Cəmiyyət

Azərbaycanda nadir Dağıstan turu ovlandı (AÇIQLAMA/FOTO)

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən milli parkın Oğuz bölməsinin ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

AzToday.az oxu.az-a istinadən xəbər verir ki, ov edən üç şəxs Dağıstan turu ovlayıblar.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə ilə əlaqə saxladıq.

O, qanunsuz Dağıstan turunun ovlanması faktını təsdiqləyib:

“Oğuz rayon sakinləri – Dilqəm Səfərov, Novruz Vəliyev və Bədirxan Şahmuradov milli parkın Oğuz bölməsinə qanunsuz olaraq ov məqsədi ilə daxil olub. Onlar saxlanılıblar. Günahkarların adlarını çəkməkdə məqsədim odur ki, onları hamı tanımalıdır. İctimai qınaq olmalıdır. Hansısa məbləğdə cərimə etməklə iş bitməsin. Bu məsələyə cəmiyyət öz iradını bildirməlidir”.

Belə insanlara qarşı sərt tədbirlərin görülməsinə gəlincə, H.Əlizadə vurğulayıb ki, bu gün qüvvədə olan qanunlardan kənara çıxmaq olmaz:

“Belə vəhşiliklərə görə sərt cəzalar nəzərdə tutulması barədə təkliflər hazırlayırıq. Hətta Cinayət Məcəlləsinə bəzi dəyişikliklərin olunması, onların ovlanmasına görə cərimələrin dəfələrlə artırılması ilə bağlı təkliflər də maddələrdə yer alıb.

Dağıstan turunu ovlayanlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 3000 manat məbləğində cərimə olunub. Amma cərimələr çox olarsa, insanlar bu qəddar əməllərdən çəkinər. Artıq bu barədə nazirlik tərəfindən iş aparılır. Biz heyvanlara qarşı bu cür vəhşiliyi pisləyirik”.

H.Əlizadə bildirib ki, Dağıstan turunun dünyanın bir çox ölkələrində artıq sayı azalıb:

“Bəzi ölkələrin faunasından itib. Yalnız Cənubi Qafqazda və Qafqazın bir neçə dağlıq ərazisində qalıb. Bu növün ən çox sayı Azərbaycanda qalıb. Bunun da səbəbi dövlətin apardığı mühafizə tədbirləridir. Dağıstan turunun qanunsuz şəkildə ovlanması növlərinin sayının azalmasına və gələcəkdə kökünün kəsilməsinə səbəb ola bilər”.

Xidmət rəhbəri vurğulayıb ki, hazırda heyvanların ovlanmasının qadağa dövrüdür:

“Heyvanların artımı olub, bəzi növləri hələ süddən ayrılmayıb. Bu ərəfədə ovlanması ilk növbədə insanlığa ziddir. Onlar ov qadağasını pozmaqla yanaşı, ölkəmizdə olan xüsusi karantin rejimini də pozublar. Mövcud qanunvericiliklə maksimum məbləğ tətbiq etmişik. Eyni zamanda, həmin şəxslər barəsində hüquq-mühafizə orqanlarına məlumat verilib.

Onlar karantin rejimini pozduqları üçün də cərimə olunublar. Yerli sakinlər onlara qarşı etirazını bildirməlidir. Bu heyvanları ovlayırlar, ətini kiməsə satırlar. Hər kəs bilməlidir ki, bu insanlar cinayətkar, qanunu pozan, təbiətə ziyan vuran şəxslərdir”.



Bənzər yazılar

Back to top button