İqtisadiyyat

Türkiyədə baş verən zəlzələnin Bakıdan gələn neft və qaz kəmərlərinin istismarına təsiri

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələnin nəticələri ilə əlaqədar Türkiyənin cənubundakı Adana əyalətindəki Ceyhan neft terminalı fəaliyyətini dayandırıb, deyə dünya KİV-i məlumat verir.

Türkiyənin cənubundakı limanların əksəriyyəti zəlzələdən müxtəlif dərəcədə zərər çəkib və daşımalarda gecikmələr var.

Məlumatlı mənbə “Turan”a bildirib ki, Bakı vaxtı ilə saat 17:00-a olan məlumata görə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə ziyan dəyməyib.

Vəziyyətlə tanış olan digər mənbə “Turan”a bildirib ki, BTC ilə neftin nəqlinin dayandırılması ehtimalı istisna edilmir. Türkiyədə iki güclü təkandan sonra təkanlar davam edir.

Hər iki mənbə bildirib ki, “Azəri-Çıraq-Günəşli” blokunda (BTC üçün əsas neft mənbəyi) neft hasilatı azalmır.

“Səngəçal və Ceyhanda terminallar yığım rejimində işləyə bilər. Ona görə də hələlik neft hasilatını azaltmağa ehtiyac yoxdur”, – deyə mənbə bildirib.

AÇG üzrə hasilat operatoru bp vəziyyəti şərh etmir.

2023-cü ilin yanvar ayında Türkiyənin bu Aralıq dənizi limanında Bakıdan Ceyhana gündəlik orta hesabla 665 min barel neft göndərilib.

Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərlərinə gəlincə, onların işi hələlik pozulmayıb.

Qeyd edək ki, Kərkük-Ceyhan neft kəməri ilə İraqdan da Ceyhana neft nəql edilir.

BOTAŞ xəbər verir ki, Türkiyə daxilində zəlzələ səbəbindən Qaziantep, Hatay və Kahramanmaraş vilayətlərinə təbii qaz nəqli qaz boru kəmərlərindəki zədələrdən sonra dayandırılıb.

2023-cü il fevralın 6-da səhər saatlarında Türkiyənin cənubunda (Qaziantəpədən 37 km) 7,8 bal gücündə zəlzələ baş verib və güclü avtoşoklər ilə müşayiət olunub.

Türkiyədə zəlzələ 1000-dən çox insanın ölümünə, 6000-dən çox insanın yaralanmasına, 3000 binanın uçmasına səbəb olub.(Turan)

Bənzər yazılar

Back to top button