Hadisə

İcra başçının adı sensasion cinayət işində

İcra başçısı məhkəmədə dələduzluqda ittiham olundu: “Mənə “sən öl” vurdu ki, səni vəzifəyə təyin edəcəm”

“Ağdamın icra başçısı ilə beş dəfə görüşmüşəm. O, mənə söz vermişdi ki, işi düzəldəcək. Hətta bir dəfə “sən öl” də vurmuşdu. Məni yandıran odur ki, icra başçısı hansısa dələduza qoşulub, camaatı aldadıb pulunu alıblar…”, – Ağdam sakini İsmayıl Məmmədovun sözləridir.

O, iyulun 25-də məhkəmədə zərərçəkmiş qismində ifadə verərkən bunları deyib. İsmayıl Məmmədov vaxtilə keçmiş prezident Ayaz Mütəllibov Moskvada olarkən onun mətbuat katibi olmuş, sonradan adı MTN-in bir sıra əməliyyatlarında keçən Teylor İbrahimovun cinayət işində zərərçəkmişdir. T.İbrahimov bir sıra şəxsləri, o cümlədən İ.Məmmədovu vəzifəyə düzəltmək adı ilə onlardan böyük məbləğdə pul almaqda təqsirləndirilir. CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan T.İbrahimovun haqqındakı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovum sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Məhkəmədə zərərçəkmişlərdən Eldəniz Nurəddinov deyib ki, qardaşı oğlunun həbsdən çıxması üçün T.İbrahimova bir neçə dəfəyə ümumilikdə 10 min 700 manat verib.

“Bu adam hər dəfə görüşə dövlət işçilərinə verilən nömrəli maşınla gəlirdi. Söz vermişdi ki, qardaşım oğlunun həbsdən çıxmasına kömək edəcək. Amma pulumuzu alıb aldatdı”, – zərərçəkmiş belə deyib.
T.İbrahimov isə onun yalan danışdığını bildirib. Deyib ki, bu adamı da, onun qohumlarını da tanımır.
T.Fətişoğlunun aldadıb pulunu aldığı iddia olunan adamların hamısı Ağdam sakinləridir. Zərərçəkmişlər məhkəmədə deyiblər ki, T.İbrahimovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla yaxın münasibətləri olub. Onu bir neçə dəfə icra başçısının yanında görüblər. Elə özü də adamlara problemlərinin həllini vəd edəndə icra başçısı vasitəsilə edəcəyini deyirmiş.

Zərərçəkmiş İsmayıl Məmmədov deyir ki, Raqub Məmmədov 2014-cü ildə icra başçısı təyin ediləndən T.İbrahimovu onun yanında görüb. Elə bunu nəzərə alıb, düşünüb ki, onu icra nümayəndəsinin müavini təyin etdirməyə gücü çatar. Buna görə də ona 5 min manat pul verib: “Sonra dedi ki, “icra başçısının yanına get”. Mən də getdim. İcra başçısı məni qəbul elədi. Dedi ki, narahat olma, işi həll edəcəyik. Pulu da Teylorun özünə verdim. 6 min dollar kredit götürüb 5 min manatı ona verdim. Beş dəfə icra başçısı ilə
görüşmüşəm. Hələ mənə söz verdi ki, icra nümayəndəsinin müavini də yox, icra nümayəndəsi vəzifəsinə təyin olunacam”.

Hakim İ.Məmmədovdan işə düzəlmək üçün niyə pul verdiyini soruşanda zərərçəkmiş sualı belə cavablayıb: “Möhtərəm hakim, elə danışırsız ki, elə bil, biz peykdən gəlmişik. Biz pul verməsək, çoban kimi də işə götürməzlər”.

T.İbrahimov bu zərərçəkmişin söylədiklərinə cavab olaraq deyib ki, İ.Məmmədov ki, pulu ona yox, Allahverən Quliyevə verib. Həmin 5 min manatdan 500 manatı ona çatacaqmış: “Allahverən 500 manatı da mənə vermədi”.

Başqa bir zərərçəkmiş Cəfər Həşimov isə məktəb direktoru olmaqdan ötrü 15 min 500 manat pul verdiyini deyir: “Mən pulu Allahverən Quliyevə vermişəm. Teylordan şikayətim yoxdur”.

Məhkəmə avqustun 8-də davam edəcək.

AzToday.Az

Bənzər yazılar

Back to top button