabr ayının 16-sında Bakıya gəldilər. Ölkəmizdə altı günlük səfərdə olan alman yazarlar sentyabrın 23-dək qonağımız oldular.

Qonaqlarımız səfərlərinin ilk gününü paytaxtımızın tarixi yerləri ilə tanışla başladılar. Ulu Öndərin məzarını ziyarət edəndən sonra, onlar Fəxri Xiyabanda dəfn olunan digər tanınmış şəxsiyyətlərimizin qəbirləri üstünə də gül dəstələri qoydular. Daha sonra Şəhidlər Xiyabanı ziyarət edildi. “20 Yanvar” hadisələri və onun tarixi səbəbləri tam təfsilatı ilə qonaqlarımıza izah edildi.

Qız Qalası, Alman Kirxası, Miniatür Kitab Evi, Xalçaçılıq Muzeyi ilə, ələlxüsus Heydər Əliyev Mərkəzində yerləşən muzey və sərgilərlə tanışlıq ölkəmiz haqqında almanlarda xoş təəssüratlar yaratdı.

Sentyabrın 18-i və 21-i arası tarixlərdə “Akstafa Aqroservis”lə tanışlıq başlandı.

Bütün görüş və gəzintilərdə, Rəsul və Anar Orucovlar da bizimlə bərabər oldular. Azərbaycanda gedən quruculuq işləri, həyat reallıqları və füsunkar təbiət gözəllikləri də qonaqlarımızı valeh etdi.

UZ 2.jpgUZ 1.jpgNövbəti gün o vaxtlar Ağstafada salınmış alman kəndləri ilə tanışlıq başlandı. Ağstafa ilə bərabər, Şəmkir, Tovuz, Xanlar, Göy-Göl, Gəncə və digər bölgələrimizdəki görməli və vaxtilə almanların yaşadıqları yerlərlə tanışlıqlar da olduqca maraqlı alındı.

Bu bölgələrdə yerləşən və almanların yaratdıqları kirxaların ziyarətindən sonra, alman redaktorlar əsərin tam həqiqətlər əsasında qələmə alındığına bir daha qəti əminlik ifadə etdilər”, araz.az-ın əməkdaşlarına kitab müəllifi Məmməd Əlizadə deyir.

KƏDƏRLƏ BAŞLANAN, SEVİNCLƏ BİTƏN HƏYAT HEKAYƏLƏRİ

Peşəkar tədqiqatçı bu qiymətli və önəmli əsərini 1919-cu ildə Azərbaycanın ilk istiqlal paytaxtı Gəncə şəhərində məskunlaşmış alman nəsil və tayfaları arasında geniş yayılan təsirli bir mahnı ilə başlayıb:

– Səslən, mənim mahnım!

De ki, almanlar bu gozəl məkanda

gozəl bir həyat qurublar.

Alman qardaşlarıma de ki,

biz onların döyünən urəklərinin

səsini yanımızda hiss edirik.

Vətəndən uzaqlarda yaşamaq qismətimizə düşsə də,

biz bu gozəl diyarda – Azərbaycanda

alman tayfası olaraq qalırıq və qalacağıq da.

Dunən dost idik, bu gunsə qardaşıq!

Araz.az-ın əməkdaşları ilə səmimi söhbətini davam etdirən müəllif, əsərini nədən bu mahnıyla başlamasına da aydınlıq gətirib: “Həyatın mənasını anlayandan alman xalqına xüsusi hörmət və ehtiramım olub. Deyəcəksiniz, nədən?! Bu barədə, bir qədər sonra…

Öncə onu qeyd edim ki, doğulub, boya-başa çatdığım Naxçıvanda, orta məktəbdə oxuyarkən, evimizə atamın bir qonağı gəldi. Onda, dahi bir ədib olaraq, bu gün də qəlbimdə tükənməz bir sevgisi olan Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” romanını yenicə oxuyub qurtararaq, Suat Dərvişin sovetlər dönəmində zorla tapılan “Fosforlu cevriyə” əsərini oxumağa hazırlaşırdım.

Xoş, beş, on beşdən sonra, atamın Ordubaddan olan dostu çay süfrəsi arxasında bizə maraqlı bir müharibə əhvalatı danışdı. Dedi ki, epizodun əsas qəhrəmanları onun qonşuluğunda yaşayırlar – biri əmisi nəvəsi Muxtar, digəri isə, alman qızı Erikadır; Onların maraqlı həyat hekayələri indiyədək hamını heyrətləndirib.

Kəsəsi, faşistlərlə ölüm-dirim savaşında Muxtar ağır yaralanaraq, əsir düşür. Gözlərindən ağır zərbələr alan əsir əsgər hospitalda yerləşdirilir və müalicə alır. Görmə qabiliyyətini tamamilə itirən gözlərinin müalicəsində alman tibb bacısının və onun 15 yaşlı rəfiqəsi Erikanın zəhməti böyük olur. Elə, hospitaldaca, Muxtarla Erika arasında maraqlı, maraqlı olduğu qədər də heyrətləndirici bir eşq hekayəsi yaşanır.

Muxtar sağaldıqdan sonra, Erikanın köməkliyi sayəsində birtəhər Naxçıvana qayıda bilir. 1927-ci il təvəllüdlü Erika Əliyeva düz o vaxtdan kor sevgilisindən ayrılmayıb – onun qulluğundadır min bir əzab-əziyyətlə. Şükür Böyük Allaha ki, Övladları xoşbəxt bir ailədə böyüyüblər…

Onda, uşaq olsam da, atamın dostunun söylədikləri məni də çox heyrətləndirdi: Sağ olsun, alman qızı! Əlil soydaşımıza qarşı sadiqliyinə, yenilməz məhəbbətinə, sevgi və sayğısına görə, hamı ona minnətdarlıq hisslərini çatdırır.

Bu alman qızının azərbaycanlı oğlanla həyat hekayəsi kədərli notlarla başlayır və sevinclə sonuclanır. Haqlarında, öncəsi insanları kədərə qərq edən, sonrası tamaşaçılara sevinc bəxş edən telefilmlər də çəkilib. Hətta, Türkiyənin nüfuzlu “TRT – 1” kanalı da, “Erika Əliyeva: Həyat hekayəsi” və “Səhra gülü” adlı bu filmləri dəfələrlə nümayiş etdirib. Həmin filmlər, indi də, internetdə, Yutubda ən çox izlənilənlər sırasındadır.

Mən, Rəşad Nuri Ğüntəkinin və Suat Dərvişin əsərlərinin təsirindən ayılmadığım kimi, tamaşaçılar da bu həyat hekayələrinin təsirindən ayılmayıblar.

Sonradan öyrəndim ki, ölkəmizdə, Muxtar və Erika kimi, nə qədər belə bədbin həyat yolu keçən azərbaycanlı-alman qarışıq ailə başçıları olub və bu gün də var.

Kitabımı bu mahnı ilə başlamağımın əsas səbəbi də, elə, belə həyat hekayələrinin həddən-ziyadə çox olmasıdır. Demək olar ki, əsərdə belə real həyat hekayələrinin əksi olan təsirli epizodları da çox vermişəm.

Götürək, əsərdəki bu epizodları: Alman və Azərbaycan xalqlarının ünsiyyətinin əsasını təşkil edən koloniyalarda hamı eyni həyat yaşayıb. Daha sonralar bu iki xalqın birgə sürgünlük həyatı başlayıb. Azərbaycanlılar da, almanlar kimi, Sibirə və Qazaxstanın intəhasız çöllərinə sürgün ediliblər, bu yerlərdə bərabər məşəqqətli ömür yaşayıblar, doğma qardaş-bacılartək ağrı-acılarını birgə keçiriblər.

Alman, azərbaycanlı… oxucuları daha çox təsirləndirənlər də bunlardır – əsl həyat həqiqətlərini ortaya qoyur.

…Bax, sadiqlik və bu kimi əsas xüsusiyyətlərinə görə, mənim uşaqlıqdan almanlara xüsusi sayğım, sevgim olub. Sonralar tanınmış yazar, Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasında xüsusi xidmətləri olan bir ictimai-siyasi xadim, “20 Yanvar” faciəsindən dərhal sonra Lefortofo zindanı məşəqqəti yaşamış bir siyasi məhbus… kimi də, mən, daim bu qənaətdə olmuşam ki, almanlar böyük və saf bir xalqdır. Onlarla dəqiqliyə və saflığa yönəli hər bir əməkdaşlıqla hər şeyə nail olmaq mümkündür. Hətta, siyasi analizlərimin son nəticəsi də, məndə belə bir qənaət yaradır ki, əgər almanlar İkinci Dünya müharibəsində qalib gəlsəydilər, biz əsrlər boyu itirdiyimiz torpaqlarımızı çoxdan özümüzə qaytarardıq. Və Böyük Azərbaycan xəyallarımız da reallaşmış olardı…”.

“ERMƏNİ ƏLİYLƏ KİLSƏMİZƏ OD VURULDU!” – SÜRGÜN YAZIÇI

Sürgünlük həyatı yaşayan yazıçı Ernest Allemendi də, bu ağrı-acılardan qaça bilməyib. Sürgünlükdə olarkən itkin düşmüş anasına bir məktub yazıb. Əsirlik, sürgünlük həyatı yaşayanların taleyini əks etdirən bu məktubu hər yerdə paylayıb. Daha sonralar, yazıçı özünün məşhur “Qafqazda bir alman kəndi” kitabında, sürgünlərlə bağlı həmin xatirəni də, əlavə olaraq yada salıb.

Müəllif deyir ki, sürgündə itirilmiş bu məktubu ona Bakıdakı alman kilsəsində təqdim ediblər. Mövzunun aktuallığını və ağrılı tariximizin bir parçası olduğunu nəzərə alaraq, o, bir daha diqqətini həmin məktuba yönəldib:

“…Ömrünü, taleyini keçilməz yollarda, tikanlı məftillər arxasında qoyan, sərt şaxtalarda donaraq, can verən əziz, sevimli, mehriban anam! Tale imkan vermədi ki, səni çox görüm, südünü əmərək, ciyərlərimə çəkim. Sürgün həyatı məni yordu. Sənə yenə məktub yazıram. Bəlkə, əlinə yetişdi. Amma imkan varsa, bu məktubu özün oxuma, kiməsə oxut, qulaq as – təsirinə dözməyəcəyindən çox qorxuram!

Əziz anam! Napoleonla müharibədən sonra, Almaniyada xalqın vəziyyəti son dərəcə dözülməz oldu. Bunun nəticəsində, Almaniyadan kütləvi köçkünlüklər başladı. 1816 – 1817-ci illərdə 15 koloniyadan ibarət olan 1400-dən çox ailə (6000 nəfər) öz vətənlərini tərk etdilər. 40 ailədən ibarət olan birinci koloniya min bir əzab-əziyyətlə gəlib Tiflisə çatdı və şəhərin yaxınlığında, azərbaycanlıların yaşadığı ərazidə ilk koloniya olan Marienfeldin əsasını qoydular. Bir neçə koloniya artıq irəli getmək istəməyərək, Odessada məskunlaşdı, qalanları isə, Qafqaza, öz həmyerlilərinin yanına getməyi üstün tutdular. Onların yolu Xerson, Rostov, Stavropol, Mozdokdan… keçirdi. Yolda yüzlərlə adam xəstəlikdən, epidemiyadan və soyuqdan həlak oldu. Cətinliklər həddən-ziyadə çox olsa da, öz məqsədlərinə çatanlar da oldu.

Mənim Mehriban anam!

Gürcüstanda köçkünlər Ekaterinenpol, Aleksandrdorf, Yeni Tiflis… kimi koloniyalar saldılar. 8, 9 və 10-cu koloniyaların başçıları Qottlob Kox, Yakob Krauze və İohann Vuxer Azərbaycanın Yelizavetpol (indiki Gəncə – red.) quberniyasında yaşamaq üçün, bu dövlətdən icazə aldılar. 1818-cu ilin dekabrında kazakların müşayiətilə, yorğun və əldən düşmüş həmin köçkünlər Yelizavetpola gəldilər.

Alman köçkünləri boş qalmış qonaqlar kəndini yenidən bərpa etməyə başladılar. Azərbaycan ərazisində ilk alman koloniyası – Helenendorf yaradıldı. 1915-ci ildə bu kənd, rusların göstərişi ilə, Yelenina, 1938-ci ildə isə, Xanlar adlandırıldı. Sonralar Xanlar rayon mərkəzinə çevrildi. Bura, Azərbacan ərazisində ilk böyük alman icması idi. 1821-ci ildə ilk dəfə olaraq, İsveçrə missionerlərinin köməyi ilə, burada Sinod da çağrıldı.

Ana! Sinod, Zaqafqaziyanın bütün alman icmaları üçün, birinci ümumi Kilsə Nizamnaməsini qəbul etdi…

1821-ci ildə köçkünlərin dini xadimi Yohann Yakob Krauz ilk ibadətxana açmağa cəhd göstərdi. 1834-cü ildə artıq belə bir ibadətxana hazır idi. 1842-ci ildə ilk məktəb də tikildi. Köçkünlərdən olan xristian inanclı Qottlob Krauz və Qeorq Haynrix Hummel uzun müddət bu məktəbdə fəaliyyət göstərdilər. 1854-cü il aprelin 24-ü Müqəddəs Yoharnı kilsəsinin ilk təməl daşı qoyuldu. Bu kilsədə köçkünlərin həyatı haqqında tarixi məlumatlar da saxlanılır. Çünki hər xalqın öz milli yaddaşı olmalı idi. Lakin heç kəsin bilmədiyi bir gecədə, 1865-ci ildə, ermənilərin əliylə kilsəmizə od düşdü…”.

Müəllif, söhbət zamanı, araz.az-ın müxbirlərinə onu da deyib ki, o vaxtlar Qafqazda yaşamış rus yazıçısı L. İ. Alekseyevin “Qeydlərim” kitabından götürüb, əsərinə əlavə etdiyi bir epizod da, Azərbaycan almanlarının ağrı-acıyla başlayan və sevinclə sonuclanan həyat hekayələrinin daha bir sübutdur:

“…Mülayim yay aхşamları musiqi vә mahnı sәslәnәndә, gәnclәr rәqs edәndә, qоcalar isә, çubuqlarını tüstülәdәrәk, aram-aram söhbәtləşəndə Almaniyanın uzaqlığına, bu insanların isә, qürbәtdәyaşadıqlarına çәtin inanmaq оlurdu. Belә tәsәvvür yaranırdı ki, оnlar tәkcәVәtәn tоrpağını tәrk etmiş, lakin оnun mәdәniyyәtini, әnәnәlәrini özlәri ilәgötürmüş, özlәrindә tоplamışlar. Kоlоnistlәrin özlərinin dediyi kimi, əgәr musiqi çalınarsa, оnda uzaq Qafqazda da hәvәslә pərc edərlər. Oxuduqları təsirli mahnıları insanı başqa aləmə aparar…”.

OXUNMADAN, YAZILMADAN YARIMÇIQ QALAN TARİX;

ÖN SÖZÜ OXUMAQ KİFAYƏTDİR Kİ…

Heç şübhəsiz, haqqında söhbət açdığımız və uzun zaman arxiv və qovluqlarda gizli saxlanılan fakt və sübutlar əsasında qələmə alınmış bu “qızıl kitab”, vərəqləri oxumayan və yarımçıq qalan məşəqqətli tariximizin, dözülməz taleyimizin bir parçasına çevrilən mühüm bir dönəminə yeni yaşam verir. Müəllifinin dediyi kimi, iqtisadçı, hüquqşünas Rəsul Orucovun 272 səhifəlik kitaba yazdığı ön sözü oxumaq kifayətdir ki, əsərin mənasını və önəmini qabaqcadan biləsən. Sözün həqiqi mənasında, Rəsul Orucov ön sözü əsərin aynasına çevirə bilib – bundan o yana görünməyən nə qalır ki?!

Ön söz müəllifi də, əsərin faydasını və sanballı olduğunu qısa xülasələrlə ortaya qoyur – nələrdən söhbət açmır. Yazır ki, məlum sirli həqiqətlərin ehtivasi olan iki yüz ilin tarixini bir gündə vərəqləmək olmur. Çunki bu əsər, əsasən, iki qədim tarixi keçmişi olan xalqı yaxınlaşdıran prinsiplər barədədir. Tarixin sevilən, seçilən və müdrik hər iki xalqı məhz məlum prinsiplər uğrunda tarixboyu çarpışıb. Məsələn, həm alman xalqının, həm də Azərbaycan xalqının milli, mənəvi, əxlaqi dəyərlərə söykənərək ədalət, ləyaqət, düşmənə qarşı mübariz olmaq, kəsilən çörəyə, salınan süfrəyə hörmət etmək, xeyirxahlıq, hər işdə və hər ölçüdə təmiz vicdanı meyar tutmaq prinsipləri daim üst-üstə düşüb və bu prinsiplər onların həm həyatda, həm də bütün tarixi proseslərdə yaşamalarını, qalmalarını tənzimləyib.

Deyilənlər, fakt və sənədlər əsasında, yeni bir strateji yanaşma ilə kitabda öz təhlilini tapır. Qeyd olunur ki, çar Rusiyasının Azərbaycanı işğal etməsi, alman nəsil və tayfalarının bu yerlərə köçürülməsi işinin sürətlənməsinə rəvac verib. Daha dəqiq desək, bundan öncə, – Azərbaycan ərazilərinin İran və Rusiya arasında bölünməsinə imkan verən Gülüstan və Türkmənçay müqavilələrindən sonra, – işğal olunmuş torpaqlarımıza Türkiyədən və İrandan gəlmələrin köç etməsinə geniş imkanlar yaradılıb. Ortada iyrənc bir istək olub – burada yerləşdirilən xalqlarla, yerli əhalini qarşı-qarşıya qoymaq!

Çar Rusiyasının bu istiqamətdə apardığı bu iyrənc siyasət, doğrudan da, bölünən Azərbaycanı bir daha bölməyə, onu da başqa xalqlara qarşı qoymağa və nəhayət, onun tarixdəki gücünü sarsıtmağa, yerini daraltmağa hesablanmışdı. Bunun ardınca Avropa xalqlarının köçürülməsi siyasətinə başlanılması planının işə salınması əsl həqiqətləri ortaya qoyub. Lakin Napoleonun Avropada apardığı müharibələrin Almaniyanın iqtisadi həyatına vurduğu ağır zərbələr, bunun əsas səbəbi kimi, müxtəlif yalan izahlarla yerli camaata çatdırılıb.

Bu planı da, o vaxtlar rus qoşunlarının allahsız və qəddar baş komandanı general Yermolov həyata keçirib. O, yerli camaata kənd təsərrüfatı və digər sahələrdə çalışmalarını bəhanə edərək, vətənlərindən sürgün olunmuş almanların da, ermənilərlə birlikdə köçürülməsini təklif edib.

Tarixi proseslər də göstərdi ki, çar Rusiyasının strateqləri Azərbaycana qarşı yürüdülən bu siyasətdə böyük və bağışlanmaz səhv etdilər. Çünki almanlar, heç vaxt, ermənilər kimi, rusların və farsların “çaldıqları havaya qol qaldırmadılar”.

Bu barədə general Yermolovun özünün yazdıqları, ən maraqlı faktlar kimi, kitabda da yerini tapıb: “Biz belə hesab edirdik ki, alman nəsil və tayfalarının Azərbaycana köçürülməsindən sonra, burada uzun müddət səngiməyən qarşıdurmaların, kiçik müharibələrin, qırğınların şahidi olacağıq. Amma biz və imperator başqa siyasi mənzərənin şahidi olduq. Gördük ki, çətin və ağır həyat şəraiti olan Azərbaycanda yerli camaat öz vətənlərindən sürgün olunmuş alman nəsil və tayfalarını öz doğmaları kimi qarşıladı. Onlara əkib-becərmək üçün torpaqlar verdilər. Köməkləşib ev tikdilər, yeni yurd yerləri saldılar…”.

HİYLƏGƏR YEKATERİNANIN İYRƏNC MANİFESTİ

Məlum həqiqətlərdən biri də bu idi ki, həmin dövrlərdə alman kəndlərinin təsərrüfat həyatı, demək olar ki, pozulmuş, iflic olmuşdu. Getdikcə artan vergiləri ödəmək çətinləşmiş və becərilən torpaqların sahəsi isə, xeyli azalmışdı. Rusiyanın hakim dairələri bu vəziyyətdən istifadə edərək, almanları Qafqazda yerləşdirməyə üstünlük verirdilər. Çünki çar hökumətinə, uzaqməqsədli planlarını həyata keçirmək üçün, Qafqazda möhkəmlənmək olduqca vacib idi. Digər tərəfdən I Pyotrun və II Yekaterinanın hökmranlıqları dövründə aparılan işğalçı müharibələrlə Rusiya imperiyası ərazilərini xeyli genişləndirmişdi. Zəbt olunan ucsuz-bucaqsız torpaqlarda isə, əkib-becərmək üçün işçi qüvvəsi çatışmırdı. Ona görə də, II Yekaterina 1763-cü ildə xarici vətəndaşların Rusiyaya məxsus torpaqlara köçürülmələri barədə Manifest vermişdi.

Hesab etmək olar ki, bu sənəd gələcəkdə torpaqları güclə Rusiya ərazisinə daxil edilən xalqların taleyində vacib rol oynadı. Bu Manifestdən dərhal sonra, İsveçrə almanlarının da, Zaqafqaziyadakı torpaqlara meyilləri artdı. Nəticədə, 1817-ci ilin sonlarında 488 Şivab ailəsi (İsveçrə almanları) Zaqafqaziya ərazisinə köç etdi. 1818-ci ilin sentyabrında isə, rus çarının digər Sərəncamı ilə, Gürcüstana köç edən alman kəndliləri Tiflis yaxınlığındakı azərbaycanlıların məskunlaşdığı ərazidə Marienbaum qəsəbəsini saldılar. Bir il sonra Avropadan köçüb gələn almanların Gürcüstanda daha 5 koloniyası yarandı.

Məlumat üçün bildiririk ki, həmin illərdə əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan Tiflis şəhəri azərbaycanlıların mədəniyyət mərkəzi kimi qəbul olunurdu. Rus tədqiqatçısı N. Şavrovun qeyd etdiyi kimi, sonrakı mərhələdə öz vətənlərində «lazımsız» hesab edilən 500 vürtemberqli alman ailəsinin köçürülməsinə başlanıldı. 1818-ci ilin soyuq dekabrında Vürtemberq krallığından gəlmiş alman köçkünlərinin arabaları Yelizavetpol (indiki Gəncə) şəhərinə daxil oldu. 1819-cu ildə almanlar hər birində təxminən 50 ailə olmaqla, 3 koloniya ilə Gəncədən 8 kilometr aralıda, Xanarxlar deyilən kəndə (indiki Göygöl şəhəri) köçərək, Helenendorf koloniyasının əsasını qoydular. İçərisində 67 ailə olan digər dəstə isə, Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında ikinci koloniyanı saldı. Almanlar tərəfindən salınan koloniyalardan birincisi rus çarı Aleksandrın qardaşı arvadı Yelenanın şərəfinə Helenendorf, ikincisi isə, bacısı şahzadə Anna Pavlovnanın şərəfinə Annenfeld adlandırıldı.

Taleləri təbiətin öhdəsinə buraxılan Annenfeld sakinləri arasında 1818 – 1831-ci illərdə dəhşətli xəstəlik yayıldı və taundan 450-dən çox adam həlak oldu. İlk illər Helenendorf sakinləri üçün də eyni dərəcədə ağır və məşəqqətli keçdi. 1842-ci ildə I Nikolay xəstəliklərin yayılmaması üçün, sakinlərin köçürülməsi barədə əmr verdi. Beləliklə, alman nəsil və tayfaları yenicə qurub-yaratdıqları yurd-yuvalarından təkrarən Annenfeld kəndindən 8 kilometr şimala köçürüldü. Daha sonra, almanların Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Eygenfeld (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld (Tovuz rayonu) və Yelizavetinka (Ağstafa rayonu) kimi yeni koloniyaları yarandı…

AZƏRBAYCAN ALMANLARINA AĞRILI ERMƏNİ ZƏRBƏLƏRİ

…1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasını həzm edə bilməyən çar Rusiyası tərəfindən silahlandırılmış erməni daşnakları Azərbaycan kəndlərinə hücum etdilər. Azərbaycan ərazisində məskunlaşan alman nəsil və tayfaları çox ağır talelərinə baxmayaraq, həmişə azərbaycanlıların yanında olmaqla, özlərini onlardan ayrı hiss etmədilər.

O dövrün arxiv sənədlərinə görə, Azərbaycan ərazisində sürgün həyatı keçirən, özlərinə min bir əzabla həyat quran və bu həyatda yaşamaq üçün vətəndaşlıq hüququ qazanan alman ailələri və tayfaları da, erməni separatçılarının hücumlarına məruz qaldılar. Məsələn, 1917-ci il noyabr ayının 12-dən 13-ə keçən gecə Şəmkir çayının ərazisində məskunlaşan alman koloniyasına qarşı basqınlar nəticəsində 42 alman ailəsindən olan 57 nəfər öldürüldü. Onların qızlarına, gəlinlərinə ağlasığmaz təcavüzlər edildi. Məhv edilən almanlar ertəsi gün Şəmkirçayın ərazisində dəfn olundular. Bakıda və Bakıətrafı yaşayış məntəqələrində, Gəncədə, Şamaxıda və digər ərazilərdə də eyni hadisələr təkrar olundu.

Almaniya – Azərbaycan münasibətlərində belə bir tarixin və taleyin oxunmamış səhifələrini məhz bu kitabda tapıb, oxumaq mümkündür. Alman nəsil və tayfalarının Azərbaycan torpalarına qədəm qoymalarından, bu yerlərə sürgün olunan günlərindən artıq iki yüz il keçir. Onlar bu torpaqlara yurd-yuvalarından qovulmuş, isti ocaqlarından olmus, əsir və girov götürülmüş, sürgün edilmişlər kimi yaşamağa gəldilər. Biz də bu tarixi yaşamışıq və yaşayırıq. Lakin əsir kimi gələn alman nəsil və tayfaları bu diyarda – Azərbaycanda yollar saldılar, intəhasız çöllərə su çəkdilər, dirliklər yaradıb, bağ-bağat becərdilər.

Bu zaman Almaniya tarixçilərinin, alman genetiklərinin, həkimlərinin 9 iqlim qurşağı olan Azərbaycanla bağlı olduqca əhəmiyyətli proqramları ortalığa qoyuldu və onların bir qismi elmi, texniki tədqiqatlarını aparmaq üçün, Azərbaycana gəldi. Çünki almanlar bilirdilər və gördülər ki, bu yer necə zəngin, saf və təmiz yerdir. Adamları isə, xüsusi ləyaqət sahibidirlər. Məhz bu baxımdan, alman tədqiqatçıları çar Rusiyası ilə xüsusi müqavilələr imzaladılar.

Məlum və acı həqiqətləri bir daha qeyd edək ki, 1914-cü ildə – I Dünya müharibəsi başlayanda rus çarı I Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda, Azərbaycanda və digər yerlərdə yaşayan almanların Sibirə köçürülməsini əmr etdi. Bu zaman yalnız Gəncə quberniyasındakı almanlar köçürülmədi. O zaman Gəncə ictimaiyyəti, xüsusən də Rəfibəyov qardaşları və məşhur din xadimlərindən ibarət Gəncədə yaradılmış və Şeyx Mehdi Allahyar oğlu Vəlinin başçılıq etdiyi «Gəncəyə pənah gətirən almanları himayə edən Şura»nın 12 nəfərdən ibarət üzvü Qafqaz canişininin yanına gedərək, almanlara zamin durub, onların köçürülməsinə imkan vermədilər.

Yalnız 1918-ci ildə Azərbaycandakı almanların sayı 6000 nəfərə çatıb. Onlar həmin il Azərbaycana yerləşmələrinin 100 illiyini təntənə ilə qeyd ediblər. Almanların say artımı, uğurları və onların yerli əhali ilə mehriban münasibətləri, onları başqa iyrənc istəklə buraya yerləsdirənləri lap qorxuya salıb. 1940-cı ilin əvvəllərində Kremldə Azərbaycana sürgün olunmuş alman nəsil və tayfalarının Sibirə, Qazaxıstanın ilan mələyən çöllərinə sürgün olunmaları müzakirə olunub.

Böyük Vətən müharibəsinin başlanması almanlara da, bəlalar gətirib. Hitlerin SSRİ-yə hücumu onlara qarşı əvvəlcədən düşünülmüş iyrənc planların işə düşməsinə rəvac verib.

Nəhayətdə, 1941-ci ilin sentyabrında Stalinin əmri və Mikoyanın təşəbbüsü ilə, təqribən 20 mindən çox Azərbaycan vətəndaşı olan alman heç bir tutarlı dəlil olmadan Qazaxıstanın intəhasız çöllərinə və Sibirə sürgün edildilər. Onların abad evlərinin çoxuna isə, Mikoyanın havadarlığı ilə ermənilər yerləşdirildi.

Tarixdən də məlumdur ki, 1941-ci ildə almanlar Xanlardan sürgün edilənədək, bu rayon ərazisində, bir nəfər də olsa, erməni yaşamayıb. Almanlar sürgün olunduqdan sonra, azərbaycanlılar onların evlərində yaşamağı özlərinə rəva bilməyiblər. Ermənilər isə, bütün evləri zəbt ediblər.

Bütün bunlar, erməni separatçıları tərəfindən Azərbaycan almanlarına deyən ağrısı unudulmaz zərbələrdir. Tarix, tarixçilər isə, hələ də susur!…

QONAQLARIMIZLA AZƏRBAYCANIN ALMAN MƏSKƏNLƏRİNDƏ

Azərbaycana sürgün olunmuş alman nəsil və tayfalarının gün-güzəranı, həyat tərzləri bir sıra xarici ölkə səyyahlarının da marağına səbəb olub. XIX əsrin sonlarında Azərbaycana sürgün olunmuşların güzəranları ilə maraqlanaraq, ölkəmizə gələn, İranda yaşayan milliyyətcə fransız olan səyyah Fransua Aleksis, amerikalı Karl Uilyam və Samner Koel, hind filosofu Naren Dranah və başqaları Azərbaycanda məskunlaşan alman nəsil və tayfaları ilə görüşmək üçün xüsusi icazələr alıblar. Müşahidəçi qismində isə, çarın göstərişilə şamaxılı Məhəmmədtağı Əliyev iştirak edib.

Azərbaycan torpağı sürgün olunmuşları, vətənlərindən, doğma ocaqlarından didərgin salınmış alman nəsil və tayfalarını sevdi və qapılarını onların üzünə geniş açdı. Yerlilərin bəzisi illərdən bəri istifadəsiz qalan halal evlərinin qapılarına vurduqları paslı qıfılları, zəncirləri sındırıb atdı, qədim dədə-baba mülkünü alman nəsil və tayfaları üçün daimi yaşayış yerinə çevirdi. Nə üçün?! Çünki torpağımıza gələn, sürgün olunmuş almanlarda hiylə, satqınçılıq, nəfs, tamahkarlıq, xainlik, paxıllıq, ədalətsizlik, vicdansızlıq yox idi. Xislətləri təmiz idi. Şərə gəlincə, onlar xislətdən, nəfsdən qorxaraq, bu bəd əməllərdən həmişə çəkiniblər. Həm də, ona görə ki, alman nəsil və tayfaları bu diyara yaşamaq üçün, öz vətənlərində yarımçıq qalan istək və arzularını tamamlamaq üçün gəlmişdilər. Onlar məhz belə bir istəyi Azərbaycanda yaşadılar.

Azərbaycanın Şəmkir, Gəncə, Tovuz, Göygöl, Gədəbəy, Mingəçevir, Yevlax, Goranboy, Qazax, Ağstafa torpaqlarında, Bakı və Bakıətrafı ərazilərdə məskunlaşan almanların yerli ailələrlə assimilyasiyası da çox güclü oldu. Təkcə Bakıda 100-dən artıq alman qızı azərbaycanlı oğlanlarla ailə qurdu. Azərbaycan xalqı bu yaxınlığı, bu münasibəti həmişə şərəfli bir addım hesab etdi…

Bəs, Azərbaycana və Azərbaycandan alman nəsil və tayfaları niyə köçürülüb?! Onlar nədən öz dədə-baba torpaqlarından olduğu kimi, ikinci vətənlərində əzab-əziyyətlər hesabına qurduqları yurd-yuvalarından da didərgin salınıblar?! Onların özləri bu barədə nə danışırdılar?!

Məmməd Əlizadə deyir ki, bütün bu sualların cavabı bu “qızıl kitab”ın köməyi ilə artıq artıq Almaniyadan gələn qonaqlarımıza – bu sahənin mütəxəssislərinə bəlli olsa da, bəzi qaranlıq məqamlara aydınlıq gətirmək onların qarşısına vacib vəzifə kimi qoyulub: “Ona görə ki, alman mənbələrində bu məsələyə birmənalı yanaşılmır. Sualların bu cür qoyuluşu Almaniyadan gəlmiş mütəxəssisləri cox maraqlandırdığından, biz onları qabaqlamaq istədik. Ona görə də, qeyd etdiyimiz sualları öncə biz onlara ünvanladıq. Cavabları da qaneedici idi…

…Göygöl rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə qonaqları Viktor Kleynin ev müzeyinə Fikrət İsmayılov gətirdi. O, bu tanışlığı, qarşısında dayandığımız alman Kirxasından başlamağı tövsiyyə etdi.

Fikrət müəllim Kirxaya toplanmış müzey ekspanatları ilə bizi tanış edə-edə, rayon rəhbərliyinin gördüyü işlərdən, qarşıya qoyulan vəzifələrdən elə həvəslə, qürurla danışırdı ki, sanki bu qəsəbənin təməlini qoyanlardan biridir. Elə, onun özündən də öyrəndik ki, o, 1953-cü ildən, Göygöl rayon İcra Hakimiyyətinin tikinti-memarlıq şöbəsində çalışır.

“İndi isə, gəlin sizi rayonumuzun sonuncu alman vətəndaşı Viktor Kleynin yaşadığı evə aparım”, – deyə, Fikrət müəllim bizim üçün xarakterik olmayan gözəl, səliqəli, enli küçələrə malik evlərin arası ilə, bizi həmin evə doğru apardı. Bu küçələrlə irəlilədikcə Fransisko və Malte Heldemanların da üz-gözlərində, baxışlarında təəccübü və dəyişən halı görməmək mümkün deyildi. Qonaqlar, elə biz də, sanki başqa bir aləmə düşmüşdük.

Yol boyu irəlilədikcə, Fikrət müəllimin özü haqqında danışmağı, alman dili tərcüməçisi Məltəm Yolçuyeva xahiş etdi. Lakin, o, təmkinlə, halını pozmadan Kirxada yarımçıq qalmış söhbətimizi qaldığı yerdən davam etdirdi:

– Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentində eloğlumuz, alman əsilli Lorens Kun da olub. Bəli, Lorens Kun 1884-cü ildə, bax burada, (əli ilə göstərərək) bu məhlədə doğulub. Yəqin bilirsiniz ki, bu bölgənin sakinlərinin həyat şəraitinin yaxşılaşmasında almanların, onların yaratdığı sənaye obyektlərinin böyük rolu olub. Bu, danılmaz faktdır. Ümumiyyətlə, almanlar burada yaşadıqları 120 il ərzində sənətkarlığın müxtəlif sahələri, tikinti-quruculuq işləri ilə məşğul olub, qurub yaradıblar. Bax, gördüyünüz bu kəhriz də onlardan bizə yadigardı.

Azərbaycanda yaranmaqda olan sənayenin qurulmasında da, onların böyük xidmətləri oldu. Bizim regionun şərabçılıqla məşhurlaşması da onların adıyla bağlıdır, burada almanların böyük, danılmaz rolu vardı. 1850-ci ildə Forer Helenendorfdakı həyətində üzüm becərib, şərab çəkirdi. Onda avropalı sahibkarlar, yenicə kapitalist inkişaf yoluna qədəm qoymuş Azərbaycanla ciddi maraqlanırdı. Buranın şərabı da onların ciddi marağına səbəb oldu. Tez-tez Şəki rayonuna ipəkçiliklə əlaqədar səfər edənlər bir gün şərab içmək eşqinə düşürlər. Onlar həmin bölgədə şərab almaq üçün belə dükanlar tapmadıqlarından çox məyus olurlar. Günlərin bir günü, yerli sakinlərdən biri avropalı qonaqlara Göygöl rayonundakı alman Forer haqda məlumat verəndən dərhal sonra, əksəriyyəti fransız olan sahibkarlar Göygölə gələrək, onu tapdılar. Forer onları şəxsi istifadəsi üçün istehsal etdiyi şəraba qonaq etdi. Şərab qonaqların çox xoşuna gəldi. Onlar şərabı pul ilə alıb, Avropaya apadılar.

Bir ildən sonra yenidən Azərbaycana gələn həmin iş adamları Forerin yanına gələrək, ondan şərab aldılar. Forerin üzümdən çəkdiyi həmin şərabı Avropada, demək olar ki, brendə çevirdilər.

Beləliklə, Avropadan Azərbaycana gələn qonaqlar, şərab üçün Göygölə, Forerin yanına üz tuturdular. Forer müştərilərinin çoxaldığını görüb, bu ətrafda olan yeni torpaq sahələri alaraq, üzümlüklər saldı. Bununla da, 1860-cı ildə Forer və onun oğlanlarının istehsal etdiyi şərablar, Avropa ölkələrində də məşhur olan “Forer qardaşları” Səhmdar Cəmiyyətinin əsasını qoydu. SSRİ dönəmində dünyanın 60 ölkəsinə brend məhsul satan “Xanlar” şərab zavodunun özülünü də almanlar qoydu.

Bu zaman, Fransisko üzünü Fikrət müəllimə tutaraq, sualı sual dalınca yağdırdı:

– Fikrət bəy, almanlarla nə vaxtdan ünsiyyətdə olmusunuz? Onları necə xatırlayırsınız?

Sualı almanca verən Fransiskoya, Fikrət müəllimin təcrüməçini gözləmədən dərhal cavab verməsi də qonaqlarımızın diqqətindən yayınmadı.

– Siz almanca bilirsiniz?

Suala gülümsünərək, cavab verən Fikrət müəllimin bu izahı da, özünəməxsus tərzdə sadə oldu:

– Mən, 1935-ci ildə Göygöl rayonunda anadan olmuşam. Gözümü açandan almanlarla birgə yaşamışam. 1941-ci ildə onların hamısı sürgün edilmədi, başqa millətlə qarışığı olanlar, müxtəlif vasitələrlə Stalin fərmanından yayınan alman ailələri rayonumuzda qaldı. Sizə deyim ki, alman xalqı bizim yaşadığımız bu regiona çox gözəlliklər gətirdi. Gördüyünüz bu təmiz, səliqəli küçələr, istirahət mərkəzi, almanların yaşadığı hər bir ev, hər bir bina canlı tarixdir. Küçələrin kənarında cərgə ilə ucalan şam və çinar ağacları da onlardan bizə yadigardı.

– Viktor Kleyn haqda danışmağınzı istərdik?

Bu sual Fikrət müəllim bir az duruxdurdu. O, bir az sonra mülayim bir kövrəkliklə dilləndi:

– Viktor mənim uşaqlıq, gənclik, dostum idi. O, dünyasını dəyişdiyi gündən, bir saat da olsun, məni tərk etməyib. O, həmişə mənimlədir. Onunla olan xoş xatirələr məni heç vaxt tərk etmir. Çox məğrur və öz millətini sevən adam idi. Heç vaxt yalan danışmazdı, gözəl qəlbi vardı.

Bir gün, – Viktor yaşlı olarkən, – Azərbaycana gələn turist soydaşı, onu görmək üçün, Göygöldə oldu. Həmin alman turist cüzi təqaüd alan Viktora maddi dəstək təklif etdi. Viktor isə, soydaşının təklifini mədəni şəkildə qəbul etmədi. Sonralar bu əhvalatı xatırlayarkən özü dedi ki, o, Almaniyada kimsənin Azərbaycanda bir almanın pis yaşadığını bilməsini istəməyib. Onun bu fikri məni tamam kövrəltdi. Düşündüm ki, əsl vətəndaş, elə, belə də olmalıdır.

Birdən, qeyri-ixtiyari olaraq, mən də ona sual ünvanladım:
– Viktorun ailəsi, uşaqları vardımı?
– Yox, o, heç vaxt evlənmədi. Ölümünə yaxın məni çağırıb, yaşadığı mənzili uzun illərin dostu kimi mənə vəsiyyət etmək istədi. Razılaşmadım. Dedim, bu evi qəbul etsəm, elə bilərlər səninlə buna görə dostluq etmişəm. Ona görə, icazə ver sənin bu evin muzey olsun. Razılaşdı. Vəsiyyatnaməsini yazdım, özünə oxudum, qol çəkdi. İndi onun evini müzey etməyə hazırlaşırıq. Ancaq işimiz ləngiyir.

– Fikrət müəllim, səbəb nə idi ki, Viktor evlənmədi? – deyə, Malte Heydeman dilləndi:

– O, deyirdi ki, milli xüsusiyyətləri belədir, bir-birlərinin ailə işinə qarışmağı sevməzlər, buna görə, mən də, heç vaxt ondan bunun səbəbini soruşmazdım. Ancaq bir dəfə onun özü mənə dedi ki, anası ona deyibmiş ki, alman qızı ilə evlənsin…

Biz Viktor Kleynin evinə daxil olduq. Ev iç-içə beş geniş otaqdan ibarətdir. Nə qədər töküntülü olsa da, hər otağın öz kaloriti və təyinatı hiss olunur.

– Bura Viktorun yataq otağıdı. Mənə vəsiyyətini, bax, burada eləmişdi.

Biz Viktorun yaşadığı bu evin otaqlarını sıra ilə gəzirik.

– Bu isə, onun yemək otağı idi. Bu biri otaqda isə, Viktor müxtəlif güllər becərirdi. Bax, bu hündür stullar gül qabları üçündür. Bura isə, mətbəxdir. Bu, qaz sobasıdır, yeməyi həmişə özü bişirirdi. Bu da, divar sobasıdı. Sobanı qalayan kimi, bütün otaqları isidir.

Sonuncu otaqda daha bir çıxış qapısı var. Mən üstündə qədimi açar olan bu qapını göstərib, soruşdum:

– Orada yenə otaq var?

– Yox, o, zirzəmiyə açılan qapıdır. Almanlar tikdiyi evlərin, bir qayda olaraq, dərin zirzəmisi də olub.

Biz qapıdan içəri, zirzəmi yoluna daxil oluruq. Bura da böyük bir otaqdır. Qarşımızda dərin və geniş zirzəmiyə enən dəmir nərdivan görünür. Sol tərəfdəki isə, hamam otağıdır. Qarşı tərəfdə iri dəmir sükanlı bir dəzgah var. Qonaqlar dəzgahla maraqlanırlar:

– Fikrət müəllim, bəs, bu nə üçündür?

– Şərab çəkmək üçün. Üzümü bunkerinə töküb, sükanı fırlayırsan, içəridə üzüm sıxılır və şirəsi aşağıdakı qaba tökülür. Viktor bu dəzgahla həmişə özünə şərab çəkirdi.

– Görünür, içməyi çox xoşlayırdı.

– Elə də çox içən deyildi. Dostlar qonaq gələndə şənlənməyi, musiqi səsləndirməyi sevirdi. Bax, yuxarıda gördüyünüz pianinoda Azərbaycan və Alman mahnılarını özü çalırdı…”. …Beləcə, qonaqlarla bərabər, onu müşayiət edənlər də Göygöldən xoş təəssüratlarla ayrılırlar.

AZƏRBAYCAN – ALMANİYA MÜNASİBƏTLƏRİ: YENİ SALNAMƏLƏR, AÇILAN ÜFÜQLƏR

Göründüyü kimi, Azərbaycan – Almaniya ictimai-siyasi, ədəbi-mədəni əlaqələrindən üzun bir zaman keçir, münasibətlərin böyük tarixi var. Gərgin və maraqlı keçən bu tarixi mərhələdə hər iki xalq çətin və keşməkeşli günlərini yaşayıb. Hər iki xalq qurduqları mənəvi körpünün dayaqlarından möhkəm yapışaraq, bir an da olsun onu əyilməyə, sınmağa qoymayıblar, əksinə onu gündən-günə möhkəmləndiriblər.

Yazılan bu əsər də, hər iki xalqın tale körpüsü olaraq qalır. Kitab vasitəsilə artıq bilirik ki, 200 il bundan əvvəl almanlar Vürtemberq əyalətindən Azərbaycana sürgün olunublar. Demək olar ki, həmin dövrdən də Azərbaycan – Almaniya münasibətlərinin tarixi dostluğu, azərbaycanlı kimi bu ölkənin vətəndaşı olmaq taleyi ilə barışıblar və zaman-zaman da bu vətəndaşlıqdan qürur duyduqlarını dilə gətiriblər. Almanlar Azərbaycanda çox qonaqpərvər şəkildə qəbul olunub və onların öz adət-ənənələrini, mədəniyyətlərini yaşatmasına geniş imkanlar və şərait yaradılıb.

Xüsusən, XX əsrin son onilliklərində bu münasibət və bu münasibətdən doğan siyasət ümummilli liderimiz Heydər Əliyevin beynəlxalq münasibətlərdə qurduğu möhkəm və davamlı strategiyada özünü bir daha təsdiq edib. Bu gün Almaniya – Azərbaycan dostluğunun yeni pilləsində, yeni yüzilliyində möhtərəm prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü siyasət Almaniya ilə qurulan beynəlxalq münasibətlərdə özünün yeni bir mərhələsinə qədəm qoyub.

Avropa mədəniyyəti Azərbaycana hər bir sürgün olunmuş alman nəsil və tayfalarının qələmində, dilində, ürəyində, nəhayət, qanında gəlib. Məsələn, Mingəçevir Su Elektrik Stansiyasının yatağı tikilərkən, bir alman mühəndisi beton hasarın üstünə yazıb: «Ölsəm, məni bu torpaqda dəfn edin!»…

Azərbaycan almanları o vaxtlardan ikinci vətənlərinin iqtisadiyyatının inkişafı naminə çalışıblar, burada yenicə yaranmaqda olan sənayenin qurulmasında danılmaz xidmətləri olub. Adi bir misal: Yalnız 1918-ci ildə Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı 6 min nəfərə yaxın oldu. O zaman onların əsas peşəsi əkinçilik və şərabçılıq idi. Həmin dövrdə helenendorflu Forer və Hummel qardaşlarının istehsal etdiyi çaxır bütün Qafqaz bölgəsində hazırlanan çaxırın 58 faizini təşkil edirdi. Avropadan Azərbaycana qonaqlar şərab üçün Göygölə, Forerin yanına gəlib həmişə. Forer müştərilərinin çoxaldığını görüb, bu ətrafda olan yeni torpaq sahələri alaraq, üzümlüklər salıb. Bununla da, 1860-cı ildə Forer və onun oğlanlarının istehsal etdiyi şərablar Avropa ölkələrində də məşhur olan “Forer qardaşları” Səhmdar Cəmiyyətinin əsası qoyub. SSRİ dönəmində dünyanın 60 ölkəsinə brend məhsul satan “Xanlar” şərab zavodunun özülünü də almanlar qoyulub və həmin müəssisə indi də fəaliyyətini davam etdirir.

Sonradan “Xanlar” şərabı, brend olaraq, bütün Avropada uzun zaman “at oynatdı”.

Hələ 1836-cı ildə Yelenendorfda yaşayan almanlara məxsus 1100 ədəd üzüm tənəyi məhsul verirdi, alman kəndlilərinin 222 atı, 230 öküzü, 1137 iribuynuzlu, 127 xırdabuynuzlu mal-qarası, 150 donuzu vardı. İlk sənətkarlar meydana çıxırdı: 8 pinəçi, 8 dəmirçi, 4 dülgər, 4 dərzi, 7 furqon ustası və s. Nəzərə alsaq ki, icma üzvlərinin sayı yüzlərlə ölçülürdü, bu, heç də kiçik rəqəm sayılmamalıydı. Ancaq keyfiyyət və əmək mədəniyyəti göstəricilərinə əsasən, maraqlı təsərrüfatlardan bəhs etmək də mümkün idi. Belə ki, Yelenendorfda kolonist Qotlob Koxun rəngsaz emalatxanası yarandıqdan cəmisi 20 il sonra, o, artıq bütün Yelizavetpolun quberniya mərkəzində şöhrət qazanmışdı. Qafqazın bütün sənətkarları icmanın furqon ustalarının yanına axışırdılar. 1869-cu il aprelin 22-də koloniya artıq özünün yaradılmasının 50 illiyini təntənə ilə qeyd etdi. Bu illər ərzində kənd çox sürətlə inkişaf edib, dəyişdi.

Köçkünlər burada rahat, geniş evlər tikir, böyük meyvə bağları salırdılar. İqtisadiyyat da çox sürətlə irəliləyirdi və həyat səviyyəsi Almaniyadan olan icmaların səviyyəsindən heç də geri qalmırdı.

1902 – 1920-ci illərdə alman mühəndisləri olan Zinger qardaşlarının firmasının istehsal etdiyi, o zamanın texnoloji uğurlarından olan “Zinger” tikiş maşınlarının Gəncədə də satış dükanı olub. Həmin dükanın yerləşdiyi binanın fasadında “Zinger”in forması həkk edilib. Bina sanki tikiş maşınının görkəmini xatırladır.

Alman nəsil və tayfaları burada səliqə-səhmanlı bir həyat da qurublar. Tәmizliyә sitayişdә təkcə estetik, milliәnәnәlәrә hörmәt deyil, hәm dәkоlоnistlәrin fiziki sağlamlığı uğrunda mübarizә nәzәrdә tutulur. Оna görә dә, köçürülmәnin çәtinliklәri, mәskunlaşmanın mәşәqqәtlәri, müharibәnin dәhşәtlәri tәdriclәyelenendоrfluların yaddaşından silinib gedirdisә, kоlоniyanın 1829 – 1888-ci illәrdә bir-birinin ardınca məruz qaldığı taun, vәba, çiçәk хәstәliklәrinin qоrхusu çәkilərək, getmirdi.

O dövrdә tez-tez baş verәn dәhşәtli epidemiyalar — çiçәk, vәba, hәtta adicә qrip şәhәrlәri, bəzən bütöv dövlәtlәri sarsıdırdı. Tәbabәtin ümumi vәziyyәti vә tibbi хidmәtin sәviyyәsi özünü göstәrirdi. Оna görә dә, bu vaxtlar әhalinin özünün sanitar mәdәniyyәtinin mühüm әhәmiyyәti var idi. Uzun illәr bоyu kоlоnistlәrә, o cümlәdәn, yelenendоrflulara hәrbi hissәnin hәkimlәri tibbi yardım göstәrirdi. Lakin artıq XX әsrinәvvәllәrindә kоlоniyanın öz hәkimi vәapteki var idi. Annenfelddә 9 yerdə feldşer mәntәqәsi fәaliyyәt göstәrirdi, əksəriyyətində işləyən, xalqa xidmət göstərənlər də, almanlar idi.

Bir sözlə, almanlar yeni yerlәrdәdüşünülmüş, әsaslı vә sәmәrәli surәtdә mәskunlaşaraq, özlәrininхüsusi mikrоmühitlәrini yaradırdılar. Kоlоniyalar, әslindә kәnd tәsәrrüfatı icmaları оlub, оnların hәm mәişәt, hәm dә tәsәrrüfat ehtiyaclarını ödәyәn sәnәtkarlıq istehsalına da rәvac verirdi.

İndi isə, almanların Azərbaycanda nüfuzlu müəssisələri fəaliyyət göstərir. Müasir dövrdə Almaniya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına birbaşa yatırımlar edilib. Bu investisiyaların həcmi 460 milyon dollardır. Azərbaycan şirkətləri isə, Almaniyaya bu günədək 120 milyon dollar yatırıb. Belə ki, Almaniya ilə əmtəə dövriyyəsi 2017-ci ilin on ayı üçün 715 milyon avro təşkil edib ki, bundan 577 milyon avro bu ölkəyə ixracın payına düşüb. Azərbaycan ixracında əsas payı neft və neft məhsulları təşkil edib.

Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin statistikasına görə, 2017-ci ilin birinci yarısında Cənubi Qafqaz ölkələri ilə Almaniya arasında ümumi ticarət dövriyyəsinin 70 faizindən çoxu Azərbaycanın payına düşüb.1997-ci ildən Almaniya tərəfindən Azərbaycanın qeyri-neft sektoruna yarım milyard ABŞ dolları məbləğində birbaşa xarici investisiya yatırılıb.

Azərbaycanın bir neçə şirkəti Almaniyada fəaliyyət göstərir, həm də Almaniyanın Azərbaycanda çalışan şirkətləri var. Azərbaycandakı Almaniya şirkətlərinin sayı artiq 170-i kecib.

Belə nüfuzlu müəssisələrdən biri də, elə, kitabın çıxmasının təşəbbüskarlarından biri, ön sözün müəllifi Rəsul Orucovun rəhbərlik etdiyi “Akstafa Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətdir. 2018-ci ildən “Akstafa Aqroservis” MMC öz fəaliyyətini genişləndirərək, daha təkmil, daha geniş sahəyə malik olan “Ağstafa Aqro-Sənaye Kompleksi”nə çevrilib.

Bunlardan başqa, Bakıda Almaniya – Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir ki, bu da Almaniyanın bütün MDB məkanında ikinci belə qurumudur. Bu, Almaniya tərəfindən ölkəmizə verilən önəmin, iqtisadi sahədə əməkdaşlığın bir göstəricisidir…

…Sonda, böyük fəxarətlə onu deyə bilərik ki, dünyanın din tarixində 18 ən müqəddəs torpaqlardan biri kimi qalan və həm də hələlik açılmayan sirləri ilə bəşəri fəth edib, heyran qoyan Azərbaycan torpağı vətənlərindən, doğma ocaqlarından didərgin salınmış alman nəsil və tayfalarını 200 il bundan öncə qəbul edərək, onları sevdi və qapılarını onların üzünə açdı. Çünki sürgün olunmuşların Azərbaycanı seçmələrindəki əsas səbəblər sırasında da, bu ərazilərdə müqəddəs yerlərin olması idi. Əslində onlar – 1500 ailə, yəni 6 min adam fanatik inancı olan insanlar idi. Onlar Almaniyada İsus Xristosun 1000 illik çarlığına inananlar idi. Bu şəxslərin inancına görə, 1836-cı ilin 19 noyabrında dünyanın sonu olmaqla yanaşı, müqəddəs torpaqlarda İsa peyğəmbərin 1000 illik çarlığı qurulmalı idi. Onlar hesab edirdilər ki, müqəddəs saydıqları torpaqlara Fələstin və Azərbaycan da daxil olmalıdır. Bütün bunlar Nuh peyğəmbərin gəmisinin Naxçıvanda – Gəmiqayada dayanması və onun nəslinin buradan yayılması fikri ilə bağlı idi. Onlar inanırdı ki, həmin vaxt kimlər o torpaqlarda yaşayırdılarsa, o çarlıqda da yaşayacaqlar. Bu səbəbdən, ilk 500 ən fanatik ailə Azərbaycana gəlməyi üstün tutdu.

Bu günə qədər gizli qalan həqiqətləri aşkara çıxaran bu kitab və bu kitabda toxunulan məsələlər də, bir daha sübut edir ki, öz adını, qəhrəmanlıq salnaməsini bəşər tarixinə qızıl hərflərlə yazan alman xalqının bu nəcib xüsusiyyətləri, yad torpaqlarda nümunəyə çevrilən həyat tərzləri bu gün dünyada qaçqınlıq, köçkünlük, didərginlik və sürgün həyatı yaşayan xalqlar üçün örnəkdir. Məhz bunlara görədir ki, yaşadığımız yeni yüz il Azərbaycan – Almaniya münasibətlərində yeni salnamələr yaradır, həm iqtisadi, həm siyasi, həm də ədəbi-mədəni əlaqələrdə yeni üfüqlər açır.

Məhi ELSEVƏR,
araz.az-ın xüsusi müxbiri.

Bənzər yazılar

Back to top button