Bizim seçimHadisəManşetSiyasət

Əli Həsənova açıq məktub: “Özümü yerinizə qoya bilmədim”

Hörmətli Əli müəllim!

Bir müddət idi ki, Sizin və himayə etdiyiniz Mətbuat Şurasının İdarə Heyətinin təzyiqlərinə baxmayaraq sakit həyatıma davam edirdim. Lakin son iki gündə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və reketlərin yaratdığı “reket komissiyasının”, rəhbəri olduğum Realliq.info saytını müzakirəyə çıxarmaları, susmaqda haqsız olduğumu təsdiqlədi.

Komissiyaya sədrlik edən Müşfiq Ələsgərlinin bütün vasitələrdən istifadə edərək, mənə qarşı hücüm planı hazırlaması və Sizin tapşırığınızla ciddi qərarlar qəbul edilməsinin vacibliyini söyləməsi ikrah hissi doğurmaya bilməzdi. Baxmayaraq ki, mən illərdir himayə etdiyiniz Mətbuat Şurasının İdarə Heyəıtinin bəzi üzvlərini sadəcə dələduz adlandırır və onların jurnalistlərin haqqını yediyini bəyan edirəm. Bu mənada Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin hər il Jurnalistlərin Həmkarlar İttifaqı kimi fəaliyyətsiz qurumun adı ilə 400 min manat vəsaiti mənimsəməsi diqqətdən yayınmayıb. 2003- cü ildən JHİ – yə sədrlik edən saxtakarın bu günə qədər kağız üzərində yazılanlardan başqa jurnalistlər üçün bir xeyrli əməl sahibi olmadığı Sizə də yaxşı məlumdur. Indi bu şəxsin qərəz və nifrət dolu münasibətindən mənə qarşı silah kimi istifadəyə cəhd etməsi və planın Siz tərəfindən hazırlandığını bəyan etməsi, bostanıma atılan daşın sahiblərinə cavab verməyimi şərtə çevirir.


Hörmətli Əli müəllim!

Yadınızdadırsa Sizin himayə etdiyiniz Müşfiq Ələsgərli MŞ-da Komissiyanın iclasında mənim – Realliq.info saytının baş redaktoru İkram Rəhimovun tezliklə həbs olunacağını bildirmişdi. Həmin səs yazısı mediada geniş yayılmış və hamını düşündürməyə vadar etmişdi. Təkcə mənim həbsimi arzulamaqla sakitləşməyən Müşfiqin sonra jurnalistləri hüquq – mühafizə orqanlarının adı ilə hədələməsi həmin zaman saytların gündəmini zəbt etmişdi. Bildiyim qədər Mətbuat Şurasının bəzi başbilənləri səs yazısı yayımlanandan sonra qəzəblənmiş və Sizə mənim həbs edilməyimə yardımçı olmağınız üçün məhşur müraciəti ünvanlamışdılar. Siz o vaxtdan mənə və rəhbəri olduğum sayta qarşı yeni savaşın başlanmasına qərar verdiniz.

Unutmuş deyilsiz ki, ötən günlərdə Sizin tapşırığınızla ilk olaraq Realliq.info və daha sonra mənə məxsus 6 saytımın ölkədə girişinə blok qoyuldu. Saytlarımın bloklanması və Mətbuat Şurasının İdarə Heyətinin bəzi üzvlərinin televiziyaya çıxaraq mənim həbsimin vacibliyini hər gün söyləmələri də, Siz tərəfinizdən verilən dəstək nəticəsində mümkün olmuşdu. Bəzən haqsız istəklər həyata keçmədiyi kimi, məni susdurmaq üçün işlədiyiniz qanunsuz həbs planı da baş tutmadı.

Hörmətli Əli müəllim!

Mən Mətbuat Şurasının İdarə Heyətinin bəzi üzvlərinin qanunsuz və rüşvətxor əməllərini ifşa etsəm də, bir çox məsələlərdə Sizin adınızı çəkmədim. Baxmayaraq ki, himayə etdiyiniz qəzet rəhbərlərinə hər cür şərait yaradan Siz olmusuz. Hətta Prezidentə yalan məlumat verərək dostlarınızın katibələrinə belə jurnalist adı ilə evlər payladız. Sizə yaxın qəzet rəhbərləri xala qızlarına, dayı qızlarına, katibələrinə və hətta saxladıqlarına belə jurnalistlər üçün tikilən binalardan ev aldılar. Bunları bilə – bilə yazsamda Sizin adınızı çəkmədim. Mən yazmadım ki, evlərə yol tapan televiziyalarda etikadan kənar, mənəvi dəyərlərə sayğısızliq edən verilişlərin təbliğ edilməsinin qarşısını almağa borclu olsazda, buna şərait yaradırsız.

Sizin “Azenko” MMC adı ilə dövlətin milyonlarla vəsaitini “yoxa” çıxardığınızı sayt manşetlərinə daşımadım. Yaxınlarınızın fəaliyyətini araşdırmaqdan yan keçdim və düşündüm ki, medianı xəstə yatağına salan Əli Həsənovdan yazmaq bir ada hörmətsizlik olar. Sizi bu günə qədər qoruyan o üç hərfli, sayğı göstərdiyim müqəddəs ad deyil. Bu adı dünyada kifayət qədər yolunu azmış və qanunsuzluq edən insan daşıyır. Hətta cinayət edib zindanlarda ömrünü çürüdənlər də var.


Həmişə bir məsələdə tərəddüd etdim – Əli Həsənovdan yazmaq üçün mütləq onun vəzifəsini və ya rütbəsini adının qarşısında qeyd etməliyəm. Maşallah ölkədə Sizdən başqa daha bir neçə Əli Həsənovun vəzifə sahibi olması da bunu şərtə çevirir. Lakin, adınızın qarşısına “Prezidentin köməkçisi” birləşməsini əlavə etmək ağırıma gəlirdi. Son proseslər isə göstərdi ki, Prezidentin köməkçisi vəzifəsində olmağınıza baxmayaraq, Sizin fəaliyyətiniz ölkənin birinci şəxsinə kömək məqsədi daşımır. Dövlətini sevən media qurumlarını hədəf seçərək azad sözü boğmağa göstərdiyiniz çabalar, Müşfiq Ələsgərli kimilərini qapımıza “daşla” göndərərək aynamızı qırmağı tapşırmağınız acı təəssüf hissi doğurur. Bildiyiniz qədər o ayna bu gün cəmiyyətin dərdlərini olduğu kimi göstərməyə çalışır və Sizdən fərqli Prezidentin köməkçisi rolunda xidmətini davam etdirir.

Xəyalən belə bir gün özümü yerinizdə düşünməyə cəhd etdim və qərarlarınızı, etdiklərinizi, mətbuata saldığınız xəstəliyin adını öyrənmək istədim. Lakin bacarmadım. Özümü yerinizə qoya bilmədim. Bir anın içində vicdanım sızıldadı və bu dərdlə xəyalən belə yaşamağın zor olduğunu gördüm.

Hörmətli Əli müəllim!

Mən Masallı rayonunda ziyalı bir ailədə dünyaya gəlmişəm. Böyüdüyüm məhəllədə Azərbaycan sevgisini hər evdə və tində görmüşəm və yaşamışam. Böyüdükcə AZƏRBAYCANLI olduğum üçün fəxr etmiş və jurnalist kimi dövlətimə xidmət etməyə and içmişəm. Lakin və çox təəssüf ki, Sizin medainı himayənizə alandan sonra yaratdığınız şəbəkə kimliyimi, haralı olduğumu əsas mövzuya çevirib. Baxmayaraq ki, rəhbəri olduğunuz şəbəkədə bir çoxları vaxtilə dövlətinə və onun rəhbərinə xəyanət edənlərdir. Əqidələrini səhv yoldan dönüş olaraq dəyişməyənlər, Sizin sayənizdə indi bahalı avtomobillərdə, villalarda lüks həyatlarını yaşayırlar. Dövlətin mətbuatın inkşafına ayırdığı milyonları necə yox etdinizsə, onları da o qədər varlı etdiniz.

Onlar söydükcə, təhqir etdikcə Sizin gözünüzdə dəyər qazandılar. Bir zamanlar 10 min tirajla çap olunan həmin qəzetlər Sizin ildə verdiyiniz 120 min manat yardımdan sonra 1000 tirajla çap olunurlar. Səbəb isə hamıdan çox Sizin özünüzə gün kimi aydındır.

Hörmətli Əli müəllim!

İki gündür saytıma və şəxsimə açdığınız savaşın məqsədi bəllidir. Bildiyim qədər medaida və Mətbuat Şurasında bir sıra dəyişikliklər həyata keçirmək arzusundasınız. Zədələnmiş nüfuzunuzu yenidən bərpa etmək üçün himayə etdiyiniz şəbəkəyə sarsıdıcı zərbələr vuranları sıradan çıxarmaq istəyiniz məni qorxutmur. Məni ilk hədəf seçməyiniz də qəbul ediləndir və məqsədinizi bildiyim üçün geri çəkilmək niyyətim yoxdur. Lakin, Sizə bir tövsiyyədə bulunmağı özümə borc bilirəm – Müşfiq Ələsgərli kimilərlə savaşa girənlər acı məğlubiyyətə məhkumdur. Tarix də təsdiq edir ki, qorxaqlar xəyanətə meyilli olur və onlar savaş başlamadan qaçanların və ya qarşı tərəfə keçənlərin önündə gedənlərdir. Ümid edək ki, sonrakı dönəmdə qarşımıza mərd düşmən çixararsız və mediamızın xəstə yatağından qurtulması üçün müşfiqlərlə deyil, cəsarətli insanlarla yola davam edəcəksiz. Mətbuatı bu günə salanlara rəhbərliyiniz dövründə, bizə qarşı açdığınız savaşın sonu nə zaman olacaq deyə bilmirəm. Amma qalibin kimliyi bəllidir və bir həqiqət dəyişməz olaraq qalır – Ədalət həmişə zəfər çalır!

Sizin dəyərli vaxtınızı aldığım üçün üzürümü qəbul edin.

İkram Rəhimov

Realliq.info saytının baş redaktoru

Bənzər yazılar

Back to top button