ManşetSiyasət

Azərbaycanda keçiriləcək irimiqyaslı taktiki hərbi təlimləri Ermənistanı qorxuya salıb

Heç bir beynəlxalq hüququn prinsipinə əməl etməyən Ermənistanın Müdafiə Nazirliyinin yadına Vyana sənədləri, BMT Baş katibinin bəyanatı da düşüb

AzToday.az “Panroma.am”a istinadən xəbər verir ki, mayın 18-22-də Azərbaycanda keçiriləcək irimiqyaslı taktiki hərbi təlimləri ilə əlaqədar Ermənistan Müdafiə Nazirliyi açıqlama verib.

Bəyanatda rəsmi İrəvan regionda təhlükəsizlik mühitini gərginləşdirdiyinə görə Azərbaycanın hərbi təlimlərini pisləyir:

“Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 18-22-də Azərbaycanda genişmiqyaslı taktiki hərbi təlim keçiriləcək. Maraqlıdır ki, təlimlər yalnız hücum xarakterlidir, təlimlər zamanı düşmən müdafiəsinin əməliyyat dərinliyində raket-artilleriya, aviasiya və yüksək dəqiqlikli silahların kütləvi hücumları keçiriləcəkdir.

Ermənistan Müdafiə Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın gözlənilən irimiqyaslı hərbi təlimlərinin müəyyən olunmuş ənənəyə uyğun olaraq əvvəlcədən xəbərdarlıq edilmədən keçirilməsinə yönəldir ki, bu da 2011-ci ildə qəbul edilmiş Vyana sənədinin kobud şəkildə pozulmasının daha bir təzahürüdür”.

Bəyanatda Ermənistan Müdafiə Nazirliyi, həmçinin COVID-19 pandemiyası ilə birgə səylərlə mübarizə ehtiyacı kontekstində baş verən və bölgədəki təhlükəsizlik mühitini pisləşdirən bu hərbi təlimlərin bölgədə keçirilməsini pisləyir və BMT Baş katibi Antonio Quterreşin qlobal atəşkəs çağırışına zidd olduğun iddia edir.

Azərbaycan tərəfini təmkinli olmağa və beynəlxalq birlik qarşısında götürülmüş öhdəliklərə hörmətlə yanaşmağa çağırıran Ermənistan hərbi təlimlər zamanı hərbi texnika və ya canlı qüvvələrin Ermənistanla dövlət sərhədinə və ya təmas xəttinə yaxınlaşmaq üçün edilən hər hansı bir cəhdin təxribat kimi qiymətləndiriləcəyini də qeyd etməyi unutmayıb.

Bax, burada həyasızlığın son həddi özünü göstərir. Beynəlxalq birlik qarşısında götürülmüş öhdəlikləri pozaraq Azərbaycan torpaqlarını işğal edən, orada oyuncaq rejim yaradıb, pandemiya dövründə seçkilər keçirən Ermənistanın yadına hər addımda pozduğu beynəlxalq hüququn prinsipi, ənənələr, Vyana sənədləri, hətta BMT Baş katibinin pandemiya dövründə sülh çağırışı düşüb.

Sanki təlimdən yox, müharibəyə hazırlıqdan bəhs edilən Ermənistan Müdafiə Nazirliyinin bəyanatından anlaşılan odur ki, səfalət və böhran dövrünün ən son həddini yaşayan Ermənistan 18-22 may təlimlərindən qorxuya düşüb.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button