Bizim seçimSiyasət

Növbədənkənar seçkilər müxalifətdə Əli Kərimli faktorunu daha da gücləndirdi

Azərbaycan siyasi meydanında ona alternativ qüvvənin yaranmasının kim və nə əngəlləyir?

2019-cu ilin əvvəlində Azərbaycanda radikal müxalifətin aktivləşməsi müşahidə olunduğu halda sonradan sosial tələblərlə bağlı bəhanələrin əllərindən alınması ilə həmin düşərgənin fəallığında müəyyən zəifləmələr hiss olundu. Buraya ideoloji sahəni idarə edənlər tərəfindən məlum kəsimə qarşı aparılan mübarizənin təsirini də əlavə etmək olar. Ona görə ki, Milli Şura və Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin fəallaşmasını əngəlləmək üçün “heç bir siyasi hadisə baş vermədiyi halda niyə məhz 2019-da kütləvi aksiyalara çağırışlar və cəhdlər edilir” kimi çoxsaylı iradlarla müxaliflərin (radikalların) aktivləşmə səbəblərini arqumentsizləşdirməyə cəhdlər də oldu. Sonuncu, 19 oktyabr mitinqinə cəhdin uğursuzluğu və onu izləyən sensasiyalı kadr dəyişiklikləri ənənəvi müxalifəti kifayət qədər arqumentsizləşdirdi, desək, yanılmarıq. Nəhayət, Azərbaycanda bəzilərinə “istefa”nı dilinə gətirməyə təzəcə öyrətməyə çalışan radikalların seytnot vəziyyətinə düşdükləri bir vaxtda növbədənkənar seçkilərə gedildi.

Təbii ki, Azərbaycanda siyasi arenada yeni dönəmin başlanğıcı hesab edilən növbədənkənar seçkilər zamanı yeni müxalifət qüvvəsinin meydana çıxaraq özünü müxalifət kimi təsdiq edəcəyini düşünənlər az deyildi. Proses başladı, məlum kəsim həmişə olduğu kimi, boykot yolunu seçdi, həmin iddialı müxaliflər isə marafona qoşuldular. Seçkiyə getməyənlərin yeni müxalifət qüvvəsi roluna iddialı olanlara qarşı hücumların fonunda gedən seçkiqabağı kampaniyada yeni hərəkat və partiyalar özülərini göstərə bilmədilər. Bununla yanaşı, seçkiyə gedən ənənəvi müxalifətin şinelindən çıxmış qüvvələrin və köhnə müxalifət partiyaların alternativ hesab ediləcək heç bir orijinal fikir ortaya qoymaması onların məğlubiyyətini şərtləndirdi. Onların siyasi fəallığı icazəli olan kütləvi aksiya keçirməyə də yetmədi. Onların kampaniyası, hətta elə sönük şəkildə idi ki, hansısa rayonda namizədin qabağını kəsib haqq-hesab çəkən digər namizədin atdanıb-düşməsi, digər namizədin söyüş söyməsi müxalifət adı ilə seçkiyə gedən qüvvələrin bu prosesə qatılmasından daha çox səs gətirdi.

Beləliklə də, seçkiqabağı kampaniya dövründə seçkidə iştirak etməklə özünü bu statusa iddialı olduğunu göstərməyə çalışan bəzi yeni müxalif qüvvələrin gözlənilən diqqət və dəstəyi əldə edə bilməməsi iqtidara müxalif düşərgənin boşluğunda yenə köhnə müxalifətin radikallarının “at oynadacağı” ehtimalını gündəmə gətirir.

Bəs görəsən, müxalifətdə Əli Kərimlinin “pabucunu dama atmağı bacaran” birisinin yetişməsinin qarşısını alan əsas səbəb nə idi? Burada ilk növbədə AXCP-nin fəallarının Əli Kərimlinin yerinə real iddiaçılara qarayaxma kampaniyası da az rol oynamadı. Çünki onlar seçkiyə start verilən kimi, REAL Hərəkatına və onun liderinə qarşı hücumlarını birə beş artırmaqla onların gözdən salınması üçün var gücləri ilə çalışdılar. Bu kampaniya sosial şəbəkələrdə o qədər genişmiqyaslı hal aldı ki, REAL və seçkini boykot etməyərək namizədlərini irəli sürən digər partiya və hərəkatların üzvləri də az qala özlərinin məqsədləri, məramları və əsas rolları barədə şübhəyə düşməyə başladılar.

Nəticə nə oldu? REAL-ın parlamentdə ana müxalifət olacağı, hətta son dönəmlərdə radikallaşmağa çalışan Müsavatın deputat mandatı qazana biləcəyi, hətta İsa Qəmbərin oğlunun iştirak etdiyi hərəkatın əldə edəcəyi nailiyyətlər barədə bəzi proqnozlar da özünü doğrultmadı. Yəni REAL-dan cəmi 1 nəfərin, Mehman Hüseynovun bütün ciddi-cəhdlərinə baxmayaraq, digər hərəkatdan namizəd olanların heç birinin mandat ala bilməməsi, son 1 ildə cəmiyyətdə siyasi fəallığın artmasına rəğmən, budəfəki seçki prosesi də real müxalifət roluna iddialı qüvvələrin mövcudluğunu şübhə altına aldı.

Bununla da seçkini boykot edən əsas radikal müxalifətin oyundakənar vəziyyətə salınması baş tutmadı. Bu da parlament seçkilərinin əsas hədəflərinə nail olmadığını söyləməyə də əsas verir. Belə bir vəziyyətin hasil olmasında Əli Kərimli və ona daim “stvaka” edən qüvvələrin rolunun olması ehtimalını da nəzərdən qaçırmayaraq hələ təsdiqini almayan parlamentin “keçid dövrü məclisi” kimi dəyələndirən bəzi ekspertlərin də sözlərini qəribçiliyə salmaq olmaz.

Bu məqamda onu xatırlatmaq gərəkdir ki, xarici qüvvələrin, o cümlədən beynəlxalq qurumların diqqət mərkəzində olan siyasilərin arasına yeni qüvvələrin daxil edilməsi prosesi də qabarıq şəkildə özünü göstərmədi. Seçki sonrası dövrdə bu prosesdə hər hansı canlanma ola biləcəyi də şübhəlidir. Ona görə ki, seçkilərin hansı şəraitdə və necə keçməsindən asılı olmayaraq real vəziyyət ondan ibarətdir ki, Azərbaycanda normal demokratik seçkilərdə mövcud iqtidar partiyasının qarşısına çıxacaq, hətta “alternativlik görüntüsü” yarada biləcək siyasi qüvvə yoxdur.

Bu gün müxalifətdə Əli Kərimli faktoru kiməsə lazım olduğunu, hətta Azərbaycan siyasi meydanında ona alternativ qüvvənin yaranmasının qarşısını alan qüvvələrin də varlığını iddia etmək mümkündür. Bununla yanaşı, o da danılmaz faktdır ki, əgər həmin alternativ qüvvə yaransaydı və ya özünü göstərə bilsəydi, ölkədə sosial narazılqılardan tutmuş hər hansı bir blogerin həbsxanada aksiyasına qədər bütün olaylardan yararlanmaq istəyən Əli Kərimli kimilərə ehtiyac qalmayacaqdı. Amma indiki vəziyət onu göstərir ki, Ə.Kərimli və onun ətrafındakı qüvvələr hələ də siyasi palitradakı radikal kəsimə ayrılan hissədə mövcuddurlar və çox güman ki, hələ də həm daxildəki, həm də xaricdəki maraqlı dairələrin və qüvvələrin nəzər-diqqətindədirlər.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button