Hadisə

Maraqlı iddia – Namizədə səs vermək üçün valideynlərin səsi məcburi toplanır

Milli Məclisə seçki marafonu çərçivəsində müxtəlif dairələrdən maraqlı məlumatlar daxil olur.

Bizimyol.info saytına Nizami rayonu ərazisində yaşayan Esmira Hüseynova müraciət edərək iddia edir ki, bu ərazidə seçki qanunvericiliyində şəffaflıq pozulur. Belə ki, Nizami Rayon icra başçısı Arif Qasımov məktəb direktorlarına tapşırıb ki, valideynlərdən şəxsiyyət vəsiqələrinin nömrələrini toplasınlar. “Rayon ərazisindəki məktəb və uşaq baxçalarında ərazidə qeydiyyatda olan və səsvermə hüququna malik şəxslərin vəsiqələrinin nömrələrini istəyirlər. Bu səslər ərazidən namizədliyini irəli sürmüş, Milli Məclisin V çağırış deputatı Sədaqət Vəliyevanın xeyrinə toplanacaq”,- deyə vətəndaş şikayət edib.

Qeyd edək ki, Sədaqət Vəliyeva eyni zamanda YAP Nizami rayon təşkilatının sədridir.

Məsələ ilə əlaqədar Nizami rayon İcar Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirildi ki, bu iddialar əsassızdır, İcra Hakimiyyəti seçki prosesinə qarışmır. “İcra Hakimiyyəti seçki prosesslərinə qarışmadığına görə bizdə bu suala cavab verəcək məsuliyyətli şəxs də yoxdur”.

Xatırladaq ki, Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. Ali dərəcəli həkimdir. 1995-ci ildən hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür, 2008-ci ildən partiyanın Nizami rayon təşkilatının sədridir. Bu günə qədər Sədaqət Vəliyeva deputat olaraq əsasən SOCAR prezidenti Rövnəq Abdullayevin xalasıqızı olaraq tanınırdı. Lakin deputat xanım mediaya verdiyi açıqlamada Rövnəq Abdullayevlə eyni məhəllədə böyüsə də qohum olmadığını bildirib. O bizə verdiyi açıqlamada bu məsələnin müzakirəsini doğru hesab eləmədiyini söyləyərək Azərbaycan xalqının hamısının bir -birinə qohum olduğunu bildirib.

Bənzər yazılar

Back to top button