Siyasət

“Bütün baş verənlərə görə Paşinyan məsuliyyət daşıyır!” – Bəyanat

Yazar Aysel Əlizadənin təşəbbüsü ilə sosial şəbəkələrdə Azərbaycan ziyalıları adından bəyanat yayımlanıb.

Bəyanatda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhəddini pozaraq təxribat törətməsi və daha sonra baş verən hadisələrin xronikasından, əsgər və zabit heyətinin şəhid olmasından, habelə dinc sakinin öldürülməsindən bəhs edilir.

Baş verən hadisələrdən detallı bəhs edilən bəyanatda daha sonra xarici ölkələrdə azərbaycanlıların keçirdikləri aksiyalardan və baş verən erməni təxribatlarından danışılır:

“… dünyanın bir sıra ölkəsində azərbaycanlılar yürüşlər, aksiyalar keçirərək #stoparmenianaggression, “Qarabağ Azərbaycanındı!”, “İşğala son!” şüarları səsləndirərək, şəhid olan generalın şəkillərini qaldırıblar.

Orduya dəstək məqsədilə son 10 gündə 27 ölkədə 56 aksiya keçirilib.

Ermənilər isə aqressorluğa son vermək yerinə aksiyalarda haqlarını tələb edən azərbaycanlılara hücum çəkiblər. On nəfər azərbaycanlı xəsarət alıb. Onlardan dörd nəfər xəstəxanaya müraciət edib. Bundan sonra ABŞ Konqresində Azərbaycana qarşı sanksiya tətbiqinə nail ola bilməyən, əksinə Azərbaycanın xeyrinə qərarla qarşılaşan erməni lobbisi milyondan artıq erməninin yaşadığı Los-Anceles şəhərində Azərbaycan konsulluğuna hücum planlaşdırıb. Plandan xəbər tutan 50-yə yaxın azərbaycanlı konsulluğun qarşısına yığışaraq minlərlə ermənidən konsulluğun binasını qoruyublar. Lakin bu da onları dayandırmayıb. Ermənilər həmin 50 nəfərin üstünə cumaraq onlara xəsarət yetiriblər. Beş nəfər azərbaycanlı xəstəxanaya aparılıb. Eyni zamanda ermənilər tərəfindən Polşa, Niderland və Fransada azərbaycanlılara butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınları əzilərək aşırdılmağa cəhd edilib, Azərbaycan səfirliklərinin binalarına ziyan vurulub. Niderland polisinin onların qarşısını zorla aldığını göstərən kadrlar yayılıb.

Ardınca 22 iyulda Belçikanın paytaxtı Brüsseldə bir qrup erməni azərbaycanlı gənclərə saldırıb. Fiziki zorakılıq göstərib, Azərbaycan xalqını təhqir edib. Onlar bir azərbaycanlı gənci güdərək onu təkləyib, vəhşicəsinə döyərək videoya çəkib yayıblar. Həmin kadrları izləyən dünyanın hər yerində yaşayan azərbaycanlıların əsəbləri alt-üst olub. Bununla da ayrı-ayrı ölkələrdə iki xalqın üzvləri arasında qarşıdurmalar başlayıb. Bütün baş verənlərə görə birbaşa Ermənistan hakimiyyəti, erməni diasporu, baş nazir Nikol Paşinyan məsuliyyət daşıyır. İlk gündən Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq terrorçu davranışlarından əl çəkməyən Ermənistan bir daha qlobal təhlükə olduğunu sübut etdi. Xalqını azərbaycanlılara qarşı nifrətə sürükləyən, özünün olmadığı torpaqlara iddia edən, qonşuluğu düşmənçiliyə çevirən Ermənistan hökuməti xalqına təmkin çağırışı etməməsi ilə zorakılığa maraqlı olduğunu ortaya qoyur.

Azərbaycan ziyalıları olaraq Ermənistanın rəhbəri Nikol Paşinyandan təcili öz xalqına müraciət edərək təxribatları dayandırmağı, xarici ölkələrdə qarşıdurmalara səbəb yaratmamağı tələb edirik!”

Bəyanatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Bənzər yazılar

Back to top button