GündəmHadisə

ANS televiziyaları oğurluqda ittiham elədi: “Çingizin adını sadəcə qeyd etməkdən niyə qorxurlar?”

Son zamanlar ANS-ə məxsus maddı və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunmaqdadır. Əslində belə hallar ANS-i bütün fəaliyyəti boyu müşayiət edib. Biz buna qarşı qanuni yollarla mübarizə aparmış və müəyyən neqativ proseslərin qarşısını ala bilmişik.

2016-cı ilin iyul ayından sonra isə vəziyyət daha dözülməz şəkil alıb. Belə ki, ANS-in yayımı dayandırıldıqdan sonra bu quruma qarşı təzyiqlər intensivləşib. Bu təzyiqlər təkcə inzibati xarakter daşımır. Artıq sanki ANS-in varidatı uğrunda əməlli-başlı mübarizə gedir. ANS-in əmlakı məsələsi bu günədək, sözün həqiqi mənasında, qapalıdır. Şirkətin yerləşdiyi ünvanın qapısı hüquq-mühafizə orqanları tərəfindən möhürlənib və möhürün nə vaxt götürüləcəyi bəlli deyil. Qapı arxasında isə təkcə ANS-in külli miqdarda vəsait hesabına başa gəlmiş avadanlıqları deyil, həm də 25 illik fəaliyyətinin əsas nəticəsi – Azərbaycanın ən yeni tarixinin qorunub saxlandığı arxıv başlı-başına qalıb. Xüsusi saxlanma rejiminə əbədi ehtiyacı olan arxivimiz 9 aya yaxındır ki, tam baxımsız vəziyyətdədir. Yayın istisi və qışın şaxtası bu qiymətsiz xəzinəni məhvə sürükləməkdədir. Olduqca həssas olan video-audio daşıyıcıları – kassetlər, disklər, əlyazmaları sahibsiz, siçovulların ümidinə qalıb. Dəfələrlə müraciət etsək də, xadimələri belə qapalı zonaya çevrilmiş mərtəbəyə buraxmırlar. Göz bəbəyi kimi qoruduğumuz tarixi fakt və sübutlar gözümüzün qabağındaca sıradan çıxır və nə yazıq ki, biz buna qarşı heç nə edə bilmirik.

ANS-in arxivinə basqı ən müxtəlif səviyyələrdədir. Televiziya kanalları ANS-ə məxsus materiallardan ata malı kimi istifadə edir, nəinki icazə üçün ANS-ə müraciət edilmir, hətta kadrların ANS-ə məxsus olduğunu sübut edən loqo belə gizlədilir.

Gülləbaran altında lentə alınmış 1995-ci il mart hadisələrini efirə ANS-in loqosunu gizlədərək, oğrun şəkildə verməkdən utanıb xəcalət çəkmək lazım idi. Bu bir soyğunçu, qarətçi əxlaqı və ya əxlaqsızlığı idi.

ANS-in fəaliiyyəti dayandırılandan sonra Milli Qəhrəman Çingiz Mustafayevin də ruhuna hücumlar təşkil edilməkdədir. Onun Xocalıda çəkdiyi və artıq bütün dünyada məşhur olan kadrlardan istifadə olunarkən bu il ilk dəfə olaraq müəllifə istinad edilmədi. Hətta onun xidmətlərinə kölgə salmağa cəhdlər də oldu. ANS rəsmən elan edir ki, belə hallar rəzalət və əsl oğurluqdur. ANS-in əməkdaşları öz həyatlarını risk altına qoyaraq o kadrları lentə alarkən atəşdən, güllədən qorxmamışdılar. Çingiz Mustafayev isə həlak olmaqdan belə qorxmadı. Bəs onlara məxsus kadrlardan istifadə edənlər ANS-in loqosunu göstərməkdən, Çingizin adını sadəcə qeyd etməkdən niyə qorxurlar?

ANS və Milli Qəhrəman Çingiz Mustafayev Fondu olaraq bəyan edirik ki, yayımımızın dayandırılması keçdiyimiz tarixi yolun və şərəfli keçmişin yox olması demək deyil. Bizim tariximiz var, çəkdiklərimiz, arxivləşdirdiklərimiz qalır və ANS Şirkətlər Qrupu, Çingiz Mustafayev Fondu olaraq biz maddi və mənəvi irsimizi qorumaq iqtidarındayıq. Biz Çingiz Mustafayev və ANS-ə məxsus kadrların əsl və yeganə sahibləri kimi arxivlərimizdən icazəsiz istifadə etməyi, istinadsız yararlanmağı qadağan edirik. Belə hallarla ən kəskin şəkildə, Azərbaycan və beynəlxalq qanunun bütün gücü ilə mübarizə aparacağıq. Doğrudur, biz həmişə demişik ki, arxivimiz Azərbaycan xalqına məxsusdur. Amma bu o demək deyil ki, kim istəsə icazəsiz, iznsiz ANS-in qanı, canı bahasına yaratdığı salnaməni, Çingizin halal haqqını oğurlaya, onların irsini yağmalaya, özününküləşdirə, müəllifinin adını qeyd etmədən onun materialları əsasında kitablar nəşr etdirə bilər. Yanlış başa düşənləri bir daha diqqətli olmağa dəvət edirik:

ANS və Çingiz Mustafayevə məxsus irsdən icazəsiz istifadə etmək olmaz! Yasaqdır! Qadağandır! Oğurluqdur!

Bu qədər ağır, rüsvayçı yarlıqların altına çiyin verməyin!

Bənzər yazılar

Back to top button