AnalitikaManşet

Bakı Rusiya-Səudiyyə Ərəbistanı-İran üçbucağında…

Səudiyyə Ərəbistanın formalaşdırmağa çalışdığı “ərəb NATO”su və ya “İslam NATO”su Azərbaycanın siyasi və ekspert dairələrində ən çox müzakirə olunan mövzulardandır. Çünki “İslam NATO”suna Azərbaycanın da dəvət edildiyinə dair xəbərlərin sayı çoxalır. Azərbaycandan başqa qeyri-ərəb ölkələrindən Türkiyə, Pakistan, İndoneziya və Qazaxıstan da yeni birliyə dəvətlidirlər.

Mayın 22-də Ər-Riyadda “Ərəb, İslam, Amerika” sammiti keçirildi. Sammitdə 40 dövlət başçısı iştirak edirdi. ABŞ prezidenti Donald Trampın sammitdə iştirakı tədbirə marağı artırdı.

Əslində Donald Tramp Səudiyyə Ərəbistanına səfər etmiş və bu ölkə ilə 350 milyard dollarlıq saziş imzalamışdı. Buna baxmayaraq, Ər-Riyad Trampın iştirakı ilə İslam ölkələrinin liderləri ilə xüsusi toplantı keçirməkdə də maraqlı idi.

Birincisi, Ağ Ev sahibinin toplantıda iştirakını təmin edən Ər-Riyad bu yolla gələcəkdə yaranacaq “İslam NATO”sunun Vaşinqton tərəfindən dəstəklənəcəyini göstərmək istəyirdi. Ər-Riyad üçün Amerikanın dəstəyi vacibdir. Səudiyyə Ərəbistanı ilə rekord məbləğdə saziş imzalayan Tramp isə Ər-Riyadın “İslam NATO”suna “yox” deyə bilməzdi.

İkincisi, Ər-Riyad İranın bölgədəki fəallığından narazıdır, bunun qarşısını almaq yolları haqqında düşünür. Ona görə də Ər-Riyad özünə dost bildiyi ölkələrdən ibarət hərbi blok formalaşdırmaq istəyir.

Üçüncüsü, Ər-Riyad yeni hərbi blok vasitəsilə İslam aləmində lider rolunu gücləndirmək istəyir.

Buna baxmayaraq, Ər-Riyad hərbi blok məsələsində ehtiyatlıdır. Hadisələri qabaqlamaq istəmir. Məsələn, “Ərəb, İslam, Amerika” sammitində xüsusi olaraq yeni hərbi blok haqqında fikir mübadiləsi aparılmadı. Çünki, əgər Ər-Riyad bu sammitdə yeni hərbi blokun yaradılmasını qarşısına məqsəd qoysaydı, ən azı Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçıları bu toplantıya qatılmayacaqdılar. Çünki bu ölkələr Rusiya və İranla münasibətlərini gərginləşdirmək istəmirlər. Qazaxıstan Rusiya ilə birgə hərbi (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) blokdadır, Azərbaycan isə vaxtilə Qoşulmayanlar Hərəkatına üzv olmaqla hərbi bloklara qoşulmamaq siyasətinə üstünlük verdiyini göstərib.

Rusiyadan çox İran Səudiyyə Ərəbistanının fəallığından narahatdır. Tehran anlayır ki, Səudiyyə Ərəbistanının yeni təşəbbüsü İranın regional maraqlarını sıxışdırmaq məqsədi daşıyır. Səduyyə Ərəbistanı Tehranın Suriya, İraq, eləcə də Yəmən, Bəhreyn və Livanın daxili işlərinə qarışmasını istəmir. Digər tərəfdən Ər-Riyad Tehranın bölgədəki “Hezbollah” və “Həməs” kimi silahlı qruplaşmaları dəstəkləməsindən də narahatdır. Tehran Ər-Riyadın bölgədəki maraqlarını nəzərə almır. Buna görə də iki dövlət arasında münasibətlər getdikcə gərginləşir. Buna misal olaraq mayın 27-də İranın dini lideri Əli Xameneyinin Ramazan bayramının başlaması münasibətilə çıxışını göstərmək olar. O, bu çıxışında Səudiyyə Ərəbistanını ən sərt sözlərlə tənqid edib. Onun bəzi ifadələri tənqid çərçivəsini də aşır. Həmin çıxışdan bəzi tezislər deyilənlərə sübutdur:

– “Amerika Səudiyyə Ərəbistanı “axmaq” rəhbərlərindən “sağmal inək” kimi istifadə edir”;

– “Bu gün müsəlman cəmiyyətləri digər cəmiyyətlər kimi problemlərlə üz-üzə qalıb. İslam dünyasında bir qrup alçaq və nalayiq şəxslər müsəlman millətlərinin taleyini ələ alıblar. Bunun bariz nümunələrindən biri də Səudiyyə Ərəbistanı hökumətidir;

– “Səudiyyə Ərəbistanı hökuməti, bu ölkənin milli sərvəti olan neft pullarını müsəlmanların və bu ölkə əhalisinin həyat səviyyəsini yaxşılaşdırmağa xərcləmək əvəzinə, onu öz şəxsi mənfəəti üçün kafirlərə təqdim edir”;

– “Axmaqlar elə fikirləşirlər ki, bu kimi hərəkətlərlə və islam düşmənlərinə pul verib onlara yardım etməklə onların səmimiliyini cəlb edə biləcəklər. Halbuki belə bir səmimilik yoxdur. Amerikalıların özlərinin də bildirdiyi kimi, Səudiyyə hökuməti onlar üçün bir sağmal inəyə bənzəyir və onlar onun südünü sağırlar. Südü qurtarandan sonra da onu qurban edəcəklər”;

– “Bunlar məhv edilməli və devrilməlidirlər. Bunun geci-tezi var. Lakin bu həm də möminlərdən və onların necə əməl etməsindən asılıdır. Əgər möminlər düzgün əməl etsələr, bu hadisə tezləşdirilə bilər”.

Səudiyyə Ərəbistanı kral ailəsindən hələ ki, kimsə İranın dini liderinin bu ağır ittihamlarına reaksiya verməyib. İran dini liderinin ittiham dolu bu çıxışının iki məqsədi var:

Birinci məqsədi Ər-Riyadı qorxutmaqdır, başqa sözlə Tehran demək istəyir ki, Amerikanın Səudiyyə Ərəbistanını silahlandırmasına baxmayaraq, İran ərəb ölkələrindəki inqilabçı şiələri dəstəkləməkdə davam edəcək. Əslinə qalsa Tehran bölgədəki maraqlarını qorumaq baxımından Ər-Riyaddan daha çevikdir və nəticələr hələ ki, onun xeyrinədir.
Ikinci məqsədi Səudiyyə Ərəbistanın müttəfiqlərini və tərəfdaşlarını xəbərdar etməkdir. İranın dini lideri Ər-Riyadı hədələməklə Səudiyyə Ərəbistanının yeni hərbi blokuna maraq göstərən ölkələrə də xəbərdarlıq mesajı göndərir.

Rəsmi Bakı İrana qarşı hən hansı hərbi blokda yer almayacaq. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Səduyyə Ərəbistanındakı sammitdən qayıtdıqdan bir neçə gün sonra İran prezidenti Həsən Ruhani ilə telefonla danışaraq iki ölkə arasındakı əlaqələrin son dörd ildəki yüksəlişinə diqqəti çəkdi.

Buna baxmayaraq, rəsmi Bakı Ər-Riyadla münasibətlərin inkişafından da geri addım atmayacaq. Bu arada, Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn-Salman Rusiya ilə yanaşı Azərbaycana da səfər edəcəyi xəbəri diqqət çəkir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button