DünyaSiyasət

Ekspert: “İsrail qırıcılarının Azərbaycanda yerləşdirməsi…”

İranın Fars Xəbər Agentliyi ötən gün İsrailin Tehranı təhdid etmək üçün Azərbaycan Respublikasının ərazisinə 5 ədəd döyüş təyyarəsi yerləşdirdiyini yazıb. Bu haqda ABŞ-ın təhlükəsizlik məsələləri üzrə eksperti Qordon Dafın fikirlərinə yer verən agentlik məsələdə Türkiyənin də əli olduğunu, hətta Təl Əvivin Ankara ilə bunün üçün milyardlarla dollarlıq ticarət sazişi imzaladığını qeyd edib.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov yazılanların tamamilə uydurma və Azərbacyanla İranı növbəti dəfə qarşı-qarşıya qoymaq istəyən qüvvələrin əməli olduğunu bildirib. O, vaxtaşırı bu tip informasiyaların tədavülə buraxıldığını, lakin bunların heç bir əsası olmadığını vurğulayıb:

“Tamamilə yanlış məlumatdır. Azərbaycan heç bir dövlətin nə hərbi texnikasının, nə də hərbi qulluqçusunun öz ərazisinə yerləşməsinə imkan verməyib. Nəzərə alsaq ki, hətta söhbət bizə qonşu olan İrandan gedir… ABŞ və İsrailin İranı vurmaq üçün Azərbaycan ərazisindən istifadə edəcəyi ilə bağlı dezinformasiyalar neçə illərdir ki, mütəmadi olaraq mətbuat tərəfindən dövriyyəyə buraxılır. Azərbaycanın siyasi-hərbi rəhbərliyi dəfələrlə bəyan edib ki, biz heç bir halda öz ərazimizdən İrana qarşı istifadə edilməsinə icazə verməyəcəyik. Bu həm siyasi, həm də iqtisadi və hərbi anlamda tamam başqa nəticələr verə bilər deyə Azərbaycan buna heç vaxt imkan verməz.

Azərbaycan yalnız NATO ölkələrinə müəyyən icazələr verib. Onlar da Əfqanıstan və İraq üzərindən əməliyyatlar həyata keçirmək üçün bir neçə aerodomumuzdan – Qala, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi və digərlərindən istifadə edirlər. Bu icazə də texniki məqsədlər, yüklərin və şəxsi heyətin daşınması və s. üçündür.

İsrailin bura təyyarələr yerləşdirməsi və İranın buna çox sakit reaksiya verməsi mümkün olan iş deyil. İstər Türkiyənin, istərsə də digər ölkələrin maraqları olsun, Azərbaycan buna heç zaman əl atmaz. Hazırda dünyada çox qeyri-stabil vəziyyət hökm sürür. Dünən ABŞ prezidentinin impiçmenti gündəmə gətirildi. Hələ bilmək olmaz ki, dünyanın ən güclü dövlətində hansı hadisələr baş verə bilər. Ən azından siyasi ab-hava yüksələcək. Bu fonda Azərbaycanın İranla bağlı hər hansı bir addım atmağını düşünmürəm. Vaxtilə hətta saatına qədər deyirdilər ki, guya Azərbaycan ərazisindən İranın nüvə obyektləri, digər strateji yerləri bombalanacaq və s. Elə şeylər çox deyilib. Mən bu məlumatın dəqiqliyinə 100 faiz inanmıram. İkincisi də bu gün parlament yoxdur. Yəni başqa bir ölkənin hərbi texnikasının müvəqqəti də olsa, bizim ərzimizdə məskunlaşması üçün mütləq şəkildə parlamentin razılığı olmalıdır. Bunun qeyri-formal olduğunu da deyə bilərlər. Lakin dediyim kimi elə bir şey yoxdur. Hesab edirəm ki, bu, sadəcə olaraq İranı Azərbaycanla növbəti dəfə üz-üzə qoymaq istəyən bəzi qüvvələrin əməlləridir. Bunun başqa adı yoxdur”.

Bənzər yazılar

Back to top button