İqtisadiyyat

Nazirliyin balansındakı xidməti avtomobillərin bir hissəsi tabe quruma verilib

Elm və Təhsil Nazirliyinin xidməti avtomobillərinin bir hissəsi nazirliyə tabe qurumun balansına verilib.

AzToday.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Elm və Təhsil Nazirliyinin ərazi və yerli bölmələr üzrə müəyyən edilmiş 13 xidməti minik avtomobili müvafiq olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) ərazi və yerli bölmələrinə transfer edilib. Beləliklə, əvvəl nazirliyin balansında 23 xidməti minik avtomobili var idisə, hazırda sadəcə aparat üçün nəzərdə tutulmuş 10 avtomobil qalır.

Bundan başqa MÜTDA-nın aparatı üçün 3, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin aparatı üçün 4 xidməti minik avtomobili verilib. Həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə artırılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanına əsasən nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

Bənzər yazılar

Back to top button