ManşetSiyasət

Media azadlığını bərpa etmək üçün məsələyə yeni şüurla yanaşmaq lazımdır

Son vaxtlar bir çox ekspertlər Azərbaycanın televiziya məkanında müsbətə doğru dəyişikliklərin getdiyi barədə fikir bildirirlər. Xüsusən Prezident Administrasiyasının keçmiş ictimai siyasi şöbəsinin müdiri Əli Həsənovun işdən kənarlaşdırılmasından sonra belə fikirlər daha çoxalıb. Doğrudanmı televiziyalarda azadlıqlar və sərbəstliklər var? Biz onların fəaliyyətində bunu görə bilirikmi? Televiziyalar ölkə əhəmiyyətli hansısa hadisəni rahatlıqla və sərbəst şəkildə işıqlandıra bilirlərmi? Televiziya mütəxəssisi, jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı ASTNA-nın suallarını cavablayıb.

***

-Qulu müəllim, son vaxtlar Azərbaycanın televiziya məkanında keyfiyyət və məzmun baxımından hansısa dəyişiklik varmı?

Qulu Məhərrəmli -Ədalətli yanaşsaq, deyə bilərik ki, televiziyalarda bu və ya başqa formada müəyyən bir hərəkət var, ekranda dinamika artıb, televiziya rəhbərlərinin bir çoxu dəyişilib, ona görə də çalışırlar ki, hansısa yeniliklər etsinlər. Məsələn, bu pandemiya şəraitini bir çox televiziyalar çalışdılar ki, peşəkar səviyyədə işıqlandırsınlar. Biri qərargah yaratdı, o biri canlı yayımları çoxaltdı və.s. Bəlli bir pilləyə qədər gedə bildilər. Amma keyfiyyət məsələsinə gəldikdə, təəssüf ki, telekanalların axsaması və peşəkarlıq baxımından müəyyən problemlərin olması ortaya çıxdı. Amma ümumiyyətlə götürəndə televiziyalarda gedən dəyişiklikləri iki qismə ayırmaq olar. Birincisi, ənənəvi olan kosmetik dəyişikliklərdir. Yəni, aparıcılar, verilişlərin formatı, başlıqları dəyişir, dinamika gətirən görüntülər paylaşılır. Çalışırlar ki, müəyyən yeniliklərlə tamaşaçının diqqətini cəlb etsinlər. Belə proseslər gedir. Amma bunlar şübhəsiz ki, birbaşa məzmuna aid olan dəyişikliklər deyil. Bunlar dəyişikliyin üz tərəfidir. Amma astar, yəni məzmun daha çox önəmlidir. İkincisi, bax, bu kosmetik dəyişikliklər televiziyalarda nə dərəcədə sərbəst fəaliyyət və azad düşüncəyə yer verir? Bu sahədə də müəyyən proseslər var. İndiyə qədər elə adamlar vardı ki, İctimai Televiziyaya yaxın buraxılmırdı, amma indi o, televiziyada davamlı çıxış edir. AzTV yeni mütəxəssislər cəlb edir. Bunları görməmək insafsızlıq olar. Mənim düşüncəmə görə, məzmun dəyişikliyi bizim də vaxtilə çox tənqid etdiyimiz İTV-də gedir. Əgər o televiziyada azadlıqların çərçivəsi bir qədər də genişlənsə, ictimai yayım haqqında qanuna tamamilə əməl olunsa, hesab edirəm ki, ölkə İTV-nin simasında yaxşı bir kanal əldə edə biləcək. Çünki onun həm yaradıcılıq, həm də idarəçilik, menecerlik, məzmunu ifadə etmək baxımından imkanı genişlənib. AzTV-də elə proseslər var ki, onlar diqqəti cəlb edir. Amma təəssüf ki, lövbər dərinə gedə bilmir. Bunun da ciddi səbəbləri var. Ənənə var, orada müəyyən tendensiyalar var ki, onlardan yaxa qurtarmasa televiziyanın inkişafı problemli ola bilər. Bu gün ATV-də, “Xəzər”də, “Space”də, CBC-də müəyyən proseslər gedir ki, onların da yaradıcılığını televiziya jurnalistikası baxımından irəliyə atılan addım hesab edə bilərik. Amma geniş mənada bütün tamaşaçıların zövqünü oxşayacaq televiziya kanalı yaratmaq bizim qarşımızda ciddi vəzifə kimi qalır.

-Əli Həsənov, Vüqar Səfərli, eləcə də Nuşirəvan Məhərrəmli vəzifədən uzaqlaşdırılandan sonra deyirdilər ki, televiziyalarda, eləcə də medianın siyasətində dəyişiklik, azadlıqlar olacaq. Biz bu azadlığı görə bilirikmi?

-Sadəlövhlük olardı ki, hansısa məmurların getməyi və yaxud onların yenilənməyi ilə mediada, xüsusi ilə televiziya sahəsində, media siyasətində geniş dəyişiklikləri görə bilək. Düzdür, o məmurların mənfi təsirləri vardı. Hərçənd ki, mən həm o şəxslərin arasında, həm də Əli Həsənovla digərləri arasında bərabərlik işarəsi qoymazdım. Çünki Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli daha çox icraçı idilər. Dirijor çubuğu Əli Həsənovun əlində idi. Göstərişləri o verirdi, bir çox məsələləri müstəqil şəkildə özü yönləndirirdi. Bu kontekstdə tezliklə Azərbaycanın media siyasətində hansısa dəyişikliklərin, sərbəstliyin, azadlığın olacağını ehtimal etmirəm. Çünki media cəmiyyətin güzgüsüdür, mövcud ictimai sistemin bir qoludur. Əgər ölkədə ictimai sferada dəyişikliklər olacaqsa, isalahatlar gedəcəksə və bu islahatlar dərinləşəcəksə, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə epizodik deyil, sistemli xarakter alacaqsa, hesab edirəm ki, bu mediaya da öz təsirini göstərəcək. Amma indiki halda geniş mənada medianın sərbəstliyini görmürük. Söhbət dövlət strukturlarına bağlı olan və yaxud onların yedəyində gedən media qurumlarından gedir ki, o sahədə hələ bir ciddi dəyişiklik yoxdur. Ümumiyyətlə, bu dəqiqə media siyasətində parametrlər aydın görünmür. Çox ciddi və açıq suallar var. Həmin sualların cavabı tapılmayınca yeni media siyasətinin konturları görünməyəcək. Bəlli olan budur ki, bəlli məmurlara bağlı olan bir çox saytlar, kanallarda dəyişikliklər gedir, yeniliklər var. Əvvəlki eybəcərliklər görünmür. Çalışırlar ki, müəyyən standartlara yaxınlaşsınlar. KİVDF və MTRŞ-da əvvəlki siyasət və yol verilmiş nöqsanlarla bağlı araşdırmaların aparılması və ictimaiyyətə bəyan olması atılan addımlardandır.Qaydaların sərtləşdirilməsi, sanksiyaların tətbiqi, efirin dayandırılması kimi cəza tədbirlərinin indi olmaması hər halda xırda da olsa fərqli mənzərə yaradır. Bu baxımdan indi epizodlardan sistemə keçmək məqamıdır. Bu baxımdan indi epizodlardan sistemə keçmək məqamıdır. Çünki həmin epizodlar bəlli bir şəraiti, hansısa niyyəti ifadə edir. Amma o geniş mənada media siyasətini üzə çıxarmır. Biz media siyasətini dəyişmək istəyiriksə, sözün həqiqi mənasında indiyə qədər aparılmış siyasətdən fərqli siyasət müəyyənləşdirməliyik. Yox, əgər jurnalistlər bu gün də gözlərini yumub ev umacağında olacaqlarsa, kiminsə əlinə baxacaqlarsa, hansısa məmurun sifarişini yerinə yetirməklə özlərinə gün ağlayacaqlarsa, bu biabırçı vəziyyət davam edəcək və media siyasətində başlamış ümidləri öldürə bilər. Tamamilə fərqli bir siyasət aparılmalıdır.

-Belə bir fikir formalaşmışdı ki, ölkədə media siyasətini Əli Həsənov formalaşdırır. Amma onun gedişindən sonra da hansısa xüsusi bir dəyişiklik nəzərə çarpmır. Belə çıxır ki, adamlar dəyişsə də bu ölkədə siyasət dəyişmir?

-Azərbaycanda media elə bir eybəcər vəziyyətə gətirib çıxarılıb ki, bu vəziyyətin yaranmasında şübhəsiz ki, birbaşa məmur iştirakı var. Mətbuat azadlığı indeksinə görə Azərbaycan təəssüf ki, çox geridədir. Amma irəlidə olduğu məqamlar da var. Çox şeyi müqayisə ilə üzə çıxara bilirik. Məsələn, Azərbaycanı Türkmənistan, Özbəkistan, ya da Tacikistanla müqayisə etmək olmaz. O ölkələrlə müqayisədə bizim çox ciddi irəliləyişimiz var. Ən azı formal olsa da müstəqil telekanallar var. Ən önəmlisi odur ki, müəyyən bloklanmalara, məhdudiyyətlərə baxmayaraq, Azərbaycanda İnternet ümumən azaddır. Bu azadlığa kölgə salan addımlar var. Provayderlərin monopoliyası, sürətin aşağı, qiymətin baha olması buna təsir edir. Amma bunlarla yanaşı adını çəkdiyim ölkələrlə müqayisədə biz bir neçə addım öndəyik. Demokratik, azad media sahibi olan, Avropa ölkələri ilə müqayisədə isə sözün həqiqi mənasında bizim geridə qaldığımız cəhətlər var. Əsas narazılıqlar da bundan qaynaqlanır. Adətən avtoritar ölkələrlə demokratik ölkələrin media siyasəti bir-birindən fərqlənir. Ona görə də biz yolun hansı mərhələsində dayandığımızı bilməliyik. Ona uyğun media siyasəti haqqında danışmalıyıq. Bu mənada keçid dövrü ölkəsi kimi bizdə də normal media siyasəti yürütmək olardı. Amma çox təəssüf ki, bizdə istər Rusiyadan, istər Gürcüstandan, hətta Ermənistandan fərqli bir media siyasəti müəyyənləşdirdilər. Bu məsələdə də məhz Əli Həsənovun çox ciddi və mənfi rolu oldu. O məmur düşüncəsi ilə ən primitiv və ən zərərli yol seçildi. Bəzi siyasətlərdə Rusiyanı yamsılasaq da bu məsələdə həmin ölkə ilə müqayisə olunmayacaq dərəcədə, Azərbaycanda medianı axırıncı cərgəyə qoyan, onun mənəvi əsasını dağıdan, əxlaqa söykənən bir çox məqamları darmadağın edən siyasət yeridildi. Yaxşı jurnalistlər sıradan çıxarıldı. Dövlətin vəsaiti hesabına bir çox jurnalist pullu, imkanlı, amma gerçəyi ifadə etməyən media orqanlarına keçdi. Bir çoxları vurulub, sıradan çıxarıldı, bir çoxlarına işləmək üçün imkan verilmədi. Bunlar yaxın tarixdə baş verən hadisələrdir. Ona görə də hesab edirəm ki, adamların dəyişməsi ilə ölkədə siyasət dəyişmir. Bir kadr ondan əvvəlkinə nisbətən müasir düşüncəli ola bilər. Danışığı və davranışı fərqli ola bilər. Amma ümumən mahiyyəti ifadə edən siyasət müəyyənləşməsə, həm cəmiyyətin məlumatlandırılması ilə bağlı ciddi problemlər olacaq, həm korrupsiya daha dərinlərə işləyəcək, jurnalist mənəviyyatsızlığı artacaq, KİV-i, medianı söyüş alətinə, haqq-hesab çəkmək vasitəsinə çevirənlərin sayı çoxalacaq. Ona görə hesab edirəm ki, biz ciddi mərhələni yaşayırıq. O mənada ki, siyasətin konturlarını biz görmürük. Yeni media siyasəti barədə qəti bir söz demək mümkün deyil. Hələlik biz elə köhnə musiqi alətlərinin səsini eşidirik. İfaçılar dəyişsə də, sifarişçi və onun üslubu dəyişməyib.

-Ölkə gündəmini zəbt etmiş son olay – Yasamal olayı barədə ölkədə fəaliyyət göstərən televiziya kanalları heç bir kəlmə də danışmadılar. Baxmayaraq ki, ölkə əhalisinin bir çoxu sosial şəbəkələr və sosial media, İnternet televiziyaları vasitəsilə bütün baş verənlərdən xəbərdar idilər. Televiziya rəhbərləri və onları idarə edənlər anlamırlar ki, onların bu siyasəti işləmir və nüfuzdan düşürlər?

-Rusiya kimi ölkələrdə bunu qeyd edirlər ki, hər hansısa bir hadisəni, olayı mediada niyə işıqlandırmırlar məsələsini qaldıranda bu prizmadan yanaşırlar ki, bu olay olub və cəmiyyət bundan xəbərdardır. Amma sadəcə olaraq qəzet və telekanalları ona görə izləyirlər ki, görsünlər ki, hansı redaktor nə dərəcədə cəsarətlidir və ya qorxaqdır. Və ya hansı media qurumu nə dərəcədə vicdanlıdır, həqiqətə sadiqdir. Bizdə də eyni məsələdir.Yasamal olayı çox ciddi hadisədir. Bu insan haqlarına birbaşa yönələn, insan haqlarının pozulması ilə bağlı hadisədir. İnsanların evlərinə basqın edən polisin davranışı ilə bağlı ciddi bir həyəcan doğuran məsələdir. Bu cəmiyyətdə heç kim polisin maşınına, özünə zibil, daş atmağın tərəfdarı deyil. Mən inanmıram hansısa normal adam bu barədə düşünsün. Amma eyni zamanda hər hansı zorakılığa qarşı vətəndaş emosional şəkildə etiraz edir. Bu, onun hüququdur. Əgər bu hüquq qaydanı pozursa və yaxud onda xuliqanlıq elementi varsa, bununla bağlı adekvat tədbir görülə bilər. Amma xüsusi təlim görmüş və hazırlanmış çevik polis alayı ilə binaya hücum təşkil etmək və insanları evindən, yatağından qoparıb, alçaldıcı şəkildə polis bölmısinə aparmaq və bunu videoya çəkib, sosial şəbəkələrdə yaymaq yolverilməzdir. Polis hakimiyyətin güc alətidir, vasitə deyil. Polis insanlarla, vətəndaşlarla haqq- hesab çəkməməlidir. Çünki o, fərd deyil. O, hakimiyyəti təmsil edən bir qoldur. Ona görə bu siyasəti yeridən adamlar bu incəliyə diqqət yetirməlidirlər. Heç kim qanun pozuntusuna qarşı polisin müqavimətini və ya onun cinayətin qarşısını hansı üsulla almalı olduğunu mübahisələndirmir. Amma insanların evlərinə soxulmaq və onlara bu şəkildə cəza tədbiri kimi uğursuz addım atmaq, sonra da demək ki bu hadisə qanunauyğundur, ya da nazirə qarşı təxribatdır, ya da əksinə zorakılıqdır, pislənməlidir, bu, onu göstərir ki, strukturlar arasında və yanaşmada ciddi problemlər var. Ona görə cəmiyyət bu hadisəyə bu dərəcədə kəskin reaksiya verdi. Amma bunun televiziyalarda işıqlandırılmaması əlbəttə ki, ciddi bir hadisədir. Yəni, media azadlığının, sərbəstliyinin və peşəkarlığın hansı səviyyədə olmasının göstəricisidir. Ən azı bunu müstəqil ekspertlərin iştirakı ilə müzakirə etmək olardı. Bu siyasəti müəyyənləşdirən adamlar başa düşməlidirlər ki, İnternet olan yerdə, gur işığın altında cərəyan edən hadisələr haqqında əgər cəmiyyətin bilgisi varsa, televiziya kanallarının bunu gizlətməsi və yaxud başqa formada təbliğati don geyindirməsinin zərərdən başqa heç nəyi yoxdur. Bunu ciddi şəkildə düşünmək lazımdır. Müəyyən korrektələr aparmaq lazımdır. Səhvləri demək lazımdır. Səhvləri etiraf etmək zəiflik əlaməti deyil, böyüklük əlamətidir. Bunu birdəfəlik anlamaq lazımdır.

-Yeri gəlmişkən, ölkədə İnternet üzərində fəaliyyət göstərən mediaların sayı get-gedə artır. Bu, bir tərəfdən insanları məlumatlandırmaq və rəqabət baxımından çox yaxşıdır. O biri tərəfdən isə onların bəzilərinin qeyri-peşəkar və standartlara uyğun olmayan fəaliyyəti tamaşaçılarda bu sahə üzrə əks fikir formalaşdırır. Siz bu tendensiyanı necə qiymətləndirirsiniz?

-Bizdə bu, bir trenddir. İnternet medialarının sayı getdikcə artır. İnsanların bir çoxu məlumatları İnternet mediadan alır. Söhbət peşəkar adamların məşğul olduğu İnternet mediadan gedir. Təəssüf ki, bizdə indi bəziləri iqtidarı söymək üçün, bir qismi isə hökumətin fəaliyyətini təbliğ etmək üçün İnternet mediadan istifadə edir. Ölkənin aparıcı partiyalarının demək olar ki, hamısının İnternet televiziyası var. Olsun. Amma bu, necə olmalıdır, hansı prinsiplər əsasında işləməlidir? O, media kimi, KİV kimi fəaliyyət göstərirsə standartları gözləyirmi? Peşəkar tələblərə əhəmiyyət verilirmi? Bunlar ciddi məsələdir. Ümumən İnternet mediasının inkişafı trendini müsbət qiymətləndirirəm. Bu, olmalıdır. Bu, olmalıdır ki, alternativ məlumat mənbələri yaransın. Vaxtilə yanlış siyasətlərdən biri o idi ki, tənqidi medianı boğurdular. “Azadlıq” qəzetini bağladılar. Nəticəsi nə oldu? Onun yetirmələri xaricdə televiziya təşkil etdilər. Burada “Azadlıq” qəzetini 4-5 min adam oxuyurdusa, xaricdən yayımlanan Qənimət Zahidin verilişini 200-300 min seyrçi izləyir. İmkan vermək lazımdır ki, insanlar sözlərini desinlər. Media sərbəst işləsin, tənqidləri desin, nöqsanları göstərsin. İnternet mediası üçün bu gün ən ciddi məsələlərdən biri onun etik öhdəliyinin olmamasıdır. O, KİV kimi fəaliyyət göstərirsə, mütləq qanunları gözləməlidir, bir də media etikasına əməl etməlidir. Bu, olmasa problemlər olacaq.

-Ölkədə televiziya məkanında, eləcə də mediada azadlığı bərpa etmək üçün nəyə ehtiyac var?

-Media azadlığını bərpa etmək üçün məsələyə yeni şüurla yanaşmaq lazımdır. Media çoxluğu, o jurnalistlər, saytlar, qəzetlər indi hamısı boynunu büküb göstəriş gözləyir. Bu düşüncə ilə, bu təfəkkürlə, bu yanaşma ilə yeni media yaratmaq və ya media azadlığını bərpa etmək mümkün deyil. Media nə qədər yemlənsə belə, yenə bunların gözləri kimlərinsə əlində olacaq. Ona görə tamamilə yeni düşüncəli insanlarla, təmənnasız, sözün həqiqi mənasında cəmiyyətə xidmət etmək istəyən media yaranmalıdır. O media normal şəkildə reklam bazarından faydalanmalıdır. Əgər iqtisadi və siyasi şərait təmin olunmasa heç vaxt media azadlığından danışa bilməyəcəyik. Azad və müstəqil media həm siyasi təsirlərdən kənarda olmalıdır, həm də onun iqtisadi bazası olmalıdır ki, normal şəkildə fəaliyyət göstərsin. Bunlar olmasa biz nə qədər bəzəkli, cazibədar təkliflər versək də, onlar həyata keçməyəcək. Media reallığın məhsuludur, cəmiyyətin güzgüsüdür. Bu güzgünün yaxşı göstərməsi üçün o, müstəqil, azad olmalıdır, siyasi təsirlərdən kənarda qalmalıdır və fəaliyyətinin iqtisadi əsası olmalıdır.

Bənzər yazılar

Back to top button