İdman

Qurban Qurbanov: “Rakov”un pley-offa yüksəlməsinə təəccüblənmədim”

“HİK-lə oyuna yaxşı hazırlaşmışıq. Düzdür, çempionat oyunundan sonra komanda şəklində cəmi 2 gün məşq edə bildik. İnşallah Bakıya yaxşı oyun və yaxşı nəticə ilə dönmək istəyirik”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Finlandiya səfəri öncəsi hava limanında jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis “Sabah”dan fərqli olaraq, “Neftçi” kimi “Qarabağ”ın da çempionat oyununun təxirə salınmamasına belə münasibət bildirib: “Belə bir məsələ var idi. Məncə, federasiya tərəfindən oyunun təxirə salınması üçün heç bir problem olmazdı. Hətta danışıq da olmuşdu. Sadəcə biz bunu istəmədik. Bəlkə də gələcəkdə belə hal olanda matçın təxirə düşməsini istəyəcəyik. Lakin indiki halda digər futbolçularımın da oynamasını çox istəyirdim, bu, oyun praktikası baxımınan çox vacib idi. Bəzən sonradan meydana çıxanda az oynayan futbolçular müəyyən problemlərlə üzləşirlər. Ona görə də “Turan Tovuz”la qarşılaşmanı təxirə salmadıq”.

Qurbanov komandasının yeni transferlərindən olan Juninyonun çıxışını da dəyərləndirib: “Komandaya, Bakıya adaptasiya olur. Lakin hələ çatışmayan cəhətlər çoxdur. Fiziki forması ideal səviyyədə deyil. İnanıram ki, zaman keçdikcə “Qarabağ” üçün daha faydalı futbolçu ola biləcək”.

“Qarabağ”ın baş məşqçii HİK-lə səfər matçının süni ot örtüklü meydançada keçirilməsinə də toxunub: “Süni ot örtüyündə məşq etmədik. Bilirsiz ki, bu cür meydançalar futbolçunu bir qədər çox yorur. Ona görə də belə bir riskə getmədik. Bu gün həmin meydançada məşq edirik. İnşallah şəraitə uyğunlaşacağıq. Çünki başqa yolumuz yoxdur”.

Qurban Qurbanov HİK-i mübarizədən kənarlaşdıracaqları halda pley-off mərhələsində üz-üzə gələcəkləri Sloveniya “Olimpiyası”nın çıxışını hələ izləmədiyini söyləyib: “Xeyr, dünən “Olimpiya”nın “Qalatasaray”la görüşünü izləməmişəm. Hazırda yalnız öz oyunumuzu düşünürük”.

Mütəxəssis Polşa çempionu “Rakov”un “Qarabağ”ın ardınca Kipr “Aris”ini də mübarizədən kənarlaşdırmasına təəccüblənmədiyini qeyd edib: “Rakov”un pley-offa yüksəlməsi məni təəccübləndirmədi. Daha əvvəl də demişdim ki, Polşa çempionu çox yaxşı komandadır. Məncə, onlar bu nəticəyə layiq idilər. Çox istəkli kollektivdilər. Mən Polşa klublarına həmişə hörmətlə yanaşmışam. Onlarda Avropanın əksər ölkələrində olmayan intizam var”.

O, “Rakuv” uğursuzluğundan sonra komanda üzərində yaranan təzyiqin artıq nisbətən azaldığını vurğulayıb: “Bəli, müəyyən ölçüdə təzyiq üzərimizdən qalxıb. Amma hər bir halda həyəcan var. Bizim həyəcan keçirmədiyimiz matçlar olmur. Qarşılaşmadan əvvəl az da olsa pis tərəfini də düşünürsən ki, görəsən, necə olacaq. Həyəcan hardasa məsuliyyətdir”.

Sonda isə Q.Qurbanov yeni transferlərin gəlişi ilə bağlı sualı cavablandırıb: “Yolda olan yox, amma danışıq apardığımız futbolçular var”.

Bənzər yazılar

Back to top button