CəmiyyətHadisə

30 və 49 nömrəli marşrutlar BNA-nın tapşırığına niyə məhəl qoymur? – ŞİKAYƏT

Bu marşrutların sürücüləri BNA-nın tapşırığına məhəl qoymur

Bakı metrosunun “Xətai” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi müvafiq tədbirlərə əl atıb. Belə ki, BNA-nın qərarına əsasən stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət etməlidir.

Lakin sözügedən avtobuslar BNA-nın bu tapşırığına məhəl qoymur və istədikləri trayektoriya üzrə hərəkət edirlər.

Təbii ki, bunun əziyyətini də sərnişinlər çəkir.

Gündəlik bu marşrutlardan istifadə edən sərnişinlərin sözlərinə görə, avtobuslar Babək prospektinə çıxdıqdan sonra bir-birləri ilə yarışmağa başlayırlar. Belə olduğu təqdirdə isə çox zaman NZS və Keşlə qəsəbələrinə girmədən birbaşa son dayanacağa doğru hərəkət edirlər, həmçinin Xətai metrosuna çatdıqlarında isə çox vaxt 28 May metrosuna getməyəcəklərini bildirərək, sərnişinləri yolun yarısında endirirlər.

Bu səbəbdən də NZS və Keşlə qəsəbələrindəki dayanacaqlarda böyük tıxaclar yaranır, 28 May metrosuna getməli olan sərnişinlər isə alternativ yollar axtarmalı olurlar.

Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Qaynarinfo-ya açıqlama verib. O, belə bir şeyin qanun pozuntusu olduğunu və bununla bağlı ciddi tədbir görüləcəyini bildirib:

“Belə bir hal varsa, o, hərəkət sxemindən qanunsuz yayınmadır. Təbii ki, bununla bağlı daşıyıcı agentliyə çağırılacaq və lazımi göstərişlər veriləcək. Bunu daşıyıcı, dəstə rəisi və ya hansısa sürücü edirsə, onunla bağlı da tədbir görülməsi tələb olunacaq. Hər bir matrşrut üçün müəyyənləşdirilmiş hərəkət sxemi var və sürücü də həmin sxem üzrə hərəkət etməlidir. Daşıyıcının da borcu, buna nəzarət etməkdir”.

Bənzər yazılar

Back to top button