Cəmiyyət

Nazirin səs-küylü açıqlamasına ekspert rəyi

“Bu gün tədris etdiyimiz məzmunun nə dərəcədə köhnəlməsini bir daha müzakirə etməliyik. Bundan qorxmamaq lazımdır. Məsələn, 40 il əvvəl keçirilən fizikanı bu gün keçməməliyik. Dil fənni ilə bağlı problemlərin də qoyuluşu ciddidir”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, Azərbaycan dili fənni üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdır:

“Bu fənndən yüksək nəticə göstərən abituriyent bəzən bir səhifəlik esseni yaza bilmir, ya da başa sala bilmir. Sadə görünə biləcək dil fənninin metodikası və məzmunu ilə bağlı müzakirələr dərindən aparılmalıdır. Məzmunla bağlı ciddi islahatlara ehtiyac var”.

Qeyd edək ki, artıq bir müddətdir Azərbaycan dili fənni ilə bağlı müəyyən müzakirələr gedir. Hətta bu günlərdə Şamaxıda keçirilən “Azərbaycan dili və ədəbiyyatı” Forumunda şair Qəşəm Nəcəfzadə təhsil nazirini sərt şəkildə tənqid edərək, dərsliklərin, xüsusən də Azərbaycan dili fənnindən olan dərsliyin çox aşağı səviyyədə olduğunu bildirmişdi.

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Musavat.com-a danışıb.

Ekspert Azərbaycan dili fənninin yalnız tədrisində problemlər olduğunu bildirib:

“İstənilən halda islahatlar aparılarkən nəticələr hesablanmalıdır. Bəzən islahatlar kor-koranə şəkildə və yaxud nəticələr hesablanmadan aparılır ki, bu da fəsadlara gətirib çıxarır. Xatırladım ki, 2015-ci ilə qədər məktəblərdə yazı işləri var idi. Məsələn, Azərbaycan dili, ədəbiyyat, xarici dil, riyaziyyatdan yoxlama yazı işləri aparılırdı və buna görə əlavə əmək haqqı hesablanırdı. Əmək haqqı olduğuna görə də təhsil idarəetmə orqanlarında buna daim nəzarət olunardı. Lakin çox təəssüf ki, 2015-ci ildən məktəblərdə bu yoxlama yazı işləri dayandırıldı. Nəticə etibarı ilə şagirdlər yazı vərdişlərini unudublar.

2016-cı il dekabrın 12-də Nazirlər Kabinetinin 498 saylı qərarı oldu. Həmin qərarda “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları” göstərilir və ilk dəfə 2017-ci ildə esse yazılması da şərt qoyuldu. Amma essenin nəticələri o qədər bərbad oldu ki, növbəti illərdə esse keçirilmədi. Halbuki bu, şagirdlərin attestat almasına da təsir edirdi.

Əgər nəticə olaraq biz həqiqətən də istəyiriksə ki, şagirdlərin yazı vərdişləri olsun, ilk olaraq yazı işləri bərpa olunmalı və yazı işlərinin yazılması ilə bağlı müxtəlif müsabiqələr keçirilməlidir. O cümlədən inşa, imla və sairə müsabiqələri. Bununla da yazı vərdişlərinin itməsinin qarşısını ala bilərik”.

Bənzər yazılar

Back to top button