AnalitikaManşetSiyasət

Kreml kimə üstünlük verir: Ermənistan, yoxsa Qarabağ klanına?

Köçəryan-Sərkisyan hakimiyyəti dövründə Ermənistan və işğal altında saxladıqları Qarabağ əhalisinin iqtisadi və sosial vəziyyəti ağırlaşdı. Ermənistanda kütləvi narazılıq var. Parlament seçkisi yaxınlaşdıqca güllə səslərinin və həbslərin sayı artır.

Ermənistanda hakimiyyət uğrunda siyasi mübarizə ilə yanaşı klanlararası mübarizə də gedir. Ermənistanda 20 ildir hakimiyyətdə Qarabağ klanı qərar tutub. Bu klan SSRİ illərində də Ermənistanda müəyyən mövqelərə malik idi. Ancaq 1987-ci ildə Dağlıq Qarabağda separatçılıq başladıqda bu klanın mövqeləri Ermənistanda gücləndi. Dağlıq Qarabağ separatçıları Ermənistan və Rusiya ordusunun köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonları işğal etdikdən sonra İrəvanda təsir güclərini bir az daha artırdılar. Ermənistanda doğulan siyasətçilər Qarabağdan gələnləri sevməsələr də, onların artan rolunu qəbul etmək məcburiyyətində qaldılar. Buna görə də Ermənistanda 2 aprel parlament seçkisində mübarizənin yenə də Ermənistan və Qarabağ klanı arasında gedəcəyini söyləmək mümkündür.

Vaxtilə Qarabağ separatçılarını Ermənistanda hakimiyyətə keçmiş prezident Levon Ter-Petrosyan gətirib. Levon Ter-Petrosyan ilk əvvəl indiki prezident Serj Sərkisyanı İrəvana gətirərək onu daxili işlər və milli təhlükəsizlik naziri təyin etdi. Daha sonra digər Qarabağ separatçısı Robert Köçəryanı İrəvana gətizdirərək onu baş nazir təyin etdi. Bununla da Levon Ter-Petrosyan Ermənistana problem yaratdı, Köçəryan-Sərkisyan cütlüyünün tələsinə düşdü. Məntiqlə Azərbaycanla sülhə çalışan Levon Ter-Petrosyan separatçılarla arasında məsafə saxlamalı idi. Levon Ter-Petrosyan 1997-ci ildə Azərbaycanın da qəbul etdiyi “mərhələli həll” planını qəbul etməyə hazır idi. Separatçılar Levon Ter-Petrosyanı devirdilər. O gündən bu yana Qarabağ separatçıları başqa siyasətçilərin iqtidara gəlməsinə imkan vermirlər.

Ermənistanda anadan olan siyasətçilərin Qarabağ klanından narazılığı aşkardır. Ancaq həmin siyasətçilər bu narazılığın məhz klanlararası mübarizə ilə əlaqəli olduğunu vurğulamırlar. Şərti adı Ermənistan klanı əbədiyyətə qədər Qarabağ klanının şıltaqlıqlarına görə kasıblıqda, miqrasiya girdabında, müharibə qorxusu altında yaşamaq istəmir. Qarabağdan Ermənistan gətirilən meyidlər də klanlararası münasibətləri gərginləşdirir. Ermənistanda doğulanlar niyə Ağdam və Fizulidə ölməlidirlər? Bu sual Ermənistan klanı üçün getdikcə aktuallaşır. Hesabla bu amilər 2 aprel parlament seçkisində Ermənistan klanının xeyrinə işləməlidir. Ancaq Qarabağ klanı başda Serj Sərkisyan olmaqla əlindən gələn hər şeyi edəcək ki, iqtidar “yadların” nəzarətinə keçməsin. Buna baxmayaraq, Ermənistan klanı asanlıqla təslim də olmayacaq. Seçkidən bir gün sonra İrəvanda və Ermənistanın digər şəhərlərində kütləvi etirazların baş verəcəyi istisna edilmir, silah səsləri də eşidiləcək.

Kreml Ermənistanda klanlarası mübarizədə kimə üstünlük verir?

Rusiya Qarabağ klanını dəstəkləyir. Ermənistan klanı Rusiya ilə yanaşı Qərblə də yaxınlaşmanın tərəfdarıdır. Bu faktor isə Kremli qorxudur. Ona görə də Kreml Levona Ter-Petrosyan, Vardan Oskanyan və digər fiqurlardansa Serj Sərkisyan – Karen Karapetyan cütlüyünə üstünlük verəcək. Kremldə hər ikisini yaxşı tanıyırlar, Rusiyanın bütün istəklərini yerinə yetirirlər, digərlərinin isə Moskvanın əmrlərini yerinə yetirəcəyinə təminat yoxdur. Öz növbəsində Qarabağ klanı da Rusiyanın dəstəyinə arxayındır.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button