İqtisadiyyatManşet

Prezident manatla bağlı xalqa səsləndi

“Mən ictimaiyyətin diqqətini bir məsələyə də çəkmək və öz sözümü bildirmək istəyirəm. Əfsuslar olsun ki, əgər hər hansı bir ölkədə, xüsusilə qonşu ölkələr nəzərdə tutulur, o ölkənin milli valyutasında hansısa dəyişiklik baş verirsə, Azərbaycanda buna dərhal belə sürətli reaksiya verilir. Halbuki buna heç bir ehtiyac yoxdur. Biz bunu bir neçə il bundan əvvəl görmüşük və məhz buna görə iki devalvasiyaya getməli olduq. Çünki bizim Mərkəzi Bankın valyuta ehtiyatları, demək olar ki, əriyirdi, süni ajiotaj yaradılmışdı və dollarizasiya pik həddə çatmışdı. İndiki şəraitdə də həmçinin”.

AzToday.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, indi koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur:

“Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur. Azərbaycan güclü dövlətdir və Azərbaycan rəhbərliyi vətəndaşlara hər şeyi necə varsa, elə də təqdim edir. Biz ümumi mənzərəni şişirtmirik, eyni zamanda, tam səmimiyyətlə deyə bilərəm ki, panika üçün, hansısa narahatlıq üçün bu gün heç bir səbəb yoxdur. Əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır. Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur. İqtisadiyyat bir il tənəzzülə uğraya bilər, başqa il arta bilər, hər halda, hər şey nəzarət altındadır. Ona görə valyuta bazarında da bu gün heç bir təşvişə ehtiyac yoxdur”.

Bənzər yazılar

Back to top button