İdman

“Neymar qalaktikadırsa, Mbappe əsl ulduzdur” – əfsanəvi hücumçu

Fransa millisinin sabiq üzvü Jan-Pyer Papen PSJ-nin hücumçuları Neymar və Kilian Mbappeni müqayisə edib.

Qol.az-ın “Le Parisien” nəşrinə istinadən yaydığı xəbərə görə, veteran futbolçu həmyerlisinin braziliyalıdan daha yaxşı olduğunu söyləyib. Papenin fikrincə, Paris klubunun əsas silahı məhz Mbappedir:

“PSJ-nin əsl silahı Neymar yox, Mbappedir. Əgər Neymar qalatikadırsa, Mbappe əsl ulduzdur. Son iki ildə braziliyalı hərdən nəsə yaxşı şeylər edib. Ancaq Kilian hər zaman sabit oynayır. O, hər cəhətdən inkişaf edir. Burada xüsusi nəsə danışmaq lazım deyil. Mbappe fərqli futbolçudur”.

Əfsanəvi futbolçu Mbappenin hücumun sivri ucunda komandaya daha çox xeyir verə biləcəyini düşünür: “Başa düşmürəm, niyə o, cinahlarda oynayır. Düzdür, sürətlidir, rəqiblərini asanlıqla keçir. Amma Kilian həmin mövqelərdə hücumda olduğu qədər təhlükəli deyil. O da mənim kimi başla oynamağı bacarmır. Amma fürsət düşəndə başla da qol vurmalısan. Məncə, Mbappe məşqlərdə bunun üzərində heç işləmir. Qol epizodlarında sol ayağından az istifadə edir. Ümumiyyətlə, bu, ona lazımdırmı? Əgər sağ ayağı ilə 50 qol vurursa, ehtiyac yoxdur. Bir sərrast ayaq iki ortabab ayaqdan yaxşıdır”.

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində 30 qol vurub.

Bənzər yazılar

Back to top button