İdman

Azərbaycan futbolunun vunderkindi: Tarixə düşmək üçün ona nə lazımdır?

Azərbaycan futbolu bu gün onu – Musa Qurbanlını müzakirə edir. Bu, təsadüf deyil. “Qarabağ”ın futbolçusu bu mövsüm parlaq oyunu və məhsuldarlığı ilə göz oxşayır.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa ötən gün yenə iş başında idi. O, Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan “Sumqayıt”la səfər oyununun qəhrəmanlarından biri oldu. Komandasının 6 cavabsız qolla qalib gəldiyi görüşdə Qurbanlı dubl etdi. Bununla da gənc forvard aktivindəki qolların sayını 20-yə çatdırdı.

Bəli, onun vurduğu qol qədər – 20 yaşı var. O, cəmi 24 oyunda iştirak etməklə bu nəticəyə nail olub. Kiçik araşdırmalardan sonra məlum oldu ki, Musa Avropada 20 qol səddini keçən 13 futbolçudan biridir. Qolların hamısının oyun epizodlarından vurulduğunu nəzərə alsaq, bu göstəricini Azərbaycan futbolu adına möhtəşəm nəticə adlandırmaq olar. Musa 4 dəfə də komanda yoldaşlarına məhsuldar ötürmə edib.

Premyer Liqanın bombardirlik yarışında yer alan futbolçu ən yaxın izləyicisi olan Ramil Şeydayevi 3 top qabaqlayır. Ramilin 8 dəfə penaltidən fərqləndiyini nəzərə alsaq, Musanın göstəricisini mükəmməl adlandırmaq olar.

Qurbanlı uğurlu çıxışını davam etdirsə, bir neçə uğura imza ata bilər. Məsələn, 21-ci əsrdə bombardirlik rekordu 26 dəfə fərqlənən sabiq “Neftçi”li Nikolas Kanalesə məxsusdur. 10 il öncə qeydə alınan rekordu qırmaq üçün 20 yaşlı forvard 9 tur ərzində 7 dəfə topu tora qovuşdurmalıdır. Çilili hücumçunun nəticəsini təkrarlamaq belə onun üçün böyük uğur ola bilər.

Kanalesi ötə bilməsə belə, Musanın Reynaldoya çatmaq imkanı var. “Qarabağ”ın keçmiş ulduzu 21-ci əsrdə 22 dəfə fərqlənib. O, bu göstəricidə yalnız Nikolasdan geri qalır. Milimizin üzvü “sambaçı”nın 2013/14 mövsümündə qeydə alınan nəticəsini yaxşılaşdıra bilər.

Ümumiyyətlə, 21-ci əsrdə 20 qol səddini keçə bilən cəmi bir azərbaycanlı futbolçu var. Söhbət Zaur Ramazanovdan gedir. O, 2004/05 mövsümündə “Xəzər Lənkəran” formasıyla 21 qol vurub.

Ümumi tarixə baxsaq, rekord Nazim Əliyevə məxsudur. O, Sumqayıt “Xəzər”inin heyətində 39 qol vurmaqla tarixə düşüb. Bu, 1992-ci ildə keçirilən ilk ölkə çempionatında qeydə alınıb. Maraqlı məqam odur ki, rekordsmenlər arasında Musanın ailə üzvləri də var. Söhbət əmisi və adaşı Musa Qurbanovdan (35 qol – 1993/94) və atası Qurban Qurbanovdan (34 qol – 1996/97) gedir. Gənc futbolçunun onlara çatmaq şansı real olmasa da, adlarını onlar kimi statistika tarixinə yazmaq imkanı var.

Mili komandamızın da üzvü olan Musaya ümidlər böyükdür. Gənc futbolçu yığmanın heyətində 5 oyunda meydana çıxıb və siftə etməyə müvəffəq olub. O, artıq Avropa klublarının da maraq dairəsinə düşüb. Ancaq Qurban Qurbanov onunla bağlı məsələlərdə tələsmir. Təcrübəli mütəxəssis düşünür ki, apreldə 21 yaşını qeyd edəcək hücumçunun tam yetişmək üçün hələ bir müddət də çalışmalıdır.

Heybət Məmmədov

aut.az

Bənzər yazılar

Back to top button