Cəmiyyət

Onkoloji xəstə Mehriban Əliyevaya müraciət etdi

Bakı şəhər Nizami rayonu, Nəsimi küçəsi, ev 20, mənzil 19-da yaşayan ağır onkoloji xəstə Rəfiqə Əsgərova Azərbaycan Respublikasının birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Rəfiqə Əsgərova müraciətində körpə ikən ata və anasını itirən bacısı qızlarının işlə təmin olunmasını istəyib.

Müraciəti olduğu kimi təqdim edirik:

Çox hörmətli Mehriban xanım!

Hər şeydən əvvəl, sevimlisi və ümid qapısı olduğunuz milyonlarla soydaşımızdan biri kimi sizə özümün və ailəmizin dərin hörmət və ehtiramını çatdırıram. Ulu Tanrı bizim kimi xeyirxahlığa, şəfqətə və köməyə möhtac insanların mötəbər pənah yeri və xilaskarı kimi daim Sizi qorusun və mövqeyinizi həmişə ali eləsin!

Mehriban xanım!

Həyatın nadir amansızlığı və məhvedici yükü altında çarəsiz qalıb Sizə üz tutmuş və yüksək səviyyədə diqqət, mərhəmət və yardım görmüş ailəmizin sonuncu müraciəti olacaq Sizə yenidən üz tutmaq məcburiyyətində qaldıq. Məsələ burasındadır ki, hələ körpə ikən ata-anasını itirib, yeganə doğması kimi mənim himayəmdə böyümüş bacım qızları Fatmaxanım və Hilalə Dadaşovalara 12 yaşlarına çatanda Sizin müstəsna qayğınız ilə mərhum ana və atalarının çalışdığı Bakı Neft Emalı zavodunun hesbına ayrıca mənzil verilib. Sonrakı illərdə Ukraynanın Luqansk şəhərində T.Şevçenko adına Milli Dövlət Universitetində ali təhsil alan bacım qızları 2014-cü ildə (4-cü kurs) Rusiya ilə Ukrayna arasında bu şəhər uğrunda qanlı döyüş gedəndə yenə Sizin müstəsna köməyinizlə od-alov içərisindən çıxarılıb Azərbaycana gətirildilər və Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində dərslərinə davam etdilər.

Əziz Mehriban xanım!

Fatmaxanım və Hilalə ötən il BDU-nu əyani şöbəsini bitirib diplom alsalar da, bu vaxtadək işsizdirlər. Son illərdə şiddətlənmiş onkoloji xəstəliyimə əlavə olaraq, həyat yoldaşımın və bacım qızlarının işsizliyi məni son dərəcə ağır ruhi-mənəvi duruma, ailəni isə dərin ehtiyaca salmışdır. Belə bir çıxılmaz vəziyyətdə yeganə ümidim yenə Sizədir.

Bacım qızlarının işləyib özlərinə çörək qazandıqlarını da görsəm bu dünyada başqa bir arzum qalmaz. Bu barədə Fatmaxanım və Hilalənin ali təhsil aldıqları BDU-nun yeni rəhbərliyinə və mərhum bacımın və yoldaşının çalışdığı ARDNŞ-SOCAR-ın rəhbərliyinə müraciət etsəm də, gözüm bu günə qədər yolda qalıb.
İki kimsəsiz, ata-ana nəvazişindən uzaq böyüyüb ali təhsil almış Azərbaycan övladlarına iş tapmaq müşkülə çevrilib. Adlarını çəkdiklərim qurumlarda çalışan müvafiq insanlar isə sanki qəlbləri daşa dönüb. Çünki etdiyimiz yazılı müraciətləri adi kağız parçası kimi kənara atır, ən yaxşı halda protokol qaydalarına uyğun qısa cavab yazırlar: “Müəssisəmizdə boş iş yeri yoxdu”.

Milyonların xeyirxahı Mehriban xanım!

İnanıram ki, həyatımın son arzusuna cavab olaraq bacım qızlarına göstərəcəyiniz mərhəmət məndən sonra tamamilə kimsəsiz qalacaq 2 azərbaycanlı qızını müstəqil həyat yoluna çıxarmaqla Sizin Ulu Tanrının dərgahındakı insanpərvərlik missiyanıza qızıl hərflərlə yazılacaq, əvəzində Sizə yüz qat artıq Tanrı rəğbəti qazandıracaq.

Verdiyimiz bu əziyyətləri ünvanınıza sonsuz dualarımızla cavablandırmaqdan, Prezident İlham Əliyevin və Sizin adınızla bağlı dövlət siyasətimizi ürəkdən bəyənib müdafiə etməkdən başqa, əlimizdən heç nə gəlmir. Allah-taala həmişə yolunuzu açıq, siyasətinizi uğurlu, balalarınızı xöşbəxtlər xöşbəxti eləsin! Amin!
Çox istərdim son arzu kimi üzbəüz əyləşib bu illər ərzində başımıza gələnləri SİZƏ danışım, dərdimi Sizinlə bölüşüm. Amma …

Böyük ehtiram və ümidlə: Rəfiqə Əsgərova”

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button