AnalitikaBizim seçimİqtisadiyyatSiyasət

Azərbaycanda 9-10 vilayət yaradılmalıdır

İdarəetmədə islahatlar qaçılmazdır. Ölkədə faktiki olaraq idarəçilik böhranı var. İdarəetmə təkmilləşdirilməli, yeniləşməli və sadələşdirilməlidir. Konkret desək, dövlət bürokratiyası normadan qat-qat yuxarıdır. Bu, effektiv idarəetməyə mane olur. Fikrimcə, idarəetmə islahatları regional idarəetmə standartlarının dəyişməsindən başlamalıdır.

Azərbaycanda 77 rayon, 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax + Naxçıvan MR-in mərkəzi Naxçıvan şəhəri) var. Rayonlardan 12-si Bakının, 7 rayon və 1 şəhər Naxçıvan MR-in, 2 rayon Gəncənin tərkibinə daxildir.

Beləliklə, mərkəzi hakimiyyəti 22 rayon və 1 şəhəri dolayısı ilə (Bakı, Naxçıvan MR və Gəncənin tərkibinə daxil olan rayonlar və Naxçıvan şəhəri), 9 şəhər və 57 rayonu isə birbaşa edir. Ümumilikdə mərkəzi hakimiyyət 69 subyekti idarə edir. Bakı, Gəncə, Naxçıvan MR + 9 şəhər + 57 rayon. Bu faktın özü çevik və effektiv idarə etmək baxımından çox qüsurludur.

Müqayisə üçün deyək ki, 80 milyonluq Türkiyədə mərkəzi hakimiyyət 81 vilayəti idarə edir. Ortalama götürsək, hər vilayətə 1 milyon əhali daxildir. Ərazisinə görə dünyanın birinci, əhalisinin sayına (145 milyon nəfər) görə isə dünyanın 9-cu ölkəsi olan Rusiyada mərkəzi hakimiyyət cəmi 85 subyekti idarə edir – ortalama hər subyektdə 1,7 milyon nəfər. 330 milyon əhalisi olan ABŞ-ın mərkəzi hakimiyyətinin idarəetməsində 50 ştat var (hər ştatda ortalama 6,6 milyon əhali). 10 milyon əhalisi Azərbaycanın mərkəzi hakimiyyətinin idarə etməsində 69 subyektin (Bakı, Naxçıvan MR və Gəncə + 9 şəhər + 57 rayon) olması təbii ki, çoxdur.

Rəsmi statistikaya görə, Bakıda 2,3 milyon, Naxçıvan MR-də 450 min, Gəncədə isə 630 min nəfər yaşayır. Deməli, ölkə üzrə 10 milyon əhalinin 4,4 milyona yaxını bu 3 bölgədə məskunlaşıb. Qalan 5,6 milyon əhali isə 57 rayon və 9 şəhərin payına düşür – orta hesabla hər rayonda 84 min əhali.

Bu statistikanı bir az da sadələşdirsək, əhalinin 3 milyon nəfərə yaxını 15 iri şəhər və rayonda yaşayır – Sumqayıt 340, Lənkəran 225, Masallı 222, Cəlilabad 217, Şəmkir 213, Abşeron 207,5, Ağdam 198, Şəki 184, Xaçmaz 175, Sabirabad 173, Tovuz 173, Quba 168, Bərdə 155, Salyan 136, Ağcabədi 135 min nəfər.

Qalan 51 rayon və şəhərdə isə əhalinin cəmi 2,6 milyon nəfəri yaşayır – orta hesabla hər rayonda 50 min nəfər. Ortalama 50 min əhalisi olan 51 rayon və şəhəri niyə mərkəzi icra hakimiyyəti idarə etməlidir. Hansı bu 51 rayonun əhalisi təxminən elə Bakı əhalisi qədərdir.

Qobustan, Oğuz, Siyəzən, Daşkəsən, Xızı, Naftalan kimi rayonlarının əhalisi isə 50 min nəfərdən də azdır. Təsəvvür edin ki, 340 min əhalisi olan Sumqayıt da, 10 min əhalisi olan Naftalan da eyni statusla mərkəzi hakimiyyətin idarəetməsindədir. Bu mərkəzi hakimiyyət üçün vaxt, maliyyə və enerji itkisindən başqa bir şey deyil. Ona görə də hesab edirəm ki, idarəetmə islahatları ilk növbədə regional idarəetmə strukturunun təkmilləşdirilməsi və rayon (şəhər) icra hakimiyyətlərinin ləğvini nəzərdə tutmalıdır. Bakı və Naxçıvanı çıxmaq şərti ilə, qalan ərazilərdə 9-10 vilayətin yaradılması idarəçilik sisteminin xeyli yaxşılaşdırılmasına xidmət edəcək.

Vilayətlərin yaradılması ilə mərkəzi hakimiyyətin yükünü xeyli azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərinin optimallaşdırmaq mümkündür. Rayon icra hakimiyyətlərinə ayrılan büdcə xərclərinin (Bakı və Naxçıvan MR istisna olmaqla) məbləği 654 milyon manatdır. Vilayətləri yaratmaqla bu xərcləri əhəmiyyətli dərəcədə optimallaşdırmaq olar. İkincisi, bunun ardınca nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi də gəlir bu da xərclərin azaldılmasına gətirib çıxaracaq. Düzdür, nazirliklərin regional idarələrinin yaradılması prosesi artıq başlayıb. Vergilər, mədəniyyət, ekologiya və təbii sərvətlər nazirliyinin regional strukturları artıq yaradılıb. Vilayətlərin yaradılması isə prosesin effektiv yekunlaşmasını stimullaşdırar.

Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanması mexanizmi işə salınmalıdır. Vilayətlərin maliyyə bazasını genişləndirmək üçün bəzi vergi növlərinin yığılması da onların səlahiyyətinə daxil edilməsi zəruridir. Konkret olaraq, vilayətlərə iqtisadi muxtariyyət verilməli, vilayət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi onlara həvalə edilməlidir. Mərkəzi hakimiyyətin, məsələn, Naftalanda yol tikintisinin maliyyələşdirməsi absurddur – bu işlə vilayət rəhbərləri məşğul olmalıdır.

Bu formatda vilayətlərin yaradılmasından ən çox qazanan mərkəzi hakimiyyət olacaq. Birincisi, yerlərdəki sosial narazılıqlar mərkəzi hakimiyyətə yox, yerli hakimiyyətə yönəldiləcək. İkincisi, mərkəzi hakimiyyət izafi funksiyaları və maliyyə yükü aradan qaldırılacaq. Bu da mərkəzi hakimiyyətin digər funksiyalarının həyata keçirilməsini asanlaşdıracaq .

Nəhayət, vilayət rəhbərlərinin seçki yolu ilə müəyyənləşməsi əsas şərtlərdən biridir. Vilayət rəhbərləri (mer, vali və ya qubernator adlanması detallardır) seçki yolu ilə müəyyənləşməli və vilayət sakinləri qarşısında hesabat verməlidir. Bu idarəçilik islahatları kontekstində ən uğurlu islahat olar.

Qadir İbrahimli, iqtisadçı ekspert

Yazı müəllifin Facebook səhifəsindən götürülüb

Bənzər yazılar

Back to top button