Hadisə

Avtomobilin nömrəsini itirmək avtomobilin özündən məhrum olmaq deməkdir

İyulun 5-də Vidadi küçəsi, 10 ünvanında qeyri-adi oğurluq hadisəsi baş verib. Vətəndaş Yunus Nəcəfzadənin avtomobilinin 90 HN 100 arxa nömrə nişanı oğurlanıb.

Zərərçəkən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, daha sonra Yasamal rayonunun 26-cı polis bölməsinə müraciət edib.

Bir aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. Polisə dəfələrlə edilən müraciətlər cavabsız qalır və ya oradan cavab verirlər: “Axtarırıq”. Yunus Nəcəfzadə hesab edir ki, 26-cı bölmənin əməkdaşları onun işi ilə başdansovdu məşğul olurlar, çünki yaxınlıqdakı binaların müşahidə kameralarını yoxlamayıblar.

Problem təkcə nömrənin oğurlanmasında deyil, nömrə tapılmasa dublikat sifariş etmək mümkün deyil. Və ya zərərçəkən əvvəlki nömrədən imtina etməli və yenisini sifariş etməlidir. Ancaq o vaxta qədər avtomobildən istifadə edə bilməz. Yəni, faktiki olaraq avtomobildən məhrum olursan. Nömrənin heç vaxt tapılmayacağını təsəvvür etsək, avtomobildən “məhrumolma” qeyri-müəyyən müddətə uzanacaq.

Zərərçəkən Turan agentliyinə müraciət etdikdən sonra biz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu göndərdik və bizi əmin etdilər ki, bu işlə məşğuldurlar və araşdırma aparılır. Ümid edirik ki, nəticə olacaq.

Bənzər yazılar

Back to top button