Dünya

İran imperiyasının 2500 illiyi ziyafəti

Persepolis təntənələrində iştirak edən qonaqlardan kimsə onlara öz ölkəsində sığınacaq vermədi

Əhvalatın 1958-ci ildə, millətçi İran alimi və intellektualı Şücaəddin Şəfanın şah ailəsinə İran monarxiyasının 2500 illiyi münasibətilə təntənələr keçirməyi təklif etməsilə başladığı güman edilir. Bu rəqəm eramızdan əvvəl 559-cu ildə Böyük Kirin (Kuruş) taxta çıxaraq Əhəmənilər sülaləsinin əsasını qoymasından hesablanırdı. Bayram tədbirlərilə yanaşı “İranın bəşər sivilizasiyasının inkişafına təsiri”ni öyrənən elmi konfransın keçirilməsi nəzərdə tutulurdu.

Təklif şahın xoşuna gəldi və 1960-cı ildə müvafiq təşkilat komitəsi yaradıldı. Əvvəlcə böyük təmtəraq nəzərdə tutulmurdu və ayrılan büdcə 3,5 milyon dollara bərabər idi. Yubiley 1961-ci ildə qeyd olunmalı idi. Bu zaman İran tarixi haqqında kitabların, İran mədəniyyəti nümunələrinin və arxeoloji tapıntıların sərgisi keçiriləcəkdi. Kir haqqında fars, türk, ərəb, ingilis, fransız, alman və italyan dillərində kitab buraxılacaqdı. Lakin bəzi amillər üzündən həmin il tədbir keçirilmədi.

Yubiley mövzusuna 1960-cı illərin ikinci yarısında yenidən qayıdıldı. Əhəmənilər dövlətinin iki qədim paytaxtına yaxınlığına görə təntənələrin əsas hissəsinin keçirilməsi planlaşdırılan Şirazda infrastrukturun arzulanan səviyyədə olmamasını nəzərə alan Təşkilat Komitəsinin sədri Əmir Müttəqi qədim Persepolis şəhərində çadır şəhərciyi salmağı təklif etdi. Məhəmməd Rza şah əvvəlcə bu təklifi “sürrealist” adlandıraraq rədd etdi.

Amma 1970-ci ildə şah onu yenidən nəzərdən keçirib bəyəndi və təntənələrin keçirilməsinə qəti qərar verdi. Monarx onun təxmini tarixini də müəyyən etdi: 1971-ci ilin oktyabrı. Təşkilat Komitəsi yenidən quruldu. Onun sədri saray naziri Asadollah Aləm, fəxri prezidenti isə şahbanu Fərəh oldu. İndi yubiley tədbirlərinə təkcə alimləri deyil, xarici ölkələrin siyasi liderlərini də dəvət etmək qərara alındı. Əvvəlcə elmi-mədəni tədbir kimi planlaşdırılan yubiley indi siyasi şəkil almağa başladı.

***

Əhəmənilər dövlətinin ikinci paytaxtı olan Persepolisin qalıqları Tehrandan 900 km cənubda, Şiraz şəhərindən 50 km şimal-şərqdə yerləşirdi. İlk paytaxt olan Pasarqad şəhəri isə Persepolisdən 80 km şimal-şərqdə idi. Kirin sərdabəsi də burada ucalırdı.

Tacdar cütlük təntənələrin ən yüksək səviyyədə keçirilməsini istəyirdi. Dəvət ediləcək qonaqları rahat qarşılamaq üçün Şiraz aeroportu yenidən quruldu. Buradan Persepolisə qədər yüksək keyfiyyətli yol çəkildi. Heç kəsin yaşamadığı şəhərin özündə minlərlə ağac və gül kolları əkildi, hətta Avropadan 50 min ədəd oxuyan quş gətirildi.

Fransanın Maison Jansen interyer firması tərəfindən hazırlanan çadır şəhərciyi beşguşəli ulduz şəklində idi. Mərkəzdəki möhtəşəm fəvvarədən beş tərəfə uzanan küçələrdə yolun hər tərəfində 5 olmaqla 10 çadır quruldu. Beləcə, cəmi 50 çadır vardı. Qonaqların qalacağı bu çadırların hər birində komfort üçün bütün şərait yaradılmışdı, o cümlədən kondisionerlərlə təmin olunmuşdular. Şəhərcikdə bundan əlavə daha iki çadırlar vardı: qonaqları qəbul etmək üçün dairəvi Şərəf zalı və nəhəng, hamının yerləşəcəyi Banket zalı. Bütün bu kompleks 65 hektar ərazidə yerləşirdi.

Təşkilati işlərə nəzarət edən şahbanu Fərəh hər şeyin ən yüksək şəkildə təşkil olunasını istəyirdi. Parisin dəbdəbəli “Maxim’s” restoranı bu ziyafətlə əlaqədar olaraq iki həftə bağlanıldı. Bütün heyəti İrana gələrək ziyafət təşkili ilə məşğul oldular. Ümumilikdə 160 aşpaz, şirniyyatçı və ofisiant cəlb edildi.

Təntənələri işqlandıracaq sənədli film iki dildə olacaqdı: fars və ingilis dillərində. Farsca Foruq-i Cavidan (Əbədi atəş), ingiliscə Flames of Persia (Persiyanın atəşi) adlanacaq bu filmi ingiliscə səsləndirmək üçün dünya şöhrətli rejissor Orson Uells dəvət olundu. Bariton səsi olan Uellsə bunun müqabilində “Küləyin başqa üzü” (The Other Side of the Wind) adlı filminin maliyyələşdirilməsi vəd edildi. Mərasimin marşını yazmaq isə məşhur çexoslovak bəstəkar Zdenek Lişkaya həvalə olundu.

Qonaqları Şiraz hava limanında qarşılayıb Persepolisə gətirmək üçün 250 qırmızı rəngli “Mercedes” avtomobili alındı. Çadırlar İran xalçaları, İtaliya pərdələri ilə bəzənmişdi. Burada hər bir qonağın öz ölkəsi ilə əlaqə saxlaması üçün birbaşa telefon əlaqəsi mövcud idi.

Tədbirin rəsmi simvolu ortasında “Kirin silindiri” olan emblem idi. 1879-cu ildə qədim Babil şəhərinin ərazisində arxeoloji qazıntılar zamanı tapılan bu artefakt Britaniya muzeyində saxlanılırdı və təntənələr dövründə müvəqqəti olaraq İran hökumətinə verilmişdi. Gil üzərində olan yazıları Məhəmməd Rza şah “tarixdə ilk insan hüquqları xartiyası” kimi təqdim edirdi. Despotik hakimiyyət quran şah belə bir ilkin İran ərazisində yazılması ilə çox fəxr edirdi.

İran tarixinə və mədəniyyətinə maraq oyatmaq, ölkə turizmini inkişaf etdirmək üçün təntənələrə əlverişli məqam kimi baxan şah rejimi 30-a qədər dövlətdən qonaqlar dəvət etməyi planlaşdırırdı. Lakin tədbirə maraq gözlənildiyindən böyük oldu. Bir çox ölkələrin səfirlikləri xarici işlər nazirliyinə müraciət edərək öz ölkələri üçün dəvət istəyirdilər. Nəticədə iştirakçıların sayı xeyli çoxaldı.

***

Təntənələrin 1971-ci il oktyabrın 12-16-da keçirilməsi qərara alındı. İlk gündə Kirin Pasarqadda yerləşən sərdabəsi ziyarət olunacaqdı. Bu münasibətlə sərdabənin yerləşdiyi ərazi digər məzarlardan təmizlənmiş, ətrafa xeyli ağaclar əkilmişdi. Tədbirdə əsasən hökumət üzvləri, ruhanilər və xarici səfirliklərin nümayəndələri iştirak edirdilər.

Pasarqada helikopterlə gələn şah, şahbanu və vəliəhd Rza orkestr musiqisinin sədaları altında sərdabəyə yaxınlaşdılar. Şahbanu və vəliəhd bir qədər arxada dayandılar. Şah isə hərbçilərin müşayiəti ilə sərdabənin önünə gələrək əklil qoydu və bundan sonra “Kuruş! Böyük şah, şahlar şahı, Əhəməni imperatoru, İran torpağının hökmdarı. Mən, İran şahənşahı Sizə şəxsən öz adımdan və İran milləti adından salamlayıram”, – sözlərilə başlayan çıxışını etdi. “Siz rahat yatın, zira biz, sizin mirasınızı qoruya bilmək üçün yatmırıq”, – kimi vədlərin səsləndiyi çıxışdan sonra bir dəqiqəlik sükut saxlanıldı. İran televiziyası ilə canlı yayımlanan mərasimə milyonlarla adam baxırdı.

Ertəsi gün Məhəmməd Rza şah Şiraz universitetində Beynəlxalq iranşünaslıq konfransının açılışını etdi. Konfransda 500 nəfər iştirak edirdi. Onun materialları sonralar “Acta Iranica” adlı dərgidə çap edildi.

Həmin gün yüksək mənsəbli xarici qonaqlar da gəlməyə başladı. Onları şah və şahbanu şəxsən qarşılayır, hər qonağın şərəfinə ölkəsinin himni səsləndirilirdi. Altmış ölkədən qonaqlar vardı. Onların təxminən yarısını müxtəlif monarx sülalələrinin nümayəndələri təşkil edirdilər. Aralarında hakimiyətsiz əsilzadələr də vardı. Məsələn, İtaliyanın devrilən Savoyya sülaləsinin başçısı Viktor Emmanuel və ismaililərin imamı IV Ağa Xan kimi.

ABŞ-ı vitse-przident Spiro Aqnyu, Böyük Britaniyanı kraliçanın əri Filipp və qızı Anna, Fransanı baş nazir Jak Şaban-Delmas, Qərbi Almaniyanı bundestaqın spikeri Kay-Uve fon Hassel, İtaliyanı baş nazir Emilio Kolombo, Türkiyəni prezident Cevdet Sunay, İspaniyanı kral Xuan Karlos və arvadı Sofiya təmsil edirdilər. Monako knyazı III Renyeni də arvadı, Hollivud əfsanəsi Qreys Kelli müşayiət edirdi.

Bu dövrdə İran-SSRİ münasibətlərinin maraqlı dövrü idi. Bir tərəfdən İran NATO-nun kiçik qardaşı sayılan CENTO hərbi blokunun üzvü idi, digər tərəfdən isə şimal qonşusu ilə sıx iqtisadi əməkdaşlıq edirdi. Yəqin ki, buna görə tədbirdə Sovet İttifaqını de-yure dövlət başçısı, Ali Sovetin Rəyasət heyətinin sədri Nikolay Podqornı təmsil edirdi.

Əslində monarxiyanın əleyhdarı sayılan kommunist dövlətlərinin bu mərasimə münasibəti maraqlı idi. Yuqoslaviya, Rumıniya, Bolqarıstan, Çexoslovakiya dövlətin birinci adamı ilə təmsil olunurdular. İlk iki ölkənin həm də birinci lediləri gəlmişdilər. Macarıstanı isə SSRİ kimi dövlətin formal rəhbəri təmsil edirdi. Polşadan Dövlət şurası sədrinin müavini təşrif buyurmuşdu. Yalnız Çin Pakistandakı səfiri kimi kiçik məmuru göndərdi.

Ən ekstravaqant qonaq Efiopiyanın 79 yaşlı imperatoru Hayle Selassie idi. İmperator özünün kiçik itini də gətirmişdi və çox vaxt qucağında gəzdirirdi. Dünyanın bir çox tacdar xanımları itin boyunbağısındakı iri brilyanta həsrətlə baxırdılar.

İranın regional lider iddiaları və İsraillə sıx əlaqələri onun bir çox ərəb ölkəsi ilə münasibətlərini korlamışdı. Buna görə də Misir, Səudiyyə Ərəbistanı, Suriya, İraq, Liviya və digər ərəb ölkələri təntənələrdə iştirak etmirdilər. İordaniya, Livan, Küveyt, Oman, Bəhreyn, Qətər nümayəndələri isə gəlmişdilər.

Qonaqların təhlükəsizliyi üçün ciddi tədbirləri görülüb. İranın ordusu və SAVAK gizli polisi çadır şəhərciyindən 60 km radiusda hər yeri nəzarət altında saxlayır. 1500 nəfərə qədər şəxsin preventiv həbsə məruz qaldığı güman olunur. Şəhərcik ilanlardan, əqrəblərdən və digər sürünənlərdən təmizlənib.

***

İran monarxiyasının 2500 illiyi münasibətilə verilən əsas ziyafət oktyabrın 14-nə təyin edildi. Bu, həm də şahbanu Fərəhin 33-cü doğum günü idi. Həmin gün şah və şahbanu qonaqları Şərəf zalında qəbul edir və Banket zalına ötürürdülər. Videokadrlarda onların arxasında duran Asadollah Aləmin mərasimin möhtəşəmliyindən məmnun simasını görmək olar.

Şərəf zalında da hər şey ən keyfiyyətli materiallardan hazırlanıb. Nimçələr, boşqabalar məşhur Limoj çinisindəndir. Onların ortasında Pəhləvi sülaləsinin gerbi həkk olunub. Badələr Bohemiya büllurundan, çəngəl, bıçaq və qaşıqlar gümüşdən idi. Bu sırada yalnız çılçıraqlar istisnadır, orqanik şüşədən hazırlanıblar. Çünki büllurdan hazırlansaydılar, çadırın tavanı davam gətirməzdi.

İlk tost 1959-cu il Dom Perignon Rose şərabı ilə qaldırılan ziyafətdə başqa bahalı şərablar, viskilər, araqlar və müxtəlif cür yeməklər verildi. Xəzərin xeyli qara kürüsü istifadə edildi, hərçəndi, şah özü yemirdi, kürüyə allergiyası vardı. 600-ə qədər adamın iştirak etdiyi qonaqlıq beş saat yarım davam etdi. Nəticədə ən bahalı ziyafət kimi Ginnesin rekordlar kitabına düşdü. Gecə məşhur avanqard musiqiçi Yanis Ksenakisin məhz bu hadisə üçün bəstələdiyi “Persepolis” əsərinin ifası ilə başa çatdı.

Ertəsi gün isə daha bir təntənəli tədbir – hərbi parad vardı. Onu izləmək üçün yaradılan tribuna elə yerdədir ki, öndən çəkən kameralar həm də Persepolis xarabalıqlarını, xüsusən də I Dara tərəfindən tikilən əfsanəvi Apadana sarayının 72 sütünundan günümüzə gəlib çatan 13 sütununu da lentə alırlar.

Tribunada şahın sağında imperator titulunu daşıyan yeganə qonaq – Hayle Selassie oturub. Şahbanudan solda oturacaq qonağın seçimi daha maraqlı və müəmmalıdır. Bu nə monarx, nə də İranın yaxın müttəfiqi olan ABŞ-ın nümayəndəsi deyil, SSRİ-ni təmsil edən Nikolay Podqornıdır.

1700-dən artıq əsgərin iştirak etdiyi parad 3 saat davam edir. Parad iştirakçıları İran ordusunun ən qədim zamanlardan indiyə qədər olan geyimlərini, silahlarını nümayiş etdirərək keçirlər. Hətta Kserksin Yunanıstan üzərinə hücum zamanı istifadə etdiyi gəmilərin də üç maketi tribuna önündən keçir. Qədim hərbçiləri canlandıran əsgərlərə bir neçə ay idi ki, üzlərini, bığlarını qırxmaq qadağan edilib.

Həmin gün axşam verilən ziyafət daha sərbəst xarakter daşıyırdı. Qonaqlara İran düyüsündən hazırlanan plovla yanaşı fisincan, cücə kababı və çilo kabab verildi.

Oktyabrın 16-da isə hamı Tehrana getdi. Burada şah ailəsi və qonaqlar əvvəlcə Pəhləvi sülaləsinin banisi, şahın atası Rza şahın mavzoleyini ziyarət etdilər. Sonra isə Şahlar bürcü (Borc-e Şahyad) adını verdikləri kompleksin açılışı oldu. İslam inqilabından sonra adı dəyişilərək “Azadlıq bürcü” (Borc-e Azadi) olan tikili indi Tehranın simvolu sayılır.

***

Rəsmi mənbələr bütün təntənələrə 22 milyon ABŞ dolları xərcləndiyini iddia edirdilər. Bu o zamanın kursu ilə olduqca böyük məbləğ idi. Əgər qızılın unsiyasının o zaman 35, bu sətirləri yazarkən 1516 dollar olduğunu nəzərə alsaq, indiki kursla 950 milyon dollara yaxın məbləğ alınır.

Ancaq şah rejiminin əleyhdarları, xüsusən təntənələri “İblis bayramı” adlandıran ayətullah Xomeyninin tərəfdarları on dəfə daha böyük məbləğ səsləndirirdilər və insanların da çoxu rəsmi şəxslərə deyi, onlara inanır. Ölkədə xeyli sosial problemlərin olduğu bir zamanda belə nəhəng məbləğin ziyafətə xərclənməsini çoxu qınayır. Nəticədə yubiley tədbirləri şah rejimini nüfuzdan salan addımlardan biri oldu. İndi İran İslam inqilabının səbəblərinə toxunan bütün əsərlərdə bu təntənələr də göstərilir.

Bununla belə, obyektiv olsaq, 2500 illik münasibətilə keçirilən tədbirlərin həqiqətən İran tarixinə və mədəniyyətinə marağı xeyli artırdığını, iranşünaslığın inkişafına böyük təkan verdiyini söyləməliyik. Kirin sərdabəsi isə iranlıların hər il oktyabrın 29-da, Böyük Kir günü ziyarət edərək milli duyğularını ifadə etdikləri yerə çevrildi. Hətta İslam inqilabı belə bu ənənəni dəyişə bilmədi.

1979-cu ildə İranda monarxiya devrildi, şah və şahbanu ölkədən qaçmağa məcbur oldular. Səkkiz il öncə Persepolis təntənələrində iştirak edən qonaqlardan kimsə onlara öz ölkəsində sığınacaq vermədi. Əvəzində yubileyə gəlməyən, ancaq ötən müddətdə İsraillə sülh bağladığı üçün şaha da münasibəti dəyişən Misir prezidenti Ənvər Sadat qəbul etdi. Şahın xərçəng xəstəliyindən vəfat etməsindən sonra şahbanu Fərəh Pəhləvi ABŞ-da məskunlaşdı.

Yadigar Sadiqlı

Meydan.tv

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button