Hadisə

Qəşəm Nəcəfzadə: “Kəramət evdə qalsaydı, intihara cəhd edə bilərdi”

“Əminəm ki, dövlətimiz onu qoruyur”

Yazıçı Kəramət Böyükçölün Maştağa Narkoloji Dispanserə aparıldığı deyilir.

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov “Facebook” səhifəsində məlumat paylaşıb.

Rüfət Səfərov Kəramət Böyükçölün dispanserə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı tərəfindən aparıldığını yazıb.

Yazıçının atası Qəşəm Nəcəfzadə xəbəri Meydan TV-yə təsdiqləyib.

Qəşəm Nəcəfzadə bildirib ki, oğlunu oktyabrın 7-də səhər tezdən dispanserə aparıblar: “Telefonun da alıblar. Hazırda vəziyyətindən məlumatsızam. Mənə o pis təsir etdi ki, Kəramət oğlu Barışı görmək istədi, amma alınmadı. Bu gecə 3 dəfə onun üçün təcili yardım çağırmışdıq ki, sistem köçürsünlər və ora getməyə ehtiyac olmasın, amma qoymadı”.

Qəşəm Nəcəfzadə oğlunun vəziyyətindən çox narahat olduğunu deyir: “Vəziyyəti çox ağır idi, çox içmişdi. Mənə dedi ki, nə edim? Dedim ki, getdiyin yolun sonu buraydı. 10 ildir ki, içir. Dəfələrlə müxtəlif xəstəxanalarda müalicə alıb. Amma Narkoloji Dispanser belədir ki, artıq içkiyə aludəçilikdir, ona görə Kəramətin yeri oradır. Balamın xilası üçün mən bunu etmişəm. Tutaq ki, o evdə qalsaydı, yaxşı olacaqdı? İntihara cəhd edə bilərdi. İçki oğlumu məhv etdi”.

O, oğlunun narkotikadan heç vaxt istifadə etmədiyini söyləyib: “Adamlar elə bilir ki, Narkoloji Dispanserə aparıblarsa, deməli, narkomandır. Yox elə deyil. İçkiyə aludə olanları da ora aparırlar”.

Q.Nəcəfzadə oğluyla bağlı hansısa dövlət qurumuna müraciət etməyəcəyini deyib: “Yaxın günlərdə ona baş çəkəcəyəm. Əminəm ki, dövlətimiz onu qoruyur. Amma nəvəmi yanına aparacağam. Onu görmək istəyirdi. Bu da ata kimi məni kövrəltdi”.

Oktyabrın 6-da yazıçı Kəramət Böyükçöl sosial şəbəkədəki hesabında hakimiyyəti tənqid edən statuslar paylaşıb.

O, ölkə başçısı İlham Əliyevi diktator adlandırıb. Daha sonra “Facebook”da canlı yayım açaraq tənqidlər səsləndirib.

Onun bunu içkili vəziyyətdə etdiyi bildirilir.

Bənzər yazılar

Back to top button