AnalitikaİqtisadiyyatManşetÖnə çıxanlarSiyasət

Konstitusiya Məhkəməsi oliqarxların maraqlarını müdafiə edib

Cümə günü Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsini xahiş edib. Həmin maddə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlıdır.

Bakı Apelyasiya Məhkəməsi müraciətində Konstitusiya Məhkəməsinin 3 sualı ayrınlaşdırmasını xahiş edib.

Milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

Apellyasiya Məhkəməsi həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin kredit münasibətlərinə tətbiq edilib-edilməməsini və ləğv edilmiş müqavilələrin nəticələrinin hansı qaydada tənzimlənməli olduğunu soruşur.

2015-ci ilin ortalarında Konstitusiya Məhkəməsi qərara alıb ki, həmin il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı anda mövcud məzənnə üzrə ödənilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin bu qərarınadak bir dollar 0.78 manat idi. Hazırda bir dollar 1,70 manatdır.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, vaxtı keçmiş kreditlərin ümumi həcimi 2018-ci il fevralın 1-də 1695,9 mln. manat olub. Bu göstəricinin ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat (4,25%) çox olduğu bildirilir. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 14,5 faizdir. Bu göstərici ilin əvvəlində 13,8, 2017-ci il fevralın əvvəlində isə 9,8 faiz olub.

Ekspertlər hesab edirlər ki, problemli kreditlər məsələsi həllini tapmadıqca problem daha da genişlənəcək.

İqtisadçı Natiq Cəfərli Facebook səhifəsində yazır ki, manat 2 dəfədən çox dəyər itirib.

“Məhkəmə isə deyir ki, bu əhəmiyyətli dəyişiklik deyil. Devalvasiyalardan öncə bütün rəsmilər, o cümlədən Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov rəsmi bəyanatlar verirdilər ki, manat dəyərdən düşməyəcək, Məhkəmə isə deyir ki, bu gözlənilməz deyildi. Ölkədə problemli kreditlərin həcmi rəsmi rəqəmlərə görə 16%-dir, normal hesablansa isə 30%-i keçib (Beynəlxalq Agentliklər 30% göstərir), amma rəsmilər özlərini dəvəquşu kimi aparırlar, sanki problemi görməyəndə onlar avtomatik həll olunacaq. Dünyada problemli kreditlərin həcmi 3%-i keçsə bu banklar üçün böyük stres sayılır, həmən həll yolları axtarılır, bizdə isə hər sahədə olduğu kimi, bu məsələdə də “harada qırıldı-qırıldı” prinsipi ilə yanaşırlar”, ekspert qeyd edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın rəsmi statistikasına görə banklardan kredit götürən vətəndaşların sayı 2,5 milyon nəfərdir.

“2014-ci ildən əvvəlki illərdə bankların kredit faizlərinin yüksək olduğunu dəfələrlə vurğulayırdıq. Hətta devalvasiya olmasa da belə yüksək kredit faizləri problem idi, yəni hesab edin ki, 2014-cü ildən əvvəl bankların kredit faizləri bəzi hallarda 40-45 faizə qədər yüksəlirdi. Amma ekspertlər 2015-ci ilin martında, ilk devalvasiyadan sonra hökumətə üçtərəfli mexanizm hazırlayıb təklif etdik. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında -müştəri, bank və dövlət arasında bölüşdürülsün. Lakin hakimiyyət buna getmədi”, – o bildirib. (Turan.az)

Bənzər yazılar

Back to top button