Cəmiyyət

Karantin dövründə valideynlər bu üsuldan istifadə edə bilər – Mütəxəssis rəyi

“Tokioda evdə qalan uşaqla Yasamalda evdə qalan uşaq arasında fərq yoxdur”

Bəşəriyyət çətin günlərdən keçməkdə, görünməyən bir xəstəliklə mübarizə aparmaqdadır. Bu mübarizənin yaratdığı gərginlik, evdə qalmaq tələbi, qadağalar, təbii ki, belə bir mərhələdə ailə münasibətlərinə də təsirsiz ötüşmür. Mütəxəssislər isə insanları, xüsusilə valideynləri səbrli olmağa çağırır.

Sosioloq Cavid İmamoğlu Qaynarinfo-ya açıqlamasında deyib ki, karantin dövründə evdə qalan ata və analar bu müddət ərzində övladlarının yanında ailədaxili münasibətlərinə maksimum diqqət etməlidirlər. Onun sözlərinə görə, evdə qalmaq səbr tələb edir və insanın şəxsi effektivliyinə mənfi təsir göstərir:

“Tədqiqatlar göstərir ki, xanımların kişilərdən geri qalması, ictimai-sosial həyatda özlərini daha az realizə etmələri məhz məişətdə daha çox vaxt keçirmələri ilə əlaqədardır. Ancaq həm də bəllidir ki, azyaşlı uşaqlar anaları ilə daha çox vaxt keçirir və onlara bağlılıqları hədsizdir. Karantini 24/7 evdə keçirən valideynlər, xüsusilə də atalar ailədaxili zorakılıqdan maksimum qaçmalı, körpələrin gözündə inam, güvən və müdafiə obyekti – anaları sarsıdacaq hərəkətlərə yol verməməlidirlər”.

Sosioloq bildirir ki, uşaqlar evdə qaldıqca zaman-zaman pis rəftar sərgiləyə bilərlər. Ancaq bu, dünyanın bütün uşaqlarına aiddir:

“Tokioda evdə qalan uşaqla Yasamalda evdə qalan uşaq arasında fərq yoxdur. Uşaqlar dəcəllik eləməyə başlayanda valideynlərin səbri tükənir. Ancaq tam əminliklə hər kəsin tətbiq edəcəyi asan bir qayda var. Nə olur-olsun, uşaq sizi özünüzdən necə çıxarır-çıxarsın, onlara qışqırmayın. Elə ki, qışqırmağınız gəldi, özünüzə 10 saniyəlik pauza verin. Beş dəfə nəfəs alıb-verin. Daha sonra sakit bir şəkildə cavab verməyə çalışın. İnanın, milyonlarla valideyn deyir ki, bu üsul onlara çox kömək edir. Körpələrimizə qışqırmaqla onları virusdan daha böyük bəlaya – qorxu və özünəinamsızlığa mübtəla edə bilərik”.

Bənzər yazılar

Back to top button