İdman

Məşqləri sevməyən, şöhrətin dəyişmədiyi Messi – məşqçisinin təqdimatında

2008-ci il. Televizor açıqdı, masanın üzərindəki kompyuter işləyir. “Nyuells”in keçmiş oyunçusu və “cüzamlar”ın (“Nyuells”in ləqəbi) aşağı yaş qruplarının sabiq məşqçisi Adrian Koria məzuniyyətdə olmasına baxmayaraq, evdən işini idarə edir. Sabiq oyunçularından birini xatırlamaq həmişə onu məmnun edir.

– İlk dəfə onun oyununu görəndə təəssüratınız necə oldu?
– O zamanlar Leandro Depetris adlı sarışın, balaca oğlan haqqında daha çox danışılırdı. 11 yaşı olanda “Milan”a keçdi. Hamı onun haqqında xoş sözlər deyəndə mən razılaşmırdım. Dostuma həmişə deyərdim: “Leo Depetrisdən 10 dəfə daha yaxşı futbolçu olacaq. Hətta Messi böyüyəndə Maradonadan da yaxşı olacaq”. Bu arada, mən Dieqonun böyük fanatlarından biriyəm.

– 12 yaşlı birinin parlaq gələcəyi olacağından necə belə əmin idiz?
– Onu görəndə ilk başda düşünürdün ki, yəqin bu uşaq futbol oynaya bilməz. Boyu balaca, sısqa, zərif bir uşaq idi. Sonra anidən onun fərqli şəkildə dünyaya gəldiyini, fenomenal olduğunu və gələcəkdə bizi görkəmli bir şeyin gözlədiyini anlayırdın. Niyə? Çünki o, “partlayıcı” idi. Futbol meydançasına belə ağalıq edən birinə rastlamamışdım. Leo “Ferrari” idi. Növbəti həmləni əvvəlcədən təxmin edə bilirdi, birə-birdə qarşındakının canına “oxuyurdu”. Həmişə topun sahibi idi. Sanki topu ayağına yapışdırmışdılar. Hərəkətləri üzərində tam nəzarəti olmayan və koordinasiyası formalaşmayan cüssəli uşaqları asanlıqla aldadırdı. Boyu 1.2 m. filan olsa da, 1.8 m. uzunluğu olan mərkəz müdafiəçilərinə qarşı göz qamaşdırırdı. Həmçinin güclü “təbiət”ə sahib idi. Rəqabətə dözümlü idi, qələbə qazanmağı sevirdi. Nəticə nə olursa olsun, heç vaxt onun gedişata baş əydiyini görməmişdim. Hər oyundan qalib ayrılmaq istəyirdi.

– Hansı mövqedə oynayırdı?
– Hücumçuların arxasında. 4-3-1-2 düzülüşündən istifadə edirdim. Mənim rəhbərliyim altında Lionel meydanda ya sərbəst fiqur olardı, ya da dediyim kimi, hücumçuların arxasında mövqe alardı. Matçlarda onun rəqiblərini sıraya “düzməsini” izləmək təsirli idi. Onu yerə yıxmağa çalışırdılar. Bacarıqlarına bələd olduqları üçün Leonu bu yolla dayandırmağa cəhd edirdilər. Hərə bir tərəfdən vururdu. Amma bir faydası yox idi. Heç şikayətlənməzdi. Əksinə, qayda pozuntuları onu daha da təhrik edirdi. Üstünə çox gəldikcə daha da böyük həvəslə qarşı qoyurdu. Topu ayağına alırdı, bir də görürdün ki, artıq qapının ağzındadı. Təkbaşına matçlardan qalib ayrılırdı. Ətrafdakılar mənə deyirdilər: “Leo meydanda olanda komanda artıq sənin olmaqdan çıxır”.

– Yaddaqalan hansısa matç və ya qoldan bəhs edə bilərsiz?
– Müxtəlif cür qollar vururdu. Matçlar? Onun oynadığı bütün oyunlardan qalib ayrılırdıq. O, Qardel (tanqonun kralı, məşhur argentinalı müğənni) idi.

– Məşqçilərin tövsiyələrinə qulaq asırdı?
– Hə, hamıya hörmətlə yanaşırdı. Heç vaxt “Mən oynayıram”, “Mən ən yaxşıyam” deməzdi. Komanda yoldaşları ona heyran idilər. Bircə onu deyə bilərəm ki, məşqləri sevmirdi. Ancaq topu sevirdi. Bir dəfə buna görə onu məşqdən uzaqlaşdırmışdım. Mən nə qorxunc adamam, nə də serjant-mayor, sadəcə, insanların bu kimi şeylərə ciddi yanaşmasını sevirəm. Meydançanın ətrafında dövrə vururduq, o isə topla oynayırdı. Bir dəfə çağırdım, iki dəfə çağırdım, səs vermədi. Gördüm ki, eşitmir, mən də dedim: “Topu ver mənə, sonra əynini dəyiş və evə get”. 10 dəqiqə sonra çiynində çantası, tel hasara yapışıb, meydanı seyr edirdi. Özünü pis hiss etdim, onu bu halda görmək məni narahat edirdi. Qışqırdım: “Sağ ol” demədən getdin”. Sağollaşmaq üçün yanıma gəldi, mən isə onu yenidən soyunub-geyinmə otağına göndərdim ki, paltarını dəyişib, yenidən məşqlərə qoşulsun. Utancaq olsa da, möhkəm xarakterə sahib idi. İlk dəfə onda ona nəsə deməli olmuşdum.

– İspaniya gedəndə nə düşünürdüz?
– “Nyuells” ona şans tanımadı. Maddi cəhətdən də cəhd göstərmədilər. 13 yaşlı uşağa görə pul xərcləmək istəmirdilər. Məncə, gözlərinin düz qarşısında olan şeyin dəyərini bilmədilər.

– Bəs indi onun haqqında nə düşünürsüz?
– Futbol baxımından Avropada çox artırıb. Ancaq hələ də tam potensialına çatdığını düşünmürəm.

– Şöhrət, məşhurluq, pul… – bu kimi faktorlar onun oyuna olan marağını azaldırmı?
– Məncə, şöhrət onun böyüməsinə yardımçı oldu. Çünki o, başından necə istifadə etməli olduğunu yaxşı bilir. Leo heç dəyişməyib. Hələ də həminki sadə oğlandı. Yaxınlarda onu görmək imkanım oldu. Məşqimizi yeni bitirmişdik, onlar isə başlayırdılar. Məni görən kimi isinmə hərəkətlərini yarımçıq qoyub, görüşmək üçün yanıma gəldi. Formasını mənə hədiyyə etdi. Oyunçularım inana bilmirdilər. Mənə deyirdilər ki, imkan yarat, biz də onunla görüşək və ya əlavə forma istə. Bu, sadəcə bir nümunədi. Leonu uzun müddətdi görməsəm də, o an gözümdə elə həminki – Bella Vistada məşq edən uşaq canlanmışdı.

Luka Kayoli – “Messi” kitabı
Hazırladı: Rüfət Məcid

Mənbə: Fanat.az

Bənzər yazılar

Back to top button