Bizim seçimİdmanManşet

Təbrizdə azarkeşlər Bakılı qonağı necə qarşılayıblar – Yadigar Sadıqlı yazır

Təbriz stadionunun kassa növbəsində biletin qiymətini soruşanda haradan gəldiyimlə maraqlandılar, Bakı dedim. Çox yüksək məhəbbətlə yanaşdılar, növbədən çıxardılar ki, siz kənarda gözləyin, biz alarıq (pulu verdim amma, 500 tümən, yəni 65 qəpik). Bileti alan məni özü ilə apardı içəri. Üst-başı iki yerdə yoxlayırlar, ikisində də “Bakıdan gəlib” deyəndən sonra polislər buraxdılar. Stadiona girəndən sonra məni canlı yayıma qoşdu, “Bakılı qonağı” təqdim edərək ürək sözlərimi soruşdu. Orta sektorların birində çətinliklə bir yer tapdı, özü yanımda pillələrdə oturdu. Az sonra polis ona irad bildirdi, mən də ” Bakıdan gəlmişəm, mənə görə burada oturub” dedim. Polis təəccüblə “Bakıdan gəlebsən?” soruşandan sonra “Xoş gəlebsən, sənin böyük ləyaqətin var, əziz qonağımızsan” dedi. Polisin bərkdən danışığını başqaları da eşitdi. Bir-birinə məni göstırib ” Bakıdan matça gəlib” söylədilər. Bir də gördüm, 20-30 nəfər məni alqışlayır. Çiynimə vuran, görüşən, şəkil çəkdirən…

Birinci hissənin ortasında yağış başlayanda arxadan kimsə başıma müşəmbə (klyonka) örtür. Fasilədə isə birisi karton stəkanda isti çay gətirdi.

Qısası, yağışda islandım, üşüdüm, Traktor uduzdu, amma mən heç bir oyundan belə ləzzət almamışdım.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Səni sevirəm, Təbriz!

Bənzər yazılar

Back to top button