Bizim seçimHadisəManşetSiyasət

Elçin Sadıqova qarşı intizam icraatı başlayıb

Vəkillər Kollegiyası vəkil Elçin Sadıqova qarşı intizam icraatına başlayıb. Bu barədə o özü facebook səhifəsində yazıb.

“İntizam Komissiyasının üzvü Sərdar Qasımov mənə zəng etdi. Sentyabrın 17-də Baş Prokurorluğun şikayəti ilə tanış olmaq üçün Vəkillər Kollegiyasına dəvət edildim. Məxfi görüşü dinlədikləri azmış kimi, bir də intizam icraatına başlayıblar”, deyə Sadıqov yazır.

Xatırladaq ki, Elçin Sadıqov Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qəsd etməkdə ittiham olunan Yunis Səfərovun müdafiəsindən kənarlaşdırılıb. Bu barədə sentyabrın 11-də Səfərovun anası Leyla İsmayılova bildirib.

Sadıqovun kənarlaşdırılması haqqında qərar baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilib. Səbəb kimi o, vəkilin Səfərova ona qarşı işgəncələr haqqında “yalan ifadə” verməsi üçün “psixoloji təsir” göstərməsini qeyd edib. Bundan başqa, Usubov Vəkillər Kollegiyasına müraciət edərək, Sadıqovu cəzalandırmağa çağırıb.

Baş prokuror müavini vəkilin müvəkkili ilə söhbətinin məzmunu haqqında haradan məlumat aldığını açıqlamayıb. Bu, vəkilin müvəkkili ilə söhbətlərinin dinlənildiyini ehtimal etməsi üçün əsas verib. Səfərovun anası da bildirib ki, vəkilə müdafiədən imtina etməsi və Səfərova qarşı işgəncələrdən şikayət etməməsi üçün təzyiq göstərilirdi.

Prokurorluqdan və Vəkillər Kollegiyasından şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, iyulun 3-də RF vətəndaşı, Gəncə sakini Yunis Səfərov şəhər icra başçısı Elmar Vəliyevi və onun mühafizəçisini yaralayıb. Bir həftə sonra, iyulun 10-da şəhərin 150-200 nəfərdən ibarət bir qrup sakini şəhər administrasiyasının binası qarşısında etiraz aksiyası təşkil edib. Polislə qarşıdurma zamanı iki nəfər yüksək vəzifəli polis zabiti öldürülüb.

İyulun 30-da baş prokuror Zakir Qaralov bildirib ki, Gəncə hadisələri ilə bağlı ağır cinayətlərin törədilməsi ittihamları ilə 61 nəfər həbs edilib. Daha 13 nəfər barəsində axtarış elan edilib. Polisə silahlı müqavimət göstərən dörd nəfər öldürülüb.

Bənzər yazılar

Back to top button