CəmiyyətMədəniyyət

Azərbaycanın ən çox gəlir gətirən filmi – 5 milyard… (VİDEO)

Azərbaycan istehsalı olan “Arşın mal alan” filmi dünya kino tarixinə çox uğurlu və nadir hadisə kimi düşüb.
AzToday.Az xəbər verir ki, 1945-ci ildə lentə alınan “Arşın mal alan” filminin çəkilişinə 5,8 milyon rubl xərclənir. İki il ərzində filmdən əldə olunan gəlir 5 milyardı ötür. Büdcə ilə gəlir arasında bu qədər (900 dəfəyə yaxın) kino tarixində çox nadir hadisə kimi qiymətləndirilir.

Film 86 dilə tərcümə olunub. Mao Tzedun o qədər bəyənib ki, 1952-ci ildə “Çadra altında məhəbbət” adlı Çin versiyası çəkilib.

Film barədə maraqlı məlumatları təqdim edirik:

– Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır.

– Film aktyor-müğənni Rəşid Behbudovun kinoda ilk işidir.

– Film aktyor Lütfəli Abdullayevin kinoda ilk işidir.

– Musiqili film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
– Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. (“Domaşnaya Sinematika” bədii filmlərinin kataloqu. Moskva, 1966).

– Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırmışdır.

– Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından “100 Sevimli film” seçilmişdir. Həmin filmlər üç hissəyə – Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş “Arşın Mal Alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl Siyahı” ya daxil edilmişdir.

– Film Sovet dövründə 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə edilmişdir.

– Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat vermişdir.
– Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə “Arşın mal alan” filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 may 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib.

– Filmin çəkilməsi Stalinin göstərişi ilə həyata keçirildiyindən Mir Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət etmişdir.

– Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə butaforiyadan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü.

– Leyla Bədirbəyli Gülçöhrə roluna 50 qızın içərisindən seçilmişdi.

– Film 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü, AtaHoldingin dəstəyi və “Peachline” şirkətinin təkilatçılığı ilə film bərpa olundu və rəngləndi.
– Filmin rəngləndirilmiş yeni versiyasının ilk baxış tarixi və məkanı 10 dekabr 2013-cü il Heydər Əliyev mərkəzidir.

– Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş “Arşın Mal Alan” filmi 19 sentyabr 2015-ci ildə Hollivudda nümayiş olunub. Filmin nümayişi Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, görkəmli sənətkar Rəşid Behbudovun 100, “Arşın Mal Alan” filminin isə 70 illiyinə həsr olunub. Filmi 650 nəfərə yaxın tamaşaçı izləyib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan kino sənətinin əvəzsiz incilərindən biri olan “Arşın mal alan” filmi Hollivudun məşhur “Ricardo Montalban” kinoteatrında nümayiş olunub.

– 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilib.

Bənzər yazılar

Back to top button