GündəmManşetSiyasət

İran Araz çayı üzərində tikintilərə nə vaxt başlayıb? – İran Qarabağda taxıl əkir, kəndlərimizin materiallarını daşıyır

İranın ermənilərə kömək etməsi və Dağlıq Qarabağdakı seperatçı rejimi dəstəkləməsi ilə bağlı Salyanın sabiq icra başçısı Ədalət Yusubov maraqlı paylaşım edib.

AzToday.az xəbər verir ki, Azərbaycan ictimaiyyətində böyük narazılığa səbəb olmuş İranın Araz çayı üzərində tikdiyi körpülər 2006-2007-ci illərdən tikilirmiş.

Ədalət Yusubovun yazısını təqdim edirik:

İran Araz çayı üzərində tikintilərə nə vaxt başlayıb??? Və ya məlum müqavilə ilə 3 günlük APREL DÖYÜŞLƏRİNİN əlaqəsi varmı????

2011-ci ilin sentyabr ayında qardaş Türkiyə cümhuriyyətindən səfərdən Bakıya Naxçıvan üzərindən keçməklə qayıtmağı planlaşdırmışdım. İstanbuldan yola çıxdığım avtobus təxminən saat 12 radələrində Naxçıvan aeroportuna çatdı. Aeroportda məlum oldu ki, həmin gün üçün Bakıya təyyarələrə bilet satışı artıq başa çatıb. Təxminən bir sutkanı orada keçirmək istəmədiyim səbəbiylə Bakıdakı dostlara müraciət etsəm də kimsə, bilet tapılmasına yardımçı ola bilmədi. Odur ki, Biləsuvar keçid məntəqəsindən sərhəddi keçib evə gəlmək üçün vətənimizin cənub torpaqlarına üz tutmalı oldum. Təxminən iki saatdan sonra artıq Cənubi Azərbaycan Culfasında idim.

Hamı bizim türkcədə danışdığından özümü doğma yerdə hiss etdim.

Onu da qeyd edim ki, həmin gün cənub torpaqlarımıza ilk dəfə idi ki, ayaq basırdım. Həmin anda yaşadığım hissləri kənara qoyub əsas mövzuya qayıdıram.

Taksi sürücüləri getmək istədikləri ünvanları səsləndirməklə müştəri yığımı ilə məşğul idilər. Biləsuvara gedən taksilərə yaxınlaşdım. İlk sırada dayanan maşının bir müştərisi çatmırdı. Mənimlə müştəri sayını tamamlayan orta yaşlı sürücü gediş haqqının 10 manat olduğunu bildirdikdən sonra hamı maşına əyləşdi. Digər yol yoldaşlarım əsasən gənclər olduğu üçün hörmət əlaməti olaraq mənə qarşı oturacaqda yer verdilər.

Yolda məlum oldu ki, sərnişinlərin hamısı Azərbaycan respublikasının vətəndaşlarıdır. Yola bələd olan digər yolçular Biləsuvar keçid məntəqəsi bağlanmamış (həmin zaman keçid məntəqəsi 12 saat işləyirdi və axşam saatlarında bağlanırdı) bizi ora çatırmağı sürücüdən xahiş etdilər.

Şirin cənublu ləhcəsində danışan sürücü (adını unutmuşam) vaxtından əvvəl bizi ora çatdıracağına əminlik ifadə edərək hələ yolda 15-20 dəqiqə maşını saxlayaraq çay içmək imkanımızın da olacağını bildirdi.

Araz çayı boyunca dolanbac, amma rahat dağ yolu ilə sözün əsl mənasında cəld və usta sürücü tərəfindən idarə olunan maşında diqqətim əsasən sol sahilə zillənmişdi.

Sürücü danışıqlarından milli təfəkkürlü, molla rejiminə müxalif düşüncəli və məlumatlı adam təsiri bağışlayırdı.
Zəngilan sərhəddinə yaxınlaşanda içim yandı, ürəyim ağrıdı, bağrım çatladı((

Sərhəd boyu viran qoyulmuş kəndlər…

Sürücü kəndlərimizin xaraba qoyulmasında ermənilərlə bərabər fars molla rejimini də lənətləməyə başladı və sökülən evlərin əksəriyyətinin İrana daşındığını bildirdi.

Araz çayı üzərindən söküntü materiallarının İrana necə daşındığı ilə bağlı sualıma cavab almağa tələsməməyimi məsləhət gördü və bir azdan hər hər şeyin əyani olaraq şahidi olacağımızı bildirdi.

İşğal olunmuş ərazilərimizdə sərhəd boyu diqqətimi çəkən çox vacib bir məsələni də müşahidə etdim. Bütün sərhəd müşahidə məntəqələrində erməni bayraqları ilə yanaşı rus bayraqları da dalğalanırdı. O, vaxt həmin ərazilərdə rus sərhədçilərinin olmasını görmədiyim və bununla bağlı məlumatlı olmadığım üçün heç cür iddia edə bilmərəm, amma rusiya bayraqlarının işğal olunmuş ərazilərimizin İran sərhəddi boyunca dalğalandığı fakt idi.

Üzü ünvana doğru irəlilədikcə Araz çayında suyun artdığı və axınının azaldığı müşahidə edilirdi. Xudafərin körpüsünün yerləşdiyi əraziləri keçəndə suyun körpünün bütün tağlarını döyəclədiyini gördük. Bir neçə kilometr irəlidə isə çay üzərində nəhəng tikililərin getdiyinin şahidi olduq.

Çayın üzərində eni bəlkə də 100, hündürlüyü isə 30-40 metr olan dəmir beton konstruksiyalı bənd tikilmişdi. Bəndin ortasında nəhəng şülüzlər vasitəsi ilə su çayın aşağı axını istiqamətində buraxılırdı.

Suyun bəndə qədərki səviyyəsi ilə aşağı axını istiqamətindəki səviyyə fərqi təxminən 10- 15 metr olardı.

Bənddən bir az aralı istiqamətdə isə nəhəng körpü tikilmişdi. Körpü üzərindən hər iki istiqamətə yük maşınları şütüyürdü.
Torpaqlarımızda çoxlu şum traktorları işləyirdi. Sürücü həmin texnikaların əksəriyyətinin İrana məxsus olduğundan, bizim torpaqlarda farsların payız əkininə hazırlaşdıqlarından, uzun müddətdir ki, həmin torpaqlarda onların taxıl əkdiklərindən, bütün məsələlərdə ermənilərlə qardaşlaşdıqlarından, xaraba qoyulmuş kəndlərimizin materiallarının həmin körpü üzərindən İrana daşındığından ürək ağrısı ilə danışır və molla rejimini kəskin ifadələrlə təhqir edirdi.

Açığını deyim ki, gördüklərimdən, eşitdiklərimdən mat qalaraq keyimişdim. Evə qayıtmaq üçün bu yolu seçdiyimə görə özümü lənətləyirdim. Amma artıq gec idi…

O, zaman gördüklərimlə bağlı dövrü mətbuatda, rəsmi yığıncaqlarda, dostlarla fərdi söhbətlərimdə daim məlumat vermişəm.
Rusiyanın, İranın işğal olunmuş ərazilərimizdə dövlətimizin suveren hüquqlarını çeynəməsinə Arərbaycan hakimiyyətinin lal – kar qalmasının xəyanət olduğunu bildirmişəm…

Və bu gördüklərim 2011-ci ilin sentyabrına təsadüf edirdi. Belə nəhəng tikililərə isə təxminən 4-5 il vaxt sərf oluna bilər ki, bu da İranın bizim icazəmiz olmadan torpaqlarımızda tikinti işlərinə 2006-2007 -ci illərdə başladığını deməyə əsas verir.

Azərbaycanla anlaşmadan İranın bu nəhəng tikintilərə başlaması ermənilərlə razılaşmadan mümkünsüzdür. Belə olan halda molla rejiminin bu əməli siyasi və hüquqi müsəvidə dövlətimizə qarşı yalnız düşmənçilik kimi qiymətləndirilməlidir.

Və nəhayət….

2016 cı ildə Azərbaycan və İran hökumətləri arasında bağlanılmış, Milli Məclisdə ratifikasiya edilmiş məlum müqavilə haqda……

Həmin müqavilənin adı da Araz çayı üzərində tikinti işlərinin 2016-cı ildə başlamadığını bir daha təsdiqləyir. Müqavilə QIZ QALASI və XUDAFƏRİN hidŕoqovşaqlarının və elektrik stansiyalarının tikintisinə başlamağı deyil, tikintilərin davam etdirilməsini????? nəzərdə tutur.(((

Elə isə sual olunur. İran və Rusiya tərəfindən dövlətimizin çeynənmiş haqlarına lal və kar qalan Əliyev rejimi ərazimizdə aparılan qanunsuz tikinti işlərinə təxminən 10 ildən sonra nədən hüquqi don geyindirmək eşqinə, həvəsinə düşdü və ya məcburiyyətində qaldı? Rejim niyə İran tərəfindən tapdalanan haqlarımızın beynəlxalq hüquqa söykənərək həlli imkanlarını əldən vermək yolunu seçdi və tikinti xəclərinə ortaqlıq öhdəliyini üzərinə almış oldu????

Cavab çox sadədir. Cavabın bütün sirləri müqavilə imzalanandan cəmi 45 gün sonra 2 apreldə başlayan 3 günlük “müharibə”nin məqsədlərində gizlənib.

Beləliklə…

Rusiya onun razılığı ilə baş tutmuş 3 günlük müharibə vasitəsilə beynəlxalq ictimaiyyətə Cənubi Qafqazın və Qarabağ probleminin həllinin dominant gücü olduğunu nümayiş etdirmək şansı qazanmış oldu. Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı sazişinə imza atmış Ermənistan rəhbərliyinə xırda qulaq burması verdi və nəzarətində olan separatçı rejimin blokadasını rəsmən yarmış oldu.

İran beynəlxaq hüquqla tənzimlənən haqlarımıza qanunsuz olaraq təcavüz etdiyindən dolayı sorğulanmaq təhlükəsindən sığortalandı, böyük və perspektivli iqtisadi layihələrə hüquqi əsas əldə etməklə ölkəmizi tikintilərə sərmayə qoyuluşndan dolayı öhdəlikləndirdi.

Azərbaycan hakimiyyəti iki böyük düşmənimizin tikinti gedən Araz boyu ərazilərin “azad” ediləcəyi vədinə aldanaraq həmin müqaviləni imzalamaqla dövlətimizə, millətimizə qarşı növbəti xəyanətini etmiş oldu.

Bu böyük xəyanətin əvəzi isə yüzlərlə şəhidimizin qanı bahasına bir LƏLƏTƏPƏ oldu.

Bənzər yazılar

Back to top button